Azərbaycan alimi “CRDF Global”ın təşkilatçılığı ilə keçirilən seminarda iştirak edib

06 Oktyabr 2022 - 14:21 | Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev sentyabrın 21-22-də Türkiyənin İzmir şəhərində ABŞ Dövlət Departamentinin dəstəyilə “CRDF Global” təşkilatı tərəfindən keçirilən “Akademik dairələrdə kibertəhlükəsizlik imkanlarının təkmilləşdirilməsi üzrə seminar”da iştirak edib.

Akademik mühitdə kiberoğurluq məsələlərinə həsr olunmuş seminarın keçirilməsində məqsəd elmi-tədqiqat institutlarının yaranan kibertəhlükələrdən müdafiə və onlara cavab vermək istiqamətində imkanlarını artırmaqdır.

Seminar zamanı regiondakı akademik müəssisələrin rəhbər şəxsləri kibertəhlükəsizlik əlaqələri qurmaq, kiberoğurluğa qarşı nəzarət və ondan qorunmaq üçün həlləri bölüşmək imkanı əldə ediblər.

R.Alıquliyev seminarda müvəffəqiyyətlə iştirak etdiyinə görə sertifikatla təltif olunub.

Qeyd edək ki, tədbir Kibertəhlükəsizliyin Təkmilləşdirilməsi Qrantları (CySIG) çərçivəsində təşkil olunub. Qrant layihələrinin məqsədi Türkiyə və Azərbaycanda elmi tədqiqat institutlarında informasiya və kibertəhlükəsizlik səviyyəsini yüksəltməkdən ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.