Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın açılış mərasimi keçirildi

28 Sentyabr 2022 - 11:05 | Konfranslar, İclaslar

Sentyabrın 28-də Bakıda “JW Marriott Absheron Baku” hotelində “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) açılış mərasimi keçirildi.

Açılış mərasimində Azərbaycan dövlətinin yüksək vəzifəli şəxsləri, AMEA-nın elmi-tədqiqat institutlarının rəhbərləri, 50-yə yaxın ölkəni, o cümlədən müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssislər, eləcə də KİV nümayəndələri iştirak edirdilər.

GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan tədbirin keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.

Konfransda əvvəlcə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov çıxış edərək Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya olunması istiqamətində dövlətimiz tərəfindən uzun illərdir ki, ardıcıl və məqsədyönlü siyasətin həyata keçirildiyini, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında genişspektrli əməkdaşlığın tarixindən bəhs edən akademik bu əlaqələrin hüquqi əsasının 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulduğunu, 2004-cü ildən başlayaraq Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələlərdə yeni bir mərhələnin başladığını nəzərə çatdırdı.

Akademik A.Həşimov dünyada baş verən IV Sənaye İnqilabı nəticəsində bütün fəaliyyət sahələri kimi, elm və təhsil sahələrinin də yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirdi: “Azərbaycan dövləti ölkəmizdə IV Sənaye İnqilabı texnologiyalarının geniş və effektli tətbiqi ilə bağlı bir sıra addımlar atmaqdadır. Hesab edirəm ki, Azərbaycanın Avropaya inteqrasiyası baxımından bu texnologiyaların imkanları mühüm əhəmiyyət kəsb edir”.

Alimin sözlərinə görə, “EaPEC 2022” Azərbaycan elmi ictimaiyyətinin Avropa mühitinə inteqrasiyasını sürətləndirməklə yanaşı, azərbaycanlı alimlərə xarici həmkarları ilə birgə tədqiqatlar aparmağa, layihələr həyata keçirməyə və beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək.

Çıxışının sonunda akademik A.Həşimov belə bir nüfuzlu konfransın ölkəmizdə keçirilməsinin Avropa İttifaqının Azərbaycan dövlətinə və onun apardığı siyasətə etimadının göstəricisi olduğunu dedi.

Tədbirdə çıxış edən GEANT-ın baş direktoru Erik Huizer “EaPEC 2022” konfransının Azərbaycan elmi və təhsilinin inkişafı baxımından geniş imkanlar açdığını vurğuladı, konfransın yüksək səviyyədə təşkilinə görə İnformasiya Texnologiyaları İnstitutuna, eləcə də digər müvafiq qurumlara dərin minnətdarlığını ifadə etdi.

O, Azərbaycan dövlətinin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, alim və tədqiqatçılarımızın Avropanın elm və təhsil sahəsindəki resurs və xidmətlərindən daha səmərəli istifadəsinin təmin edilməsi istiqamətində lazımi köməkliyi göstərməyə hazır olduğunu bildirdi.

E.Huizer konfrans çərçivəsində iştirakçı ölkələrdən olan xüsusi ekspertlərin müxtəlif  mövzulara dair məruzələrinin dinləniləcəyini, həmkarlarla mühüm məsələlər üzrə təcrübə və fikir mübadiləsinin aparılacağını diqqətə çatdırdı.

Konfransda çıxış edən Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm, təhsil və yüksəkixtisaslı, savadlı kadrların hazırlığı istiqamətində yürütdüyü siyasətdən danışdı. Bildirdi ki, məhz bu sahədə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, artıq Azərbaycanda dünyanın nüfuzlu qurumlarının təşkilatçılığı ilə beynəlxalq elmi tədbirlərin keçirilməsi ənənəvi hal alıb.

Elm və təhsil nazirinin müavini bu tədbirin Azərbaycan elmi və təhsilinin inkişafı üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırdı, dünyada sürətlə inkişaf edən informasiya texnologiyalarının ölkəmizin elm və təhsil sistemi qarşısında yeni tələblər qoyduğunu bildirdi. O, belə bir nüfuzlu tədbirin keçirilməsinin Şərq Tərəfdaşlığı ölkələri arasında elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi və gücləndirilməsi baxımından son dərəcə vacib olduğunu qeyd etdi.

“EaPConnect” layihəsi çərçivəsində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədilə təşkil olunan, e-elm və e-infrastruktur məsələlərinin müzakirə olunacağı “EaPEC 2022” konfransının ölkəmizdə keçirilməsi Azərbaycan elminin inkişafına mühüm töhfələr verəcək”, – deyə o, əlavə etdi.

F.Qurbanov “EaPEC 2022”nin həm də Azərbaycan elmi və təhsilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından geniş imkanlar açacağına əminliyini bildirdi.

Konfransın açılış mərasimində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov daçıxış edərək tədbir iştirakçılarını salamladı. O, Şərq Tərəfdaşlığı ölkələrinin informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayaraq tədbirin Azərbaycan elmi və təhsilinin dünyanın müvafiq sahədə fəaliyyət göstərən nüfuzlu qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində yeni imkanlar açacağına inamını ifadə etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz siyasətində elm və təhsilin inkişafına xüsusi diqqət ayırdığını, son illər müvafiq sahədə ciddi nailiyyətlərin əldə olunduğunu, Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndiyini vurğuladı.

“İki gün ərzində konfransda təqdim olunacaq məruzələr, aparılacaq müzakirələr şübhəsiz ki, Azərbaycan və Avropa ölkələri arasında elmi əlaqələrin daha da yaxınlaşması və genişlənməsinə ciddi təkan verəcək”, – deyə natiq fikrini tamamladı.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov da çıxış etdi. O, “EaPEC 2022” konfransının elmi-texniki kadrların hazırlanması və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın təşkili, birgə elmi tədqiqatların həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılması, Azərbaycanda əldə olunmuş mühüm elmi nailiyyətlərin Avropa ictimaiyyətinə təqdim olunması baxımından son dərəcə əhəmiyyətli olduğunu diqqətə çatdırdı.

Sonra Şərq Tərəfdaşlığı ölkələri ilə rəqəmsal və iqtisadi əməkdaşlıq üzrə proqram meneceri Tibault Şarlet çıxış edərək tədbirin Şərq Tərəfdaşlığı ölkələri üçün əhəmiyyətindən bəhs etdi. Azərbaycanın elmi-tədqiqat müəssisələri, ali təhsil qurumları və müvafiq dövlət təşkilatlarının diqqətinin bu konfransa cəlb olunmasını yüksək qiymətləndirdi, tədbirin Şərq Tərəfdaşlığı ölkələri arasında əlaqələrin yüksələn xətlə inkişafına töhfə verəcəyinə əminliyini bildirdi.

O, konfrans ərzində müxtəlif mövzularda səmərəli müzakirələrin aparılacağına, gələcək üçün yeni elmi tədqiqatlar və layihələrin əsasının qoyulacağına inamını ifadə etdi.

Daha sonra “EapConnect” layihəsinin meneceri İrina Metyu Şərq Tərəfdaşlığı ölkələri arasında elm, təhsil və tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan “EaPEC 2022” konfransının əhəmiyyətindən danışdı. İnformasiya Texnologiyaları İnstitutunun Avropanın elm və təhsil layihələrinə qoşulması üçün yaradılmış şəraiti yüksək qiymətləndirən İ.Metyu institut ilə birgə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduqlarını bildirdi.

İ.MetyuAzərbaycanın elmi-tədqiqat müəssisələri, ali təhsil qurumları və müvafiq dövlət təşkilatlarının konfransda fəal iştirakının vacibliyini vurğulayaraq, tədbirin beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirmək baxımından da geniş imkanlar yaradacağına inandığını qeyd etdi.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev də çıxış edərək, beynəlxalq konfransın qonaqlarını, tədbir iştirakçıları və media nümayəndələrini salamladı.

Bəzi tarixi faktları konfrans iştirakçılarının diqqətinə çatdıran akademik Azərbaycan Respublikasının 2009-cu ildə Avropa Birliyinin Şərq Tərəfdaşlığı təşəbbüsünə qoşulan ölkələrdən biri olduğunu, bu tərəfdaşlıq çərçivəsində ölkəmizin Avropa Birliyi ölkələri və institutları ilə müxtəlif sferalarda əməkdaşlıq münasibətləri qurduğunu söylədi.

Alim Azərbaycanın 2010-cu ildən GEANT Assosiasiyasında İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet şəbəkəsi vasitəsi ilə təmsil olunduğunu dedi.

R.Əliquliyev Azərbaycanda “EaPConnect” layihəsinə 2015-ci ildən start verildiyini bildirərək ötən müddət ərzində bu layihə çərçivəsində həyata keçirilmiş mühüm işləri diqqətə çatdırdı, Avropa Komissiyasına, GEANT və “EaPConnect” layihəsinin menecerlərinə göstərdikləri dəstəyə görə dərin minnətdarlığını bildirdi.

“Ölkəmizin elm və təhsil ictimaiyyəti “EaPConnect” layihəsinin imkanlarından daha çox yararlana bilərdi”, – deyən AMEA-nın vitse-prezidenti Azərbaycanda alimlərin, müəllimlərin, tələbələrin qarşısında duran əsas problemlərdən söz açdı, ölkəmizin elm və təhsil ictimaiyyətinin dünya elminə daha sürətli inteqrasiyası istiqamətində konkret təkliflər irəli sürdü.

Akademik iki gün ərzində elm və təhsil üçün mühüm əhəmiyyət kəsb edən, qlobal çağırışlar və rəqəmsal transformasiyalar kontekstində əhəmiyyətli məruzələrin təqdim olunacağını dedi, konfransın işinə uğurlar dilədi.

Sonra konfrans öz işini seksiya iclasları ilə davam etdirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.