AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şuranın iclasında 15 saylı şöbənin illik hesabatı dinlənildi.
Şöbə müdiri texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, respublika və beynəlxalq səviyyəli konfrans və simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitabların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği, beynəlxalq elmi əməkdaşlıq, elmi-təşkilati fəaliyyət və s. ilə bağlı görülən işlər haqqında məlumat verdi.
M.Məmmədova əmək bazarında İT mütəxəssislərə tələb və təklifin intellektual idarə olunması istiqamətində qeyri-səlis modelləşdirmə əsasında İT mütəxəssislərin kompetensiyalarının qiymətləndirilməsi, qeyri-müəyyənlik şəraitində İT mütəxəsislər bazarında tələb və təklifin intellektual texnologiyalar əsasında uyğunlaşdırılması model və metodları, İT profilli təhsilin əmək bazarının konyunkturasına relevantlığının intellektual idarə edilməsi sisteminin arxitekturası və transaksiya sxeminin işlənildiyini və bu istiqamətdə tədqiqatların davam etdirildiyini bildirdi.
İnformasiya cəmiyyətinin formalaşması, informasiya texnologiyaları, dünya təhsil sistemi və metodoloji mühitin inkişafı şəraitində təhsilin virtualizasiyası prosesinın əhəmiyyətindən danışan məruzəçi bunun ənənəvi tədrisin distant təhsildən virtual təhsilə keçidindən ibarət olan obyektiv proses olduğunu önə çəkdi. O, elektron universitetin fəaliyyət konsepsiyasının model və metodlarının işlənilməsinin vacibliyini vurğuladı. Bu məqsədlə informasiya məkanına inteqrasiya olunmuş univesitet modellərinin tədqiqi və təsnifləndirilməsi, informasiya cəmiyyəti şəraitində intellektual elektron universitetlərin qurulması prinsipləri və konseptual modelinin işlənilməsi istiqamətində əldə olunan nəticələri diqqətə çatdırdı.
M.Məmmədovanın sözlərinə görə, insan resurslarının idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənilməsi ilə bağlı aparılan işlər artıq bir neçə ildir ki, şöbənin elmi-fəaliyyətinin prioritet istiqamətlərindəndir: “Bu məqsədlə təşkilatda insan resurslarının idarə olunması qərarlarının intellektual dəstəklənməsini tələb edən məsələlərin modelləşdirilməsi, çoxkriteriyalı optimallaşdırma metodları, biliklərin alınması, emalı və analizi metodlarının işlənilməsi istiqamətdə uğurlu nəticələr alınmış və alınan nəticələr nüfuzlu elmi jurnallarda öz əksini tapmışdır”.
Məruzəçi bildirdi ki, cari ildə şöbədə elektron tibb sahəsində beynəlxalq təcrübə araşdırılmış, bu istiqamətində mövcud problemlər və onların elmi həll yolları, respublikada mövcud vəziyyət tədqiq edilmişdir.
M.Məmmədova elmi-innovasiya işləri çərçivəsində “Azərbaycan Respublikasının İKT sahəsində kadr potensialı barədə məlumat sisteminin işlənməsi” layihəsinin reallaşdırılmasından alınan nəticələrin elmi-analitik təhlillərindən alınan nəticələri əks etdirən kitabın hazırlanması istiqamətində işlərin aparıldığını bildirdi.
Şöbə müdiri cari ildə “SOCAR üçün intellektual informasiya texnologiyalarının tətbiqi ilə insan resurslarının səmərəli idarə olunması problemlərinin həlli mexanizmlərinin işlənilməsi” layihəsinin uğurla yerinə yetirildiyini söylədi. Bu il aparılan elmi-tədqiqat və innovasiya işlərindən alınan nəticələrin 11 beynəlxalq və respublika səviyyəli nüfuzlu konfrans və simpoziumda müzakirə olunduğunu, nüfuzlu jurnallarda nəşr edilmiş 8 məqalədə öz əksini tapdığını dilə gətirdi.
Sonda M.Məmmədova şöbədə aparılan elmi-tədqiqat işlərinə gənc kadrların cəlb edilməsi ilə bağlı problemlərin mövcud olduğunu nəzərə çatdırıb.
Müzakirələrdə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika elmləri doktoru Ramiz Alıquliyev çıxış edərək təklif və tövsiyələrini səsləndirdilər. Elmi Şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.