Bakıda “EaPEC 2022” konfransı keçiriləcək

18 Avqust 2022 - 10:00 | Elanlar
Bakıda “EaPEC 2022” konfransı keçiriləcək

Sentyabrın 28-29-da Bakıda “EaPEC 2022” (The 5th Eastern Partnership E-infrastructure Conference – 5-ci Şərq Tərəfdaşlığı E-infrastruktur) beynəlxalq konfransı keçiriləcək.

Avropa ölkələrinin alim və mütəxəssislərini bir araya gətirəcək tədbir GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılacaq.

Konfransın keçirilməsində məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.

Azərbaycan elmi və təhsilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından geniş imkanlar açan “EaPEC 2022” konfransı müxtəlif ölkələrdən olan xüsusi ekspertlərin müvafiq mövzulara dair təqdimatlarının dinlənilməsi, həmkarlarla mühüm məsələlər üzrə təcrübə və fikir mübadiləsinin aparılması, Azərbaycan elminin Avropanın intellektual cəmiyyətinə effektiv şəkildə inteqrasiyasının təmin olunması baxımından mühüm platforma rolunu oynayacaq.

Qeyd edək ki, konfrans çərçivəsində İnformasiya Texnologiyaları İnstitutunda "workshop"ların keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.