GEANT Assosiasiyasının e-səhiyyə işçi qrupunun iclası keçirilib

08 İyul 2022 - 10:03 | Konfranslar, İclaslar
GEANT Assosiasiyasının e-səhiyyə işçi qrupunun iclası keçirilib

İyulun 5-6-da GEANT Assosiasiyasının e-səhiyyə işçi qrupunun iclası keçirilib. İspaniyanın Malaqa Universitetində hibrid formada təşkil olunmuş tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova və onun rəhbərlik etdiyi şöbənin əməkdaşları iştirak ediblər.

İclasda çıxış edən Assosiasiyanın səlahiyyətli nümayəndəsi Mario Reale ötən dövr ərzində işçi qrupun fəaliyyəti, aparılan tədqiqatların, icra edilən layihələrin nəticələri haqqında məlumat verib. O, Milli Elm və Təhsil Şəbəkələrinin (National Research and Education Network – NREN) yaradılmasında işçi qrupun fəaliyyətinin daha yaxşı təşkil edilməsi, milli səviyyədə aparılan işlər barədə daha ətraflı məlumat əldə edilməsi imkanlarından danışıb. İclasda işçi qrupun fəaliyyətinin uğurlu nəticələnməsi üçün uzunmüddətli perspektivlər haqqında geniş müzakirə təşkil edilib.

İclasın ikinci günü elektron tibdə təhlükəsizlik və konfidensiallıq problemlərinə həsr edilib. “Konfidensiallığa giriş”, “Konfidensiallığın tibbi xidmətlərə və fərdi verilənlərin emalına təsiri”, “Təhlükəsizlik: resurs və servislərini necə qorumalı?”, “Anonimizasiya və psevdoanonimizasiya metodları” və digər mövzularda məruzələr dinlənilib, ətraflı fikir mübadiləsi aparılıb.

Müzakirələrdə İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da iştirak edərək məruzəçilərə onları maraqlandıran sualları ünvanlayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.