Məlum olduğu kimi, AR Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 12 mart 2022-ci il tarixli Qərarına əsasən, 2023-2024-cü tədris ilində I ixtisas qrupu üzrə riyaziyyat-informatika altqrupuna daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər 2-ci mərhələdə fizika, riyaziyyat və informatika fənlərindən imtahan verəcəklər.
Ali təhsil müəssisələrinə qəbulda informatika fənninə yeni status verilməsi qəbula hazırlaşan abituriyentlər, bu fənni tədris edən müəllimlər üçün yeni tədris vəsaitlərinə zərurət yaratmışdır. Bu məqsədlə Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə və AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi İsmayıl Sadıqovun həmmüəllifi olduqları tədris vəsaitinin 1-ci hissəsi nəşr olunub.
17 bölmədən ibarət olan kitab materialın həcmi nəzərə alınaraq 2 hissəyə ayrılmışdır. Hər bir bölmə bir neçə mövzudan ibarətdir. Hər bir mövzuya uyğun verilmiş nəzəri materiallar çoxsaylı nümunələrlə (testlərlə) müşayiət olunmuşdur. Məsələ həlli tələb edən mövzularda müvafiq həcmdə nümunələr təqdim edilmişdir. Mövzunun sonunda mənimsəməni dərinləşdirmək, möhkəmləndirmək və dəyərləndirmək üçün “Müstəqil qiymətləndirmə tapşırıqları”, hər bölmənin sonunda isə “Ümumiləşdirici tapşırıqlar” verilmişdir.
“Bakı” nəşriyyatı tərəfindən yüksək səviyyədə dizayn edilərək nəşr olunmuş dərslik, ilk növbədə, 2023-2024-cü tədris ilində “İnformatika” fənnindən qəbul imtahanı verəcək məktəblilərin (abituriyentlərin) həmin imtahana sistemli şəkildə hazırlaşmaları üçün nəzərdə tutulmuşdur. Kitabın hazırlanmasında qəbul imtahanının proqramı və imtahan modeli, eləcə də hazırda istifadədə olan V-XI siniflər üçün “İnformatika” dərslikləri əsas götürülmüşdür. Sadə və anlaşıqlı dildə yazılmış kitabda mənimsəməni asanlaşdıracaq sxem, şəkil və illüstrasiyalar təsvir edilmişdir. Bu da müxtəlif səviyyəli məktəblilərin imtahana səmərəli hazırlaşmalarına yardım edəcək.
Kitab ümumtəhsil məktəblərinin V-XI siniflərində informatika fənnini tədris edən müəllimlər üçün də əvəzsiz tədris vəsaiti olacaq. Belə ki, eyni bölməyə aid olan, lakin kurrikuluma uyğun olaraq, “İnformatika” dərsliklərinin ümumi təhsil pilləsinin fərqli səviyyələrinə (siniflərinə) paylanmış bir sıra mövzular burada sistemli şəkildə verilmiş və daha ətraflı izah edilmişdir.
Bundan başqa, sözügedən tədris vəsaitindən yuxarı sinif şagirdləri və ali təhsil müəssisələrində “İnformasiya texnologiyalarının əsasları” fənnini öyrənən tələbələr də yararlana biləcəklər. Kitab informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə maraqlanan geniş oxucu kütləsi üçün də faydalı olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.