Akademik Rasim Əliquliyev GEANT Assosiasiyasının Baş Assambleyasının və “TNC22” beynəlxalq konfransının iclaslarında iştirak edib

30 İyun 2022 - 16:00 | Konfranslar, İclaslar

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev 13-17 iyun 2022-ci il tarixlərində İtaliyanın Triest şəhərində keçirilən “Terena Networking Conference” (TNC22) beynəlxalq konfransı və GEANT Assosiasiyasının Baş Assambleyasının iclaslarında iştirak edib.

COVID-19 pandemiyası ilə əlaqədar olaraq son 2 ildə onlayn rejimdə keçirilən konfrans bu dəfə hibrid formatda təşkil edilib. Tədbirdə 69 ölkədən 735 mütəxəssis iştirak edib, 500-dən çox iştirakçı isə konfransa onlayn şəkildə qoşulub. 5 gün davam edən konfransda iştirakçılara elmi və texniki sahə ilə yanaşı, tətbiqi və idarəetmə sahələri üzrə tədqiqat şəbəkələrinin ən son nailiyyətləri barədə məlumat təqdim edilib, xüsusi maraq qruplarının interaktiv seminarları keçirilib və müxtəlif sərgilər təşkil olunub.

Konfrans çərçivəsində təşkil edilmiş sərgilərdə iştirak edən akademik Rasim Əliquliyev müvafiq təşkilatlar tərəfindən təqdim edilən xidmətlərlə tanış olub. Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun müvafiq qurumlarla əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

GEANT Assosiasiyası tərəfindən təşkil olunan “TNC22” beynəlxalq konfransı Avropa elm və təhsil şəbəkələri üzrə ən böyük və nüfuzlu konfrans hesab edilir. Hər il keçirilən konfransda 800-dən çox mütəxəssis iştirak edir. Konfrans Avropanın bütün aparıcı şəbəkə təşkilatlarını, ali təhsil müəssisələrini, şəbəkə mütəxəssislərini, ekspertləri, eləcə də sənaye nümayəndələrini bir araya gətirir. Növbəti “Terena Networking Conference” beynəlxalq konfransının 4-9 iyun 2023-cü il tarixlərində Albaniyanın paytaxtı Tirana şəhərində keçirilməsi nəzərdə tutulur.

Akademik Rasim Əliquliyev, həmçinin iyunun 13-də GEANT Assosiasiyasının Baş Assambleyasının iclasında iştirak edib. İclasda üzvlük məsələləri barədə məlumat verilib, o cümlədən, 2021-ci il üzrə illik və maliyyə hesabatı təsdiq olunub. Əqli mülkiyyət hüquqları sahəsində siyasət və Avropa İttifaqı ilə əlaqələr üzrə son yeniliklər tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Tədbirdə çıxış edən akademik Rasim Əliquliyev 28-29 sentyabr 2022-ci il tarixlərində Bakıda keçiriləcək “EaPEC 2022” beynəlxalq konfransının təşkilat komitəsinin GEANT Asossiasiyası tərəfindən müəyyən olunmuş üzvləri, konfransın təşkili ilə bağlı görülmüş işlər, sessiya mövzuları, eləcə də konfransa qədər həyata keçirilməsi zəruri olan digər təşkilati məsələlər barədə məlumat verib və iclasda iştirak edən aparıcı alim və mütəxəssisləri konfransda iştiraka dəvət edib.

Qeyd edək ki, GEANT Avropanın 36 Milli Elm və Təhsil Şəbəkəsini birləşdirən assosiasiyadır. GEANT Assosiasiyasında və onun tərəfdaş olduğu layihələrdə Azərbaycanı müvafiq dövlət qurumlarının (AMEA, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Təhsil Nazirliyi) rəsmi dəstəyi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu təmsil edir.

GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə regional şəbəkənin yaradılması və bu ölkələrin Avropanın elektron elm infrastrukturuna qoşulması üçün Avropa Komissiyası “EaPConnect” (Eastern Partnership Connect) layihəsini maliyyələşdirməyə qərar vermişdir. Layihənin əsas hədəfi Şərq Tərəfdaşlığı regionundakı bütün ölkələri əhatə edən elektron elm infrastrukturu yaratmaq və bu regionda yaşayan və fəaliyyət göstərən alim, gənc tədqiqatçı, müəllim və tələbələrə Avropa Birliyi ilə daha da sıx əməkdaşlıq imkanları təqdim etməkdir. “EaPEC 2022” beynəlxalq konfransı “EaPConnect” layihəsi çərçivəsində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna) elm və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədilə təşkil olunur.

GEANT Assosiasiyası ilə sıx əməkdaşlıq edən İnformasiya Texnologiyaları İnstitutu milli elm və təhsil şəbəkəsi olan “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin inkişafına nail olmuşdur. Hazırda AzScienceNet elektron infrastrukturu vasitəsilə AMEA-nın bütün elmi müəssisə və təşkilatlarına qabaqcıl şəbəkə texnologiyaları və xidmətləri təqdim edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.