Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası və Yeni Azərbaycan Partiyası AMEA Rəyasət Heyəti Aparatının Ərazi təşkilatı 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP AMEA Rəyasət Heyəti Aparatının Ərazi təşkilatının sədri texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov Azərbaycan Silahlı Qüvvəllərinin keçdiyi tarixi yoluna qısa şəkildə nəzər salıb, 44 Günlük Vətən Müharibəsində qazanılan şanlı qələbədən danışıb. Daha sonra çıxış üçün söz AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayevə verilib. Natiq öz çıxışında Azərbaycan Silahlı Qüvvəllərinin peşəkar hazırlığından və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin ordumuza olan diqqət və qayğısından danışıb.
Daha sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi katibi, İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova “Azərbaycanın ordu quruculuğu” mövzusunda məruzəsi ilə çıxış edib. O Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il tarixli qərarı ilə Azərbaycan Milli Ordusunun yaradılmasına başlandığını, ulu öndər Heydər Əliyevin 1998-ci il tarixli Fərmanına əsasən iyunun 26-nın Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildiyini deyib. Bildirib ki, həmin gündən etibarən müstəqil Azərbaycan dövləti hər il 26 iyunu Silahlı Qüvvələr Günü kimi qeyd edir.
Aysən Fərəcova, sentyabrın 27-nin hər bir azərbaycanlının yaddaşına qələbənin başlanğıc günü kimi həkk olunduğunu deyib. Məhz həmin gün neçə-neçə gəncimizin könüllü olaraq cəbhəyə yollandığını, ərazi bütövlüyümüz uğrunda döyüşlərə qatıldığını söyləyərək, anaların öz övladlarını xeyir-dua ilə cəbhəyə yola salmasını Azərbaycan qadınının məğrurluq göstəricisi kimi qiymətləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.