AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin onlayn elmi seminarı keçirilib. Şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev tədbirin “Fuzzy c-means klasterləşdirmə alqoritmi” mövzusuna həsr olunduğunu diqqətə çatdırıb.
Məruzəni təqdim edən institutun kiçik elmi işçisi Eltun Əhmədov bildirib ki, ilk dəfə 1973-cü ildə C.Dunun təklif etdiyi fuzzy c-means alqoritmi 1981-ci ildə C.Bezdek tərəfindən təkmilləşdirilmişdir. Müvafiq alqoritm verilənlər çoxluğunun iterativ olaraq yenilənəcək klaster mərkəzləri ilə üzvlük dəyərlərinə sahib olması yanaşması ilə ən məşhur qeyri-səlis klasterləşdirmə üsullarından biridir.
“Bir çox hallarda qeyri-səlis klasterləşmə sərt klasterləşmədən (k-means) daha təbiidir. Bir neçə sinif arasındakı sərhədlərdə olan obyektlər siniflərdən birinə tam aid olmağa məcbur edilmir, əksinə onların qismən üzvlüyünü göstərən 0 ilə 1 arasında üzvlük dərəcələri verilir. Fuzzy c-means alqoritmi k-means ilə müqayisədə hesablama üçün daha çox vaxt tələb edir”, – deyə E.Əhmədov söyləyib.
Fuzzy c-means alqoritminin Big Data, maşın təlimi, maliyyə və s. kimi sahələrdə tətbiqi haqqında danışan məruzəçi onun iş prinsipini nümunələrlə izah edib.
Mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Sonda şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev çıxış edərək, müvafiq istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib, nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda yeni məqalələrin dərc olunmasının zəruriliyini qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.