AMEA-nın gənc alimləri valideyn himayəsindən məhrum olmuş uşaqları ziyarət ediblər

02 İyun 2022 - 11:11 | Mühüm hadisələr

Məlumdur ki, Azərbaycanda uşaq hüquqlarının qorunması və cəmiyyətimizin bu istiqamətdə maarifləndirilməsi ilə bağlı çoxsaylı layihə və proqramlar həyata keçirilməkdədir. Ölkəmizdə bütün kateqoriyadan olan uşaqların, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsili, milli ruhda təlim-tərbiyəsi, dünyagörüşünün formalaşması və sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzində olublar.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi katibi, İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova və gənc alimlər mərkəzdə yerləşdirilmiş valideyn himayəsindən və qayğısından məhrum olan uşaqlarla görüşüb, sığınacağa ərzaq məhsulları, geyim və oyuncaqlardan ibarət sovqat təqdim ediblər.

Şura üzvləri Reinteqrasiya Mərkəzində uşaqlar üçün yaradılmış şəraitlə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.