Mobil qurğularda enerji sərfiyyatının azaldılmasını təmin edən strategiya təklif edilib

02 İyun 2022 - 09:46 | Yeni nəşrlər
Mobil qurğularda enerji sərfiyyatının azaldılmasını təmin edən strategiya təklif edilib

Son dövrlərdə şəbəkəyə qoşulan mobil telefonların və IoT cihazların sayının sürətlə artması İnternet şəbəkəsinin əlaqə kanalının ötürücülük qabiliyyətinin aşağı salır, nəticədə uzaqda yerləşən buludlarda emal olunan məlumatların istifadəçiyə çatdırılmasında gecikmələr yaranır.

Bu barədə nüfuzlu “International Journal of Computer Network and Information Security” (IJCNIS) jurnalında çap olunmuş “Mobil hesablama buludlarında Cloudlet-lərin texniki xarakteristikalarına görə klasterləşdirmə metodu” (Clustering Method of Mobile Cloud Computing According to Technical Characteristics of Cloudlets) adlı məqalədə məlumat verilib. Məqalənin müəllifi AMEA İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovdur.

Tədqiqat işində qeyd olunub ki, mobil qurğularda resurs qıtlığını, enerji sərfiyyatını və əlaqə kanallarında yaranan gecikmələri aradan qaldırmaq üçün sərhəd hesablama sistemlərindən (cloudlet, fog computing və s.) istifadə edirlər. Sərhəd hesablama sistemlərində emaledici qurğular (kompüterlər) istifadəçilərə yaxın yerləşdirilir. Əlaqə kanallarında gecikmələri və mobil qurğularda enerji sərfiyyatını azaltmaq üçün cloudlet əsaslı mobil hesablama buludlarından geniş istifadə edirlər. İstifadəçilərin tətbiqi proqramlarının cloudlet çoxluğunda sürətlə yerinə yetirilməsini təmin edən ən uyğun cloudlet-in seçilməsi hələ də böyük bir problemdir.

Məqalədə tətbiqi proqramların mürəkkəblik dərəcəsini (faylın növü) nəzərə almaqla onların sürətli həllini təmin edən, hesablama məhsuldarlığı yüksək olan cloudlet-in seçilməsi strategiyası təklif edilmişdir. Müxtəlif texniki imkanlara malik olan coxsaylı cloudlet-lər çoxluğundan istifadəçinin tətbiqi proqramının daha sürətli emalını təmin edən cloudlet-in seçilməsi metodu təklif edilmişdir. İstifadəçinin tətbiqi proqramlarının müxtəlif texniki imkanlara (işləmə tezliyi, nüvələrin sayı, əməli yaddaşın həcmi və s.) malik cloudlet-lərdə həlli vaxtı da müxtəlif olur. Təklif edilən metod  istifadəçinin tətbiqi proqramının daha sürətli həllini təmin edir. İstifadəçilərin tətbiqi proqramları növlərinə görə qruplaşdırılır və qrupların sayına uyğun cloudlet-lər çoxluğu klasterləşdirilir.

“Klasterləşmə ilkin olaraq cloudlet-lərin işləmə tezliyinə, daha sonra nüvələrin sayına və əməli yaddaşın həcminə uyğun parametrlərə əsasən aparılır. Təklif olunan metoddan istifadə edərək tətbiqi proqramların daha sürətli emalını təmin etməklə mobil qurğuların enerji istehlakının azalmasını təmin etmiş oluruq. Beləliklə, təklif edilən strategiya mobil qurğularda enerji sərfiyyatının azaldılmasını, nəticələrin sürətli emalını və şəbəkədəki gecikmələrin azaldılmasını təmin edir”, - deyə məqalədə bildirilib.

Qeyd edək ki, “Computer Network and Information Security” jurnalı “Scopus”, “Google Scholar”, “Microsoft Academic Search”, “CrossRef”, “Baidu Wenku”, “IndexCopernicus”, “IET Inspec”, “EBSCO”, “JournalSeek”, “Academic Journals Database”, “Stanford University Libraries”, “CNKI Scholar”, “Open Access Articles”, “Open Science Directory”, “National Science Library of Chinese Academy of Sciences” və digər nüfuzlu elmi bazalarda indeksləşir və referatlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.