Bakıda TEKNOFEST Aerokosmik və Texnologiya Festivalının bağlanış mərasimi keçirilib.
Festivalın bağlanış mərasimində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar, eləcə də Azərbaycanın və Türkiyənin bir sıra digər nazirləri iştirak ediblər.
4 gün ərzində, mayın 26-29-da festivalda Türkiyə və Azərbaycan şirkətlərinin beynəlxalq sərgiləri, əyləncə proqramları, aviaşoular və bir sıra digər tədbirlər təşkil olunub.
Xatırladaq ki, “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində keçirilən sərgidə AMEA üçün geniş pavilyon ayrılıb. Pavilyonda AMEA-da aparılan tədqiqatların nəticəsi olan yüksək texnologiyalar təqdim edilib. Sərgidə AMEA İnformasiya Texnologiyaları İnstitutunun “Industry 4.0” texnologiyalarına əsaslanan innovativ layihələri də nümayiş olunub.
Sərgiyə institut tərəfindən təqdim olunan “Dəniz neft və qaz platformalarında çalışan işçilərin sağlamlığının və təhlükəsizliyinin intellektual idarə olunması sistemi”, “Vətəndaş məmnuniyyəti əsasında göstərilən dövlət xidmətlərinin qiymətləndirilməsi”, “Bulud texnologiyalarında böyük verilənlərin effektiv analizi və kiberhücumların aşkarlanması üsullarının işlənməsi”, “Böyük həcmli verilənlərin (Big Data) intellektual analizi üçün paralelləşdirilmiş k-means alqoritmi” layihələri həm dövlət rəsmiləri, həm də yerli və xarici ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.