İnstitutun gənc tədqiqatçıları beynəlxalq konfransda yüksək nəticələr əldə ediblər

26 May 2022 - 16:27 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransında uğurlu nəticələr əldə ediblər.

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransları başa çatıb.

Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransları 18-29 aprel tarixlərində “Neft-qaz geologiyası və mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi-2022”, “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” mövzularında keçirilib. Bu il konfranslara 238 tezis seçilərək qəbul olunub.

Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun gənc tədqiqatçıları məruzələrlə çıxış edərək qaliblər siyahısında yer alıblar.

Belə ki, institutun doktorantı Orxan Vəlixanlı beynəlxalq konfransda “Kibertəhlükəsizliyin təmin olunması üçün PUA naviqasiyasında istifadə olunan mövcud metodların analizi” adlı məruzəni təqdim edib. O, bildirib ki, pilotsuz uçuş aparatlarının (PUA) kibertəhlükəsizliyinin müxtəlif aspektləri vardır ki, bunlardan ən aktualı naviqasiya sistemləri ilə əlaqəlidir. Naviqasiya sistemində yaranmış hər hansı bir problem PUA-nın idarəetməni itirməsinə, qəzaya uğramasına və hətta insanlara zərər verməsinə səbəb ola bilər.

O.Vəlixanlı beynəlxalq konfransda ən yaxşı məruzəyə görə 1-ci yerə layiq görülüb.

“Sistemli analiz və modelləşdirmə; təsvirlərin və siqnalların emalı; intellektual sistemlər və idarəetmə” bölməsində institutun magistrantı Elmurad Həsənov “Sentiment analiz metodları” mövzusunda təqdim etdiyi məruzəyə görə 2-ci yerin qalibi olub.

O, məruzədə sosial şəbəkələrin sürətli inkişafı ilə son zamanlar çox populyar tədqiqat mövzusuna çevrilmiş sentiment analiz metodlarından bəhs edib. Həmçinin sentiment analizin yaranma tarixi, terminoloji aspektləri, səviyyələri və sentiment analizdə tətbiq olunan bəzi maşın təlimi metodları haqqında ətraflı məlumat verib, bu sahədə olan problemlərdən danışıb.

Digər gənc tədqiqatçı Nuranə Xosuzadə isə “Texnoparklarda istehsal-xidmət fəaliyyətinin modelləşdirilməsi” mövzusunda çıxış edib. O, beynəlxalq tədbirdə təqdim etdiyi məruzəyə görə 3-cü yerdə qərarlaşıb.

Məruzədə rəqəmsal transformasiyalar şəraitində innovativ elm-sənaye texnoparklarının formalaşması xüsusiyyətləri təhlil olunmuşdur. Rəqəmsallaşdırılmanın və innovasiyaların tətbiqinin genişləndirilməsinin vacibliyi əsaslandırılmışdır. Əşyaların İnterneti, 5G, robotlaşma, Big Data, bulud, Süni intellekt texnologiyalarının tətbiqinin aktuallığı qeyd olunmuşdur. Rəqəmsal və innovativ iqtisadiyyatın inkişafında yüksək texnologiyalar və innovasiyalı müəssisələrin  xüsusi rola malik olması göstərilmişdir. Yüksək texnologiyaların istehsal olunduğu texnoparklarda istehsal-xidmət fəaliyyətinin effektiv idarə olunması, innovativ məhsul/xidmət istehsalının modelləşdirilməsi məsələləri araşdırılmışdır.

Qeyd edək ki, III Beynəlxalq Tələbə Tədqiqat və Elm Konfranslarında Bakı Ali Neft Məktəbinin tələbələri ilə yanaşı, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti,  Milli Aviasiya Akademiyası, Bakı Mühəndislik Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Orta Doğu Texniki Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası və AMEA-nın institutlarının gənc tədqiqatçıları məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.