Yaşlı insanların həyatının asanlaşdırılması üçün kiberfiziki sistemlərdən istifadə edilir

20 May 2022 - 12:22 | Konfranslar, İclaslar
Yaşlı insanların həyatının asanlaşdırılması üçün kiberfiziki sistemlərdən istifadə edilir

2020-ci ildə Birləşmiş Millətlər Təşkilatının hazırladığı “Dünya Əhalisinin Yaşlanması” hesabatına əsasən, dünyada yaşı 65 və yuxarı olan şəxslərin sayı 727 milyon nəfər təşkil edib. Hesabata əsasən, bu rəqəmlərin 2050-ci ilə qədər 1.5 milyard olacağı proqnozlaşdırılır.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi seminarında institutun doktorantı Orxan Vəlixanlı məlumat verib.

Yaşlı insanların həyatının daha asan və təhlükəsiz olması üçün müxtəlif kiberfiziki sistemlərdən istifadə edildiyini söyləyən məruzəçi bu sistemlərə “ağıllı” çəliklər, robotlar, dronlar, “ağıllı” çarpayılar, virtual köməkçi texnologiyalar və s. aid olduğunu diqqətə çatdırıb. Bildirib ki, “Dring Smartcane” 2017-ci ildə fransız şirkəti tərəfindən yaradılmış “ağıllı” çəlikdir. “Ağıllı” çəlik yaşlıların müvazinətini itirməsi və ya digər çətin vəziyyətlər zamanı onların qayğısına qalmaq üçün dizayn edilmişdir.

Gənc tədqiqatçı Delft Texnologiya Universiteti tərəfindən yaradılmış təcili yardım dronundan da bəhs edərək qeyd edib ki, xüsusilə ürək tutması, boğulma, travmalar və tənəffüs yolunda baş vermiş problemlər zamanı bu kimi dronlar lazımi ləvazimatları yaşlı insanlara tez bir zamanda çatdıra bilir:

Həmçinin qeyd edib ki, avtomatik həb dispenseri isə  yaşlı insanlara lazım olan həbləri vaxtında qəbul  etməkdə onlara kömək olur. Cihaz əvvəlcədən proqramlaşdırıldığı üçün həbin qəbul vaxtı çatdıqda avtomatik olaraq siqnal verir və ya bildiriş göndərir.

Yaşlı insanlar üçün nəzərdə tutulan kiberfiziki sistemləri sadalayan məruzəçi onların arasında yaşlıların müvazinətini itirməsi halında onlara kömək edən “Fall Detection System” adlı detektor, onların qayğısına qalmaq məqsədilə hazırlanan robotlardan da bəhs edib. Vurğulayıb ki, 2018-ci ildə yaşlı və fiziki imkanları məhdud şəxslərə kömək etmək üçün nəzərdə tutulmuş robotların bazar dəyəri 48 milyon dollar olmuşdur.

“Bu siyahıya bir çox sensorları özündə birləşdirən və şəxsin hərəkətinin, ürək döyüntüsünün, nəfəs almasının, yuxu müddətinin monitorinqini aparmaq kimi xüsusiyyətlərə malik olan “ağıllı” çarpayıları, itirilmiş çanta, açar, pul kisəsi və s. tapmaq üçün “bluetooth” texnologiyası ilə işləyən əşya izləyicilərini, eləcə də ən son xəbərləri çatdıran və ya təhlükə anında müvafiq qurumları məlumatlandıra bilən səs ilə idarə olunan “Alexa”və “Google Voice Assistant” virtual köməkçi texnologiyaları və s. əlavə etmək olar”, - deyə o, bildirib.

Qeyd edilən sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsindən danışan O.Vəlixanlı söyləyib ki, bu sistemlərin sayı sürətlə artdıqca, onlara qarşı olan kiberhücumların sayı da çoxalmaqdadır. Bu isə öz növbəsində istifadəçilərin şəxsi məlumatlarının oğurlanmasına səbəb ola bilər:

“Kibertəhlükəsizliyin təmin edilməsi üçün təhlükəsiz yükləmə, təhlükəsiz uzaqdan proqram təminatının yenilənməsi, təhlükəsiz rabitənin təmin olunması, məlumatların qorunması, istifadəçinin autentifikasiyası kimi addımlar atılmalıdır”.

Sonda məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, tədqiqatların davam etdirilməsi istiqamətində tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.