Kiber-fiziki sistemlər yaşlı insanların gündəlik həyatının tərkib hissəsinə çevrilib. Bu sistemlər yaşlı insanlar üçün müxtəlif məişət məsələlərində köməkçi funksiyasını yerinə yetirir və yaşlıların təhlükəsizliyinə nəzarət edərək daha uzun müddət müstəqil yaşamalarına dəstək verirlər.
Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat institutun elmi seminarının 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş onlayn iclasında çıxışı zamanı məlumat verib.
L.Suxostat “Sənaye 4.0 dövründə kiberfiziki sistemlər yaşlı insanların xidmətində” mövzusunda çıxışı zamanı kiber-fiziki sistemlərin daim inkişaf etdiyini və geniş imkanlara malik olduğunu bildirib.
O, sağlam yaşlanma problemlərindən bəhs edərək gündəlik həyatda yaşlı insanların yaşayışını asanlaşdıran kiber-fiziki sistemləri diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə tətbiq olunan “ağıllı ev” texnologiyaları yaşlı insanlar üçün böyük üstünlüklər təqdim edir. L.Suxostat kiber-fiziki sistemlərin yaşlı insanlar üçün istifadəsi zamanı rast gəlinən problemləri təqdim edərək bildirib ki, qurğular daşınma və istifadə üçün yüngül, kiçik və rahat olmalı, kompüterlərdən və digər texniki vasitələrdən istifadə zamanı onlarla qarşılıqlı təsir sadə olmalı, eyni zamanda şəxsi məlumatların mühafizəsinə diqqət yetirilməlidir.
Məruzəçi həmçinin evin təhlükəsizliyinin, insan sağlamlığının təminatı, eləcə də onurğa problemlərinin həlli üçün tətbiq olunan sistemlər haqqında ətraflı məlumat verib.
L.Suxostat kiber-fiziki sistemlərin kibertəhlükəsizliyinə təhdidlərdən söz açaraq məxfilik, tamlıq, əlçatanlıq, etibarlılıq, miqyaslanma kimi tələblərə əməl olunmasının vacibliyinə toxunub.
Məruzə ətrafında müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.