Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.
Hesabatı təqdim edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev öncə FRTEB-in institut və təşkilatlarında Azərbaycan Resplikasının Prezidenti tərəfindən imzalanan müxtəlif fərman, sərəncam və dövlət proqramlarından irəli gələn vəzifələrin icrası, dövlət sənədlərinin elmi-texniki ekspertizası istiqamətində görülən işləri diqqətə çatdırıb.
R.Əliquliyev dövlət başçısının çağırışlarından irəli gələn vəzifələri rəhbər tutaraq FRTEB-in elmi müəssisələrinin işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması və inkişafı istiqamətində həyata keçirilən işlərə elmi-praktiki dəstək verdiklərini söyləyib.
O, müvafiq dövlət tapşırıqlarının FRTEB-in elmi müəssisələrində heç bir maliyyə resursu ayrılmadan, təmənnasız olaraq həyata keçirildiyini nəzərə çatdıraraq elmi müəssisələrin bu istiqamətdə plandan və büdcədənkənar fəaliyyətinin dəstəklənməsi üçün müvafiq normativ-hüquqi sənədlərin işlənilməsinin zəruriliyinə diqqət çəkib.
FRTEB-də kadr potensialının vəziyyətindən söz açan AMEA-nın vitse-prezidenti bildirib ki, Bölmənin elmi müəssisələrində ümumilikdə 948 elmi işçi çalışır ki, onlardan 353-ü fəlsəfə, 165-i elmlər doktorudur. Hesabat ilində Bölmənin institutlarında 13 nəfər elmlər doktorluğu, 32 nəfər isə fəlsəfə doktorluğu üzrə dissertasiya müdafiə edib.
Vitse-prezident kadr potensialının yaş kateqoriyaları üzrə bölgüsünün ürəkaçan olmadığını bildirib: “Bu problemi yaradan səbəblər dərindən araşdırılmalı və onların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməlidir”.
Akademik bildirib ki, Bölmənin elmi müəssisələri son dövrlərdə dünya elminin çağırışları və dövlət başçısının Azərbaycan elminin qarşısına qoyduğu vəzifələri rəhbər tutaraq öz fəaliyyətlərinə yenidən baxmış, aktual problemlərə diqqət ayırmış, prioritet istiqamətlərdə tədqiqatlar aparmışlar.
Sonra akademik R.Əliquliyev FRTEB-də əldə olunmuş mühüm elmi nəticələri Ümumi yığıncaq iştirakçılarının nəzərinə çatdırıb: “2021-ci il ərzində Bölmənin elmi müəssisələrində 7 elmi istiqamətdə 111 mövzu üzrə 45 problem tədqiq olunub, bir sıra mühüm elmi nəticələr əldə edilib”.
Alim Bölmədə həyata keçirilən qrant layihələri, icra olunan dövlət proqramları, eləcə də tətbiqi və innovativ fəaliyyət haqqında da məlumat verib, elmi müəssisələrin 21 beynəlxalq, 16 ölkədaxili qrant layihələrində uğurla iştirak etdiklərini deyib.
FRTEB-in elmi müəssisələrinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində fəal iştirakından söz açan vitse-prezident “yaşıl” enerji ilə bağlı yeni konsepsiyanın işlənilməsi, radiasiya təhlükəsizliyi, nəqliyyat infrastrukturunun yenidən qurulması, eyni zamanda “ağıllı” şəhər, kosmik müşahidə, 3D-xəritələr və digər istiqamətlərdə kompleks tədqiqatların aparıldığını, layihələrin həyata keçirildiyini bildirib.
Akademik 2021-ci ildə FRTEB-in bəzi elmi müəssisələrində müqavilələr əsasında görülən işlərin məbləğinin qənaətbəxş olmadığını, mövcud normativ-hüquqi sənədlərin elmi müəssisələrin tətbiqi və innovativ fəaliyyətinə ciddi problemlər yaratdığını da diqqətə çatdırıb, bu kimi problemlərin həlli istiqamətində bir sıra təkliflər irəli sürüb.
AMEA-nın vitse-prezidentinin fikrincə, ölkənin mövcud qanunvericiliyi əsasında biznes qurumları ilə normal rəqabət apara bilmək və büdcədənkənar əlavə vəsaitlər qazanmaq imkanlarına malik olmağı təmin edən yeni normativ-hüquqi baza işlənilməli, “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə” təkmilləşdirilməlidir.
Sonra akademik R.Əliquliyev bölməyə daxil olan müəssisələrin əməkdaşları tərəfindən 17 monoqrafiya, 20 kitab (2-si xaricdə), 31 dərslik və elmi-kütləvi nəşrin, 1074 məqalənin (623-ü nüfuzlu xarici elmi jurnallarda) dərc olunduğunu, bu məqalələrin 449-nun “Web of Science” (WoS) və “Scopus”, 174-nün isə digər bazalara daxil olan impakt faktorlu jurnallarda işıq üzü gördüyünü bildirib. Əməkdaşların əsərlərinə 16758 istinadın qeydə alındığını vurğulayan natiq bu göstəricinin əvvəlki illərlə müqayisədə yüksək olduğunu və artıq Azərbaycan alimlərinin əldə etdikləri nəticələrə xarici həmkarlarının mütəmadi istinad etdiyini söyləyib.
Alim, eyni zamanda, ölkəmizin “Scopus” bazasında fizika və astronomiya, riyaziyyat, kompüter elmləri, mühəndislik və materialşünaslıq sahələri üzrə Cənubi Qafqaz ölkələri arasında öndə olduğunu diqqətə çatdıraraq, bunun Cənab Prezident İlham Əliyevin Azərbaycan elminin inkişafı istiqamətində apardığı uğurlu siyasətin nəticəsi olduğunu qeyd edib. “Scopus” bazasında Azərbaycan üzrə reytinqdə isə FRTEB-in aparıcılıq etdiyini vurğulayıb.
AMEA-nın vitse-prezidenti bölməyə daxil olan müəssisələrin əməkdaşlarının əldə etdikləri nailiyyətlərlə yanaşı, bir sıra mühüm problemlərdən də söz açıb: “Beynəlxalq elmi bazalara (“WoS”, “Scopus” və s.) çıxış məsələsinin ölkə səviyyəsində həll olunması məqsədəuyğundur. Beynəlxalq bazalarda elmi əsərlər dərc etdirən alimlərin fəaliyyətinin stimullaşdırılması və digər zəruri xərclərin ödənilməsi, beynəlxalq elmi bazalara daxil edilmiş Azərbaycan jurnallarına ünvanlı maliyyə dəstəyinin ayrılması son dərəcə vacibdir”.
“FRTEB-in bütün institutlarında respublikanın ali təhsil və ümumtəhsil müəssisələri ilə sıx əməkdaşlıq münasibətləri davam etdirilir, Dövlət İmtahan Mərkəzinin müraciətlərinə dəstək verilir, orta ümumtəhsil və orta ixtisas məktəbləri üçün dərsliklərin hazırlanması və ekspertizası istiqamətində müvafiq işlər həyata keçirilir”, – deyə bildirən akademik elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə Bölmənin elmi müəssisələrində ali məktəblərin kafedralarının yaradılması təklifini irəli sürüb.
Alim bildirib ki, Akademiya Azərbaycanın elm və təhsilinin şəbəkə infrastrukturunun Avropanın elm və təhsil mühitinə inteqrasiyasını təmin edən virtual körpü rolunu oynayır. Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində yerli universitetlərə AMEA tərəfindən təmənnasız olaraq İnternet dəstəyi göstərilir.
Akademikin sözlərinə görə, müasir dövrün qlobal çağırışları, Dördüncü Sənaye İnqilabı, əmək bazarının xüsusiyyətlərinin dəyişilməsi və süni intellektin daha geniş tətbiq olunmasına adekvat olaraq yaranan yeni ixtisaslar və bilik sahələri üzrə kadr hazırlığına ehtiyac yaranmışdır. Bu bilik sahələrinin və ixtisasların əksəriyyəti riyaziyyatın, informatikanın geniş tətbiqi ilə xarakterizə olunur. Bütün bunlar Azərbaycan elmi və təhsili qarşısında yeni vəzifələr qoyur. Bu baxımdan AMEA-nın məsul qurumları və AR Təhsil Nazirliyinin müvafiq istiqamətdə birgə fəaliyyət göstərməsi son dərəcə vacibdir. Həmçinin, xaricdə təhsil üzrə dövlət proqramında bu yeni ixtisaslara xüsusi diqqət yetirilməlidir.
Akademik R.Əliquliyev AMEA-da lazımi potensialın (maddi-texniki baza, kadr və s.) mövcud olduğunu, burada magistratura, fəlsəfə və elmlər doktorluğu üzrə kadrların hazırlandığını nəzərə alaraq, müvafiq ali təhsil müəssisəsinin təşkilinin məqsədəuyğun olduğunu qeyd edib.
FRTEB-in hesabat ili ərzində beynəlxalq əməkdaşlıq münasibətlərindən söz açan alim Bölmənin elmi müəssisələrinin təşkilatçılığı ilə 8 beynəlxalq konfransın keçirildiyini diqqətə çatdırıb. Bölmənin 11 əməkdaşının dünyanın aparıcı universitetlərində təhsil aldıqlarını söyləyib.
Daha sonra akademik Rasim Əliquliyev elektron elmin ölkəmizdə tətbiqi istiqamətində AMEA-da görülən işlərdən bəhs edib, akademiyanın AzScienceNet şəbəkəsinin GEANT şəbəkəsi ilə əməkdaşlıq əlaqələrinin uğurla davam etdirildiyini bildirib. Akademik AMEA-nın Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq tövsiyələri əsasında AMEA İnformasiya Texnologiyaları İnstitutu mütəxəssislərinin dəstəyi ilə “Elmi Kadrlar” və “Dissertasiya mövzularının reyestri” milli informasiya sistemlərinin hazırlandığını diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti akademiyada çalışan əməkdaşların əməkhaqlarının ödənilməsinin vahid mexanizm əsasında aparılması üçün tədbirlərin görülməsinin zəruriliyinə toxunub. O, həmçinin elmi fəaliyyətin, nəticələrin və nailiyyətlərin qiymətləndirilməsi üçün tətbiq olunan mövcud mexanizmlərin beynəlxalq təcrübəyə və standartlara uyğunlaşdırılmasının, alimlərin, elm sahələrinin cari vəziyyətinin qısa müddətdə qiymətləndirilməsi üçün müəyyən təkliflər və tövsiyələrin işlənilməsinin əhəmiyyətindən danışıb.
Akademikin sözlərinə görə, AMEA-da elmin təşkili və idarə olunması işləri müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmalı, elmin koordinasiyasının tamamilə yenidən təşkili üçün zəruri tənzimləyici mexanizmlər işlənilməlidir.
“AMEA-nın hüquqi statusuna yenidən baxılması, AMEA-nın fəaliyyətini tənzimləyən, islahatlara yol açan, bürokratik maneələr yaratmayan yeni normativ-hüquqi bazanın işlənilməsi son dərəcə zəruridir”, - deyə bildirən akademik R.Əliquliyev AMEA-da kompleks islahatların həyata keçirilməsinə dair təkliflərin sistemləşdirilərək vahid bir konsepsiya halına gətirilməsinin önəmini vurğulayıb. Akademik konsepsiyanın hazırlanması üçün peşəkar alim və mütəxəssislərdən ibarət İslahatlar Komissiyasının yaradılması və ölkə rəhbərliyi qarşısında təşəbbüs qaldırılmasının vacib məsələlərdən olduğunu qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.