E-demoqrafiya platformasında sosio-demoqrafik göstəricilərin analizinə dair tədqiqatın nəticələri nüfuzlu jurnalda nəşr olunub

20 Aprel 2022 - 16:40 | Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və magistrant Nərminə Axundovanın həmmüəllifi olduqları “Vahid əhali reyestri sosio-demoqrafik analizlərin aparılması üçün məlumat mənbəyi kimi” (Единый реестр населения как источник данных для проведения социально-демографического анализа) mövzusunda elmi məqalə Rusiyanın tanınmış “Народонаселение” jurnalında nəşr olunub. Jurnal “Web of Science” (WoS) və “Russian Science Citation Index” (RSCI) nüfuzlu elmi bazalarında indeksləşir.

Məlum olduğu kimi, əhali reyestrləri dərin demoqrafik tədqiqatların aparılması üçün yeni imkanlar təqdim edir. Demoqrafik proseslərin idarə edilməsi, demoqrafik davranışların araşdırılması, müvafiq istiqamətdə tədqiqatların aparılması üçün əhali reyestri əsasında vahid sistemin yaradılması aktual məsələlərdən biridir. Məqalədə əhali reyestri sisteminin yaradılması sahəsində mövcud beynəlxalq təcrübə araşdırılıb, vahid əhali reyestrinin yaradılması ilə bağlı aparılan tədqiqatların mövcud vəziyyəti analiz olunub.

Tədqiqatda eksperimental qiymətləndirmə üçün vahid reyestrə inteqrasiya olunmuş şəxslərin məlumatları əsasında COVID-19 pandemiyası şəraitində demoqrafik xarakteristikaların analizi aparılıb. Qeyd etmək lazımdır ki, COVID-19 pandemiyası demoqrafik tədqiqatlar üçün statistik metodların və mənbələrin genişləndirilməsini, o cümlədən, e-reyestrlər kimi administrativ verilənlərin istifadəsinin vacibliyini bir daha aktuallaşdırdı. Qabaqlayıcı tədbirlərin görülə bilməsi üçün ölkədə elektron tibbi demoqrafiya sisteminin olması bütün tibb müəssisələrinin və əhalinin böyük əksəriyyətinin əhatə olunmasına kömək edəcək. Sözügedən məqalədə şəxslər haqqında məlumatlar iki ayrı reyestrdə (əhali və səhiyyə reyestrləri) götürülmüş hipotetik verilənlərdir. Bu dataset-lərdən əhalinin fərdi məlumatları və sağlamlıq haqqında olan məlumatları toplanıb. Gələcək tədqiqatlarda sosio-demoqrafik analizlərin daha geniş aspektdə, müxtəlif sahələr üzrə aparılması və böyük verilənlərin intellektual analizi məsələlərinə baxılması nəzərdə tutulub.

Qeyd edək ki, məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihəsi (Qrant № EİF-BGM-4-RFTF-1/2017-21/08/1) çərçivəsində aparılan elmi tədqiqatlar əsasında hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.