Azərbaycanlı tədqiqatçı beynəlxalq tədbirdə iştirakına görə sertifikata layiq görülüb

12 Aprel 2022 - 14:00 | Konfranslar, İclaslar

Lüğətlərdə verilmiş tərifə əsasən, tərcümə, yazılan və ya danışılan bir şeyin mənasının başqa bir dilə dəyişdirilməsi prosesidir. Transliterasiya isə fərqli əlifbanın və ya dilin hərflərindən istifadə etməklə sözləri və ya hərfləri yazmaq yaxud təsvir etməkdir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Səbinə Məmmədzadə Bakı Slavyan Universitetinin 75 illiyinə həsr olunmuş “Tərcümə çoxdilliliyin və mədəni mübadilənin əsası kimi” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Tədbirdə “Şəxs adlarının tərcüməsində transliterasiyanın tətbiqi” mövzusunda çıxış edən S.Məmmədzadə bildirib ki, hazırda müvafiq sahədə ən mühüm məsələlərdən biri də ad və soyadların digər yazılarda düzgün təsvir olunmasıdır. Xarici dilə tərcümə zamanı milli identikliyin təmin edilməsi, qrafik və fonetik xüsusiyyətlərin nəzərə alınması, eləcə də müvafiq yazışmaların düzgün müəyyənləşdirilməsi və ən əsası çoxvariantlılığın qarşısının alınması son dərəcə vacibdir.

Tədqiqatçının sözlərinə görə, Azərbaycan dilində yazılan şəxs adlarının tərcümə zamanı transliterasiya edilməsi üçün avtomatik transliterasiyanın həyata keçirilməsi məqsədilə metodların işlənməsi zərurəti meydana çıxmışdır. Lakin Azərbaycan dili qrafikasında istifadə olunan konkret hərflərin qarşılığının seçilməsi problemi daha da mürəkkəbləşdirir. Bu səbəbdən, AMEA Dilçilik İnstitutu və müvafiq qurumların mütəxəssisləri tərəfindən müəyyən transformasiya qaydaları işlənib hazırlanmışdır.

Məqalədə bu transformasiya qaydaları izah edilmiş və onların Azərbaycan dilində yazılmış ad və soyadların transliterasiyasında tətbiqinin vacibliyi vurğulanmışdır. Bu transformasiya qaydaları 2020-ci ildə Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən “Milli transliterasiya standartları” dövlət standartı kimi qəbul olunmuşdur.

Qeyd edək ki, S.Məmmədzadə beynəlxalq konfransda çıxışına görə sertifikata layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.