AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutun “Elm Günü”nə həsr olunmuş onlayn toplantısında çıxış edib.
Akademik AMEA-da Azərbaycan elminin qarşısına qoyulan mühüm vəzifələrin həyata keçirilməsi istiqamətində aparılan məqsədyönlü islahatlardan söz açıb. O, AMEA Rəyasət Heyətinin təsdiq etdiyi Akademiyanın bütün elmi müəssisə və təşkilatlarında “Elm Günü”nün keçirilməsi ilə bağlı Tədbirlər Planından irəli gələn tapşırıqların icrası istiqamətində həyata keçirilməsi nəzərdə tutulan işlərdən bəhs edib. Vitse-prezident bu məqsədlə institut və təşkilatlarda elmi tədbir və sərgilərin təşkil olunacağını, “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində baş tutacaq sərgidə iştiraka hazırlıq işlərinin aparıldığını, AMEA alimlərinin əldə etdikləri nailiyyətlərin nümayiş olunacağı sərginin keçiriləcəyini, eləcə də bir sıra digər tədbirlərin icra olunacağını diqqətə çatdırıb. Akademik qeyd olunan tədbirlərdə İnformasiya Texnologiyaları İnstitutunun da yaxından iştirak edəcəyini, müəssisədə əldə olunan yüksək elmi nailiyyətlərin geniş ictimaiyyətə təqdim olunacağını bildirib.
“Son illər dünyada yüksək biliklərə əsaslanan texnologiya məhsullarının istehsalını həyata keçirən mütəxəssislərə böyük ehtiyac duyulur”, - deyən natiq bununla bağlı ali məktəblərdə və kütləvi informasiya vasitələrində maarifləndirmə işlərinin aparılmasının, gənclərin bu sahəyə cəlb olunmasına dəstək verilməsinin zəruriliyinə toxunub. Akademik institutun alim və mütəxəssislərini qeyd olunan işlərdə fəal iştirak etməyə, informasiya texnologiyalarının elmi problemlərinə, ölkəmizdə süni intellekt texnologiyalarının geniş tətbiqinə, aparılan “smartlaşma” siyasətinə dəstək verməyə səsləyib. R.Əliquliyev, həmçinin yaxın zamanda keçirilməsi nəzərdə tutulan AMEA-nın Ümumi Yığıncağının İnformasiya Texnologiyaları İnstitutunun bu istiqamətdə gördüyü işlərə dair hesabatının təqdim olunması üçün “zirvə sammiti” olduğunu vurğulayıb.
Akademik rəhbərlik etdiyi institutda son bir il ərzində aparılan elmi tədqiqatların nəticələrindən söz açaraq bu müddət ərzində 3 elmlər doktorluğu və 4 fəlsəfə doktorluğu dissertasiyalarının müdafiə edildiyini, bir çox elmlər və fəlsəfə doktorluğu dissertasiya işlərinin isə tamamlanma mərhələsində olduğunu nəzərə çatdırıb. R.Əliquliyevin sözlərinə görə, institutun alimləri bu istiqamətdə bütün imkanlarını səfərbər edərək yüksək elmi nəticələr əldə edib, kompüter elmlərinin dünya səviyyəsində inkişafına böyük töhfələr veriblər. Akademik ölkəmizin bu sahədə Cənubi Qafqaz ölkələri arasında ilk sırada dayandığını, Stenford Universitetinin reytinq qiymətləndirmə siyahısına daxil edilmiş 8 azərbaycanlı alimdən 2-sinin rəhbərlik etdiyi institutda fəaliyyət göstərdiyini vurğulayıb.
“Azərbaycan alimləri kompüter elmləri sahəsində texnologiyaların istehlakçısı olmaqla yanaşı, həm də onun istehsalçısına çevrilib”, - deyən akademik R.Əliquliyev ölkəmizdə kompüter elmləri sahəsində nailiyyətlərin əldə olunmasında bu istiqamətdə fəaliyyət göstərən elmi müəssisələr arasında İnformasiya Texnologiyaları İnstitutunun da əhəmiyyətli yerə sahib olduğunu bildirib.
Baş direktorun sözlərinə görə, İnformasiya Texnologiyaları İnstitutu yalnız elmi nailiyyətləri ilə deyil, həm də ölkədə gedən quruculuq işlərində, işğaldan azad olunmuş ərazilərin bərpa olunmasında, onun müasir dövrün tələblərinə uyğun olaraq yenidən qurulmasında, infratrukturun yüksək texnologiyalar əsasında yenidən formalaşdırılmasında, ümumilikdə ölkə iqtisadiyyatının dirçəldilməsində, Dördüncü Sənaye İnqilabının çağırışlarından irəli gələn texnologiyaların tətbiqi və araşdırılması ilə bağlı görülən işlərdə göstərdiyi dəstəyi ilə seçilən elmi müəssisələr sırasındadır. R.Əliquliyev əlavə edib ki, institut öz fəaliyyətini hər zaman yeni çağırışlara uyğun həyata keçirir, Azərbaycan dövlətinin ölkəmizin intellektual potensialının gücləndirilməsi, biliklərə əsaslanan iqtisadiyyata transformasiya, təbii resurslardan asılılığımızın azaldılması ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi kimi iqtisadi prioritetlərin həyata keçilməsində yaxından iştirak edir, bu istiqamətində görülən işlərə dəstək verir.
Natiq çıxışında ölkəmizdə aparılan uğurlu gənclər siyasəti nəticəsində əldə olunan nailiyyətlərdən danışıb. Akademik dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı nəticəsində son 10 il ərzində 4 min azərbaycanlı gəncin dünyanın aparıcı universitetlərində təhsil aldığını bildirib, gələcəkdə bu kimi intellektual və strateji resurslarımızın ölkəmizdə aparılan quruculuq işlərinə böyük dəstək verəcəyinə əminliyini ifadə edib. O, gənclərin elm sahəsində fəallıq nümayiş etdiriməsinin Azərbaycan üçün böyük və işıqlı gələcək vəd etdiyini vurğulayıb, institutun gənc tədqiqatçılarını, xüsusən doktorantları ölkə rəhbərliyi tərəfindən onlara təqdim olunan xaricdə təhsil imkanlarından faydalanmağa səsləyib.
“Hesab edirəm ki, intellektual fəaliyyətlə məşğul olan hər bir elmi tədqiqat müəssisəsində mütəmadi olaraq əməkdaşların elmi fəaliyyətlərinin monitorinqi aparılmalıdır”, - deyən akademik bunun elmi problemlərin düzgün qoyuluşu, onun aktuallığının təmin olunması baxımından böyük əhəmiyyət kəsb etdiyinə diqqət çəkib. Akademik bu baxımdan təkcə AMEA-nın deyil, eləcə də ölkəmizin bütün ali təhsil müəssisələri və digər elmi tədqiqat qurumlarında fəaliyyət göstərən alimlərin qarşısında çox mühüm vəzifələrin dayandığını qeyd edib. Əlavə edib ki, ölkəmizdə fəaliyyət göstərən bütün elmi müəssisələrdə onların qarşısında qoyulmuş elmi problemlərə Azərbaycanın milli maraqları baxımından yanaşılarsa, eyni zamanda bu problemlərin dünya üçün aktuallığı nəzərə alınaraq tədqiqatlar aparılarsa bu zaman elmdə həqiqi nailiyyətlər qazanmaq mümkündür.
Akademik, həmçinin İnformasiya Texnologiyaları İnstitutunun artıq bu istiqamətdə islahatların ilkin mərhələsində olduğunu, fundamental elmi problemlərin müəyyənləşdirildiyini diqqətə çatdırıb: “Sevindirdici haldır ki, institut əməkdaşları AMEA rəhbərliyi, eləcə də institut rəhbərliyinin müəssisəmiz qarşısında qoyduğu vəzifələrin icrasına böyük məsuliyyətlə yanaşır, ruh yüksəkliyi nümayiş etdirir və bütün imkanlarını səfərbər edir”.
Akademik R.Əliquliyev ölkəmizin, o cümlədən bu müəssisənin inkişafında xüsusi xidmətləri olan, gənclərin yetişdirilməsində əvəzsiz əməyi keçən həmkarların fəaliyyətinin institut rəhbərliyi tərəfindən hər zaman yüksək qiymətləndirildiyini vurğulayıb.
Elmin cəmiyyətdəki roluna diqqət çəkən natiq qeyd edib ki, elm cəmiyyətin idarə olunmasında, onun təşkilatlanması, irəliləməsi və inkişafında mühüm missiya daşıyan ideoloji gücdür. Akademik ölkə rəhbərliyi tərəfindən elmimizin aparıcı qüvvəsi olan AMEA-nın inkişaf etdirilməsinə böyük dəstək göstərildiyini, mövcud problemlərin aradan qaldırılması istiqamətində genişmiqyaslı islahatların aparıldığını bildirib.
R.Əliquliyev müasir dövrdə alimlərimizin daşıdıqları missiya ilə “elmin monopolistləri” hesab olunan əvvəlki dövrlərin alimlərindən fərqləndiyini bildirib. Qeyd edib ki, qloballaşan dünya kontekstində müasir dövrün alimlərinin ideyaları innovativ və iqtisadi dəyərə malik olmalıdır. Alimlərimiz cəmiyyətin iqtisadi həyatında, ölkəmizdə müxtəlif təhlükəsizlik komponentlərinin, milli maraqların, siyasi-ideoloji və texnoloji süverenliyin təmin olunması, xaricdən asılılığın azaldılması kimi əhəmiyyətli vəzifələrin həyata keçirilməsində yaxından iştirak etməlidirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.