“Teknofest Azərbaycan” sərgisinə AMEA-dan təklif olunan layihələr müzakirə olunub

16 Mart 2022 - 18:14 | Konfranslar, İclaslar

Martın 15-də AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun sədrliyi ilə AMEA-nın elmi müəssisələrinin “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində keçiriləcək sərgidə iştirakı məsələsinə həsr olunmuş onlayn müşavirə keçirilib.

“Zoom” platforması üzərindən baş tutan müşavirədə sərgidə iştirak üçün təkliflər təqdim etmiş elmi müəssisələrin baş direktorları, icraçı direktorları, elmi katibləri, texnoloji innovativ məhsulların müəllifləri, eləcə də Rəyasət Heyəti aparatının İşlər idarəsi və İnformasiya şöbəsinin müvafiq nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov ölkəmiz üçün əlamətdar hadisə olan “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində keçiriləcək sərgidə nümayiş etdirilməsi üçün AMEA-nın çox sayda nailiyyətlərinin, mühüm elmi nəticələrinin olduğunu diqqətə çatdırıb. O, texnologiya sahəsində ən son yeniliklərin nümayiş etdiriləcəyi sərginin AMEA-da əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından böyük imkanlar açdığını qeyd edib.

Akademik A.Həşimov, həmçinin AMEA-nın festivalda iştirakı nəzərdə tutulan elmi müəssisələrinin təqdim edəcəkləri texnoloji yeniliklər, innovativ məhsullarla bağlı təkliflərini səsləndirib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycanda ilk dəfə olaraq texnologiyalara həsr olunmuş festivalın keçiriləcəyini bildirib. O, “Teknofest Azərbaycan” çərçivəsində baş tutacaq sərgidə AMEA-nın elmi müəssisələrinin yüksək səviyyədə təmsil olunması üçün görüləcək işlər barədə məlumat verib.

“Ölkə rəhbərliyinin Azərbaycan elminə göstərdiyi xüsusi diqqət və İKT sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmiz artıq texnologiya festivalına ev sahibliyi edir”, - deyən akademik R.Əliquliyev ölkəmizdə texnoloji suverenliyin təmin olunması, yüksək texnologiyaların inkişafı sahəsində aparılan işlər və “ağıllı” infrastrukturun yaradılmasının Azərbaycanın bu sahədə əldə etdiyi uğurların nəticəsi olduğunu bildirib. Alim qeyd edib ki, AMEA-nın elmi müəssisələri sərgidə fəal iştirak etməli, ölkəmizdə müvafiq istiqamətdə əldə olunan nailiyyətləri yüksək səviyyədə təqdim etməlidir.

O, AMEA-da aparılmış uzunmüddətli tədqiqatların nəticəsi olan, rəqabətədözümlü, intellektual texnoloji məhsulların sərgi iştirakçıları arasında böyük maraq doğuracağına inamını ifadə edib. Vitse-prezident AMEA üçün ayrılmış pavilyonun məzmunlu şəkildə tərtibinin, dizayn, o cümlədən digər qoyulmuş tələblərə uyğunlaşdırılmasının önəminə toxunub, bu istiqamətdə işlərin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Daha sonra sərgidə iştirak üçün təkliflər təqdim etmiş elmi müəssisələrin baş direktorları çıxış ediblər.

Əvvəlcə AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov rəhbərlik etdiyi elmi müəssisənin sərgidə nümayiş etdirəcəyi müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının adaptasiya oluna bilən idarəetmə sisteminin funksiyalarını həyata keçirmək üçün işlənib hazırlanmış mikrokompüter haqqında məlumat verib. Bildirib ki, sərgidə mikrokompüterin təqdimatı ilə yanaşı, real uçuş aparatının virtual nümayiş etdirilməsi də nəzərdə tutulur.

“Məqsədimiz idarəetmə sisteminin müasir tələblərə cavab verən və böyük maraq doğuran funksiyalarını nümayiş etdirməkdir”, - deyən akademik Ə.Abbasov əlavə edib ki, bu kimi funksiyalara enerji sərfinin minimallaşdırılması şərti daxilində uçuş obyektlərinin idarəedilməsi alqoritmlərinin işlənilməsi, süni intellektin köməyi ilə Yer səthində olan obyektlərin aşkar edilməsi və hərəkətlərinin izlənilməsi və s. misal göstərilə bilər. Baş direktor, həmçinin AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC ilə birgə pilotsuz uçuş aparatının imkanlarının maket vasitəsilə nümayiş olunacağını deyib.

Sonra çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov festivalda institutun bir eksponatla təmsil olunacağını bildirib.

İnstitutun Maye və qaz mexanikası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov rəhbərlik etdiyi qrupun hazırladığı və dünyanın bir çox ölkələrində sınaqdan keçirdikləri, karbohidrogenlərin çıxarılması, nəqli və saxlanılması ilə əlaqədar texnologiya haqqında məlumat verib. Bildirib ki, sərgidə nümayiş olunacaq karbohidrogenlərin çıxarılması, nəqli və saxlanılması həlləri ilə bağlı təqdimatda karbohidrogenlərin axın və süzülmələri zamanı yaranan çətinliklər, onların aradan qaldırılması məsələləri ilə əlaqədar tədqiqatlar, alınan patentlər, bu istiqamətdə effektivliyi artırmaq üçün yaradılan innovativ texnologiyalar, onların müəyyən sənaye sahələrində tətbiq olunma coğrafiyası haqqında məlumat veriləcək.

Daha sonra Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev rəhbərlik etdiyi institutun sərgidə iştirak üçün bir neçə təkliflə çıxış etdiyini bildirib. Baş direktor işğaldan azad olunmuş ərazilərimizdə aparılmış 8 ekspedisiyanın nəticəsi olaraq minalardan təmizlənmiş sahələrdə pilotsuz uçuş aparatları vasitəsilə radiasiya monitorinqi sisteminin tətbiq olunduğunu deyib: “Minalardan təmizlənməmiş ərazilərdə, keçilməz relyeflərdə radiasiya monitorinqinin tam mənzərəsini əldə etmək üçün bu prosesin pilotsuz uçuş aparatları üzərində radiasiya detektorları yerləşdirərək həyata keçirilməsi planlaşdırılır. Sərgidə bu sistemin maketi təqdim olunacaq. AMEA pavilyonunda, həmçinin analoqlarından texniki parametrlərinə görə fərqlənən ultrahəssas innovativ detektorların və digər texnologiyaların da nümayişi nəzərdə tutulur”.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun təklifləri barədə məlumatı müəssisənin baş direktoru, akademik Rasim Əliquliyev verib. Alim sərgidə institut tərəfindən cəmiyyətdə toplanan informasiya selinin süni intellekt texnologiyalarının köməyi ilə analiz olunması, təsnifi və proqnozlaşdırılması ilə bağlı dünyanın aparıcı elmi mərkəzləri tərəfindən tanınan, yüksək impakt faktorlu jurnallarda dərc olunan və praktiki olaraq tətbiq edilməyə hazır olan proqram təminatı məhsulunun nümayiş olunmasının nəzərdə tutulduğunu bildirib.

İnstitutun baş direktoru sərgiyə təqdim olunacaq digər texnoloji məhsulun Əşyaların İnterneti platformasında kritik infrastrukturlara olan təhdidlərin aşkarlanması və ona qarşı tədbirlərin görülməsi ilə bağlı neyron şəbəkələrə əsaslanan dərin təlim texnologiyaları üzrə intellektual proqram məhsullarını əhatə etdiyini vurğulayıb.

Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov sərgiyə təqdim olunacaq, Milli Onkologiya Mərkəzi ilə birgə işlənilən texnologiyanın imkanlarından bəhs edib, ağciyər xərçəngi üçün təklif etdikləri yeni skrininq metodunun üstünlüklərini diqqətə çatdırıb.  O.Qasımov hazırladıqları texnologiyanın süni intellektə əsaslandığını və ağciyər xərçənginin təyinində insanın qan plazmasından istifadəni nəzərdə tutduğunu bildirib. Bu metod vasitəsilə 90 faiz dəqiqliklə nəticə əldə olunduğunu vurğulayıb.

Daha sonra AMEA Yüksək Texnologiyalar Parkının baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov rəhbərlik etdiyi qurumun ölkəmizdə innovativ texnoloji yeniliklərin inkişaf etdirilməsinə, cəmiyyətdə innovativ təşəbbüslərin artırılmasına və elmin kommersiyalaşdırılmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına hər zaman dəstək verdiyini qeyd edib.

V.Abbasov Yüksək Texnologiyalar Parkının AMEA-nın festivalda yüksək səviyyədə təmsil olunması üçün geniş imkanlara malik olduğunu diqqətə çatdırıb. Texnoparkın rəhbəri sərgidə yer alacaq AMEA pavilyonunda Akademiyanın bir sıra institut və təşkilatları ilə birgə həyata keçirdikləri texnoloji layihələrin, eləcə də texnoparkın rezidentlərinin istehsal etdikləri innovativ məhsulların təqdim olunacağını bildirib.

Daha sonra Yüksək Texnologiyalar Parkının rezidentləri – “İnkor” MMC, “Elm və Texnologiyalar Parkı” MMC, “Azcosmetics Group” MMC, “İntertek Azeri LTD” MMC, “Proline Chemicals” MMC, “Bakı Polimer İstehsalat” MMC, “Azoil İndustry” MMC sərgiyə təqdim edəcəkləri məhsullar barədə ətraflı məlumat veriblər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində “Teknofest Azərbaycan” festivalı ilə bağlı yaradılmış mərkəzin texniki meneceri Murad Piriyev isə festivalda iştirakla bağlı texniki məsələlərə dair qoyulmuş tələblər haqqında məlumat verib. O, həmçinin sərginin təşkili ilə bağlı müşavirə iştirakçılarının suallarını cavablandırıb.

Sonda irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb, “Teknofest Azərbaycan” çərçivəsində keçiriləcək sərgidə fəal iştirakla bağlı təklif və tövsiyələr səsləndirilib.

science.gov.az