İnstitutun əməkdaşları “Müasir iqtisadiyyat və biznes: qlobal çağırışlar və ətraf mühitin mühafizəsi” mövzusunda III beynəlxalq elmi-praktik konfransında çıxış ediblər

14 Mart 2022 - 14:16 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları 11-12 mart 2022-ci il tarixlərində  “Müasir iqtisadiyyat və biznes: qlobal çağırışlar və ətraf mühitin mühafizəsi” mövzusunda keçirilən III beynəlxalq elmi-praktik konfransında iştirak ediblər. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Enerji İqtisadiyyatı Mərkəzinin təşkilatçılığı ilə Estoniyanın “Beynəlxalq Elmi-Tədqiqat və Tədris Mərkəzi”nin və Böyük Britaniyanın “Cənubi Qafqazın Beynəlxalq Müasir Elmlər Akademiyası”nın birgə təşəbbüsü ilə keçirilən beynəlxalq elmi konfransda Azərbaycan alimləri ilə yanaşı dünyanın müxtəlif  ölkələrinin alim  və tədqiqatçıları da iştirak ediblər.

Beynəlxalq elmi konfransda Gürcüstan Naviqasiya Tədris Universiteti, Ukrayna Milli Həyat və Ətraf Mühit Elmləri Universiteti, Beynəlxalq Balkan Universiteti (Şimali Makedoniya), Qafqaz Beynəlxalq Universiteti (Gürcüstan), Gürcüstan Texniki Universiteti, Polşanın Lublin Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gürcüstanın Təhsilə Dəstək və İnvestisiya Fondu və s. kimi təşkilatlar da iştirak etmişdilər.

Elmi konfransda açılış nitqi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, UNEC-in Enerji İqtisadiyyatı Mərkəzinin rəhbəri, i.e.d, professor Elşən Hacızadə çıxış edərək qeyd edib ki, beynəlxalq tədbirin keçirilməsində əsas məqsəd müasir iqtisadiyyatın inkişaf perspektivləri və qlobal çağırışlar, ətraf mühitin mühafizəsi üzrə bilik və təcrübə mübadiləsinin aparılmasına  şəraitin yaradılmasıdır.

Konfransın bölmələrində beynəlxalq iqtisadiyyat, maliyyə iqtisadiyyatı, ictimai iqtisadiyyat, əmək və demoqrafik iqtisadiyyat, hüquq və iqtisadiyyat, biznesin idarə edilməsi və biznes iqtisadiyyatı, marketinq, kadrların iqtisadiyyatı, iqtisadi inkişaf, innovasiya, texnoloji dəyişiklik və inkişaf,  ətraf mühit və ekologiya iqtisadiyyatı, turizm iqtisadiyyatı və s. kimi istiqamətlərdə aktual mövzular ətrafında məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.

Beynəlxalq tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, i.f.d., dosent Əlövsət Əliyev “4.0 Sənaye inqilabı platformasında rəqəmsal və texnoloji innovasiya iqtisadiyyatı sektorlarının  formalaşması və idarə olunması problemləri” mövzusunda çıxış edib. O, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin rəhbərliyi ilə institutda hazırkı dövr üçün aktual hesab olunan informasiya və rəqəmsal iqtisadiyyatın kibertəhlükəsizlik dayanıqlılığının yüksəldilməsi, iqtisadiyyatın yaşıllaşdırılması problemlərinin tədqiqi və onun həlli metodlarının işlənilməsinə istiqamətlənmiş elmi-tədqiqat işləri haqqında məlumat verib.

Dosent Ə.Əliyev beynəlxalq konfransda 4.0 Sənaye inqilabı platformasında rəqəmsal və texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və idarə olunması problemlərinin elmi-nəzəri, praktiki aspektləri haqqında geniş məlumat verib. Qeyd edib ki, iqtisadiyyatın innovativ rəqəmsal transformasiyasının həyata keçirilməsi son illərdə ölkədə prioritet məsələlərdən birinə çevrilmişdir. O, ölkənin regionlarında “Ağıllı şəhər” (Smart City), “Ağıllı kənd” (Smart Village) və s. kimi perspektivli rəqəmsal layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Rəqəmsal texnologiyaların əsas platforması hesab olunan 4.0 Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan üzrə Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Məruzəçi iqtisadiyyatın innovasiya əsaslı irəliləyişinin təmin edilməsi, texnoloji innovasiyalar əsasında müasirləşdirilməsinin zəruriliyi haqqında ətraflı məlumat verib.

Məruzəçi qeyd edib ki, Rəqəmsal iqtisadiyyatın Əşyaların Sənaye İnterneti, Böyük verilənlər (Big Data), 3D printerlər, Blokçeyn, Süni  intellekt və s. kimi əsas texnologiyalarının iqtisadi xüsusiyyətləri  tədqiq olunub. O, rəqəmsal və texnoloji innovasiya iqtisadiyyatının əsas sektorundan biri olan 5G texnologiyaları haqqında zəruri məlumatları nəzərə çatdırıb. Bəzi sənaye sahələrində rəqəmsal texnologiyalardan istifadə edən təşkilatların xüsusi çəkisinin strukturunu  sxematik şəkildə təqdim edib. Rəqəmsal iqtisadiyyatın texnoloji əsaslarının əsas istiqamətlərinin tədqiq olunduğunu deyən məruzəçi onun inkişaf səviyyəsinin ölçülməsini xarak­te­ri­zə edən İqtisadiyyat İndeksi, Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi, Qlobal Kreativlik İndeksi, Şəbəkə Hazırlığı və IKT-nin İnkişafı İndeksi, Bilik İqtisadiyyatı, Elektron İştirak İndeksi, Qlobal Əlaqə İndeksi, İnklüziv İnternet İndeksi, B2C Elektron Ticarət İndeksi, Qlobal Kibertəhlükəsizlik İndeksi və s. kimi indeksləri ətraflı şəkildə izah edib.

Dosent Ə.Əliyev rəqəmsal iqtisadiyyatın ölçülməsi üçün istifadə olunan əsas Kompozit İndikatorlar sistemi, Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinin subindeksləri haqqında da geniş məlumat verib. Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinə təsir edən əsas inteqrativ göstəriciləri xüsusi qeyd edib.  Eləcə də iqtisadiyyatın rəqəmsallaşdırılması və innovasiyalaşmasının qarşılıqlı asılılığı və təsirlərinin əhəmiyyətini  vurğulayıb.

Dosent Ə.Əliyev ölkədə və onun regionlarında 4.0 Sənaye inqilabı platformasında rəqəmsal və texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşmasının dünya trendlərinə uyğun olaraq formalaşdırılması üzrə təkilif və tövsiyələrin işlənildiyini də konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Sonra beynəlxalq elmi konfransda institutun şöbə müdirləri dosent Ə.Əliyev, dosent Bikəs Ağayev və  elmi işçi Məleykə Paşayevanın həmmüəlifləri olduğu “Neft sənayesi iqtisadiyyatının yaşıllaşdırılmasında rəqəmsal innovasiya texnologiyalarının tətbiqi perspektivləri” mövzusunda məruzəni Məleykə Paşayeva təqdim edib. O,  məruzədə neft sənayesinin ölkə iqtisadiyyatındakı aparıcı rolundan söz açıb, neft sahəsi iqtisadiyyatının yaşıllaşdırılma texnologiyasının tətbiqi ilə səmərəliliyinin artırılmasının tədqiq edildiyini qeyd edib. 4.0 Sənaye inqilabı komponentlərinin neft sənayesi iqtisadiyyatının yaşıllaşdırılmasının səmərəli idarə olunmasında tətbiqi perspektivləri haqqında geniş məlumat verib. Ölkənin sosial-iqtisadi inkişafına dair rəqabətqabiliyyətli iqtisadiyyat, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi  Milli Prioritetinin reallaşdırılması istiqamətlərini izah edib.

Gənc tədqiqatçı təmsil etdiyi elmi müəssisədə neft sənayesi iqtisadiyyatının yaşıllaşdırılmasında rəqəmsallaşma problemlərinin tədqiq olunduğunu, bu sahədə müvafiq elmi tədqiqat işlərinin aparıldığını xüsusi qeyd edib. O, “yaşıl” İKT, İKT sahəsində “yaşıl” innovasiya, dayanıqlı inkişaf üçün İKT, “yaşıl” kompüter şəbəkələri, smart şəhərlər və yaşıl İKT sistemleri, Yaşıl Məlumat Mərkəzləri, İdarəertmədə, Səhiyyədə və “yaşıl” İKT, Qlobal “yaşıl” İKT yenilənməsi və s. kimi elmi-texniki sferalarda innovativ texnologiyaların  tətbiq olunduğunu deyib.  Məruzəçi neft sferasında yaşıl iqtisadiyyatın inkişaf proseslərinin  proqnozlaşdırılması üzrə müasir intellektual sistemlərin işlənilməsinin neft sənayesi müəssisələrinin daha da effektiv fəaliyyətinə yeni imkanlar yaradacağını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Beynəlxalq elmi konfransda, həmçinin institutun böyük elmi işçisi Roza Şahverdiyeva “İnnovativ iqtisadi inkişafın formalaşmasında texnopark strukturlarının fəaliyyət səmərəliliyinin yüksəldilməsi istiqamətləri” mövzusunda çıxış edib. O, rəqəmsal və innovativ iqtisadiyyata keçid üçün texnopark strukturlarının yaradılmasında elmtutumlu, rəqəmsal innovasiya məhsullarının istehsalının 4.0 Sənaye inqilabının tələblərinə  müvafiq olaraq inkişafının əhəmiyyətli məsələlərdən olduğunu bildirib. R. Şahverdiyeva qeyd edib ki,  müasir dövrdə iqtisadiyyatın bütövlükdə innovativ texnologiyalar əsasında transformasiyası prosesləri baş verir, eyni zamanda Azərbaycan iqtisadiyyatında da innovativ texnologiyaların transferi problemləri tədqiq olunur.

Məruzəçi texnoparkların fəaliyyətində ən yaxşı sənaye rəqəmsal texnologiyalarının tətbiqixüsusiyyətlərini diqqətə çatdırıb. İnnovativ məhsul istehsallı sənaye müəssisələrinin fəaliyyətində Sənaye robotları, Süni intellekt,  Əşyaların Sənaye İnterneti, blokçeyn texnologiyaları, virtual reallıq testləri, məhsul/xidmətlərin prototipinin yaradılmasının “rəqəmsal əkizlər”  texnologiyasına əsaslanan sistemlərlə hazırlanması kimi müasir rəqəmsal texnologiyaların tətbiqi xüsusiyyətləri haqqında geniş məlumat verib. O, Azərbaycan texnoparklarının fəaliyyət səmərəlilyinin yüksəldilməsi üçün 4.0 Sənaye inqilabı elementlərinin, beynəlxalq təşkilatların müəssisələrin gələcək inkişaf konsepsiyasında onlara yürüdülən tələblər, prioritetlər  nəzərə alınmaqla müvafiq təklif və tövsiyələrin işlənildiyini xüsusi qeyd edib.

Dosent Ə.Əliyev sonda institutlararası əlaqələrin möhkəmləndirilməsi istiqamətində işlərin yerinə yetirilməsi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun innovativ elmi potensialından istifadə etməklə  informasiya və rəqəmsal iqtisadiyyatın kibertəhlükəsizlik dayanıqlılığının yüksəldilməsi problemlərinin tədqiqi, müasir iqtisadiyyatda beynəlxalq çağırışların tələblərinin nəzərə alınması, iqtisadiyyatın yaşıllaşdırılması problemlərinin tədqiqi və ətraf mühitin mühafizəsi istiqamətində tədqiqatların aparılmasına elmi dəstəyin verilməsi imkanları haqqında fikirlərini bölüşüb.

Qeyd edək ki, onlayn formatda keçirilən beynəlxalq elmi konfransa təqdim edilmiş materialların həm konfransın məruzələri formatında həm də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Enerji İqtisadiyyatı Mərkəzinin Xəbərləri” jurnalının (ENECO) 2022-ci il üzrə 1-ci nömrəsində dərc olunması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.