Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında işçilərin attestasiyası keçirilir.
Bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev bildirib.
Akademikin sözlərinə görə, AMEA İnformasiya Texnologiyaları İnstitutunda hazırda bu proses davam edir:
“Attestasiya zamanı AMEA-nın əməkdaşlarının qarşısına qoyulan vəzifələrə yenidən baxılır, işinin səmərəliliyi müəyyən edilir. Bu proseslər zamanı yerdəyişmələr ola bilər. Daxili tənzimləmə məqsədi daşıyan attestasiya bizə kömək edir ki, dəyişən elmi prioritetlərə uyğun olaraq kadrları yenidən yerləşdirək və strukturu təzədən formalaşdıraq. İntellektual resursların düzgün yerləşdirilməsi birbaşa elmin inkişafına hesablanıb”, - deyə akademik bildirib.
Qeyd edək ki, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan elmi tədqiqat müəssisələrində də hazırda attestasiya keçirilir.