AMEA-nın vitse-prezidenti, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının sədri, akademik Rasim Əliquliyev FRTEB-in Ümumi yığıncağının onlayn iclasında 26-29 may 2022-ci il tarixində Bakıda keçiriləcək “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında FRTEB-in elmi müəssisələrinin iştirakı haqqında çıxış edib.
Akademik texnologiya sahəsində ən son nailiyyətlərin təqdim olunacağı “Teknofest Azərbaycan” festivalının ölkəmizdə keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu tədbirin ölkəmizdə keçirilməsinə verdiyi böyük dəstək, eləcə də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “Teknofest Azərbaycan”da nəzərdə tutulan iştirakı bu festivalın böyük tarixi əhəmiyyətə malik olmasının göstəricisidir.
FRTEB-in elmi müəssisələrinin bu mötəbər tədbirdə iştirakının zəruriliyi məsələsinə toxunan akademik Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyi tərəfindən “Teknofest Azərbaycan”da AMEA üçün xüsusi pavilyonun ayrıldığını diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti festival çərçivəsində FRTEB-in institut və təşkilatlarının gənc startaplara dəstək göstərməsi, orta məktəb şagirdlərinin AMEA-nın müvafiq laboratoriyaları ilə tanışlığının təşkil edilməsi, alimlərin texnologiyalara dair çıxışlar, təqdimatlar etməsinin əhəmiyyətindən danışıb.
Akademik AMEA Yüksək Texnologiyalar Parkının ən son texnoloji məhsullarının həmin festivalda nümayişinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.
Sonda R.Əliquliyev əlavə edib ki, “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında AMEA-nın elmi potensialı yüksək səviyyədə təmsil olunmalı, xüsusilə FRTEB-in elmi müəssisələri və aliməri yaxından iştirak etməlidirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.