Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının cari il üzrə ilk onlayn iclasında 1992-ci il fevralın 26-da baş vermiş dəhşətli Xocalı soyqırımında həyatını itirən həmvətənlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən amansız və qəddar cinayətlərdən olan Xocalı soyqırımından bəhs edən AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağının sədri, akademik Rasim Əliquliyev hər il fevralın 26-da Azərbaycan xalqı ilə yanaşı, digər tərəqqipərvər xalqların da bu dəhşətli faciəni qeyd etdiklərini deyib. Alim 30 il bundan öncə erməni işğalçılarının Xocalı şəhərinə hücum edərək yüzlərlə azərbaycanlının həyatına son qoyduqlarını, bu dəhşətli faciədə 613 insanın vəhşicəsinə öldürülüyünü xatırladıb: “63 uşaq, 70 qoca, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmişdir. Ümumilikdə itkin düşən 150 nəfərin taleyi hələ də məlum deyil”.
Akademik nitqinin sonunda Xocalı soyqırımı qurbanlarına Allahdan rəhmət diləyib, onların xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağına inamını ifadə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.