AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, i.f.d., dosent Əlövsət Əliyev 24-25 fevral 2022-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə “Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa” mövzusunda onlayn və ənənəvi formatda keçirilmiş II beynəlxalq elmi konfransında (ISCRRPCS-2022) məruzə ilə çıxış etmişdir.
Beynəlxalq elmi konfransda Azərbaycan alimləri ilə yanaşı dünyanın müxtəlif ölkələrindən - Almaniya, Rusiya, Türkiyə və s. kimi ölkələrin tədqiqatçıları da iştirak etmişdir. Əsas məruzəçilər olaraq müxtəlif ölkələrdən dünya tərəfindən tanınan alimlər dəvət edilmişdir.
Tədbiri açılış nitqi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı açaraq qeyd etmişdir ki, beynəlxalq konfransın keçirilməsində əsas məqsəd böhran və bərpası tələb olunan ərazilərin əsas inkişaf sahələri üçün bilik və təcrübə mübadiləsinin aparılmasına şərait yaratmaqdır.
Konfransın seksiya iclaslarında yenidənqurma və bərpa, konflikt sonrası siyasət və planlaşdırmanın nəzəri problemləri və modelləri, münaqişələrdən qaynaqlanan bərpa, yenidənqurma və məcburi köçürmə problemləri, təbii ehtiyatlar və onların ekoloji problemləri, neft-kimya sənayesi və ekoloji təhlükəsilik, qarabağın azad olunmuş bölgələrində faydalı qazıntı yataqlarının istismarının müasir vəziyyəti, iqtisadi siyasətin prioritetləri, mühit problemlərin həllində yeni texnoloji yanaşmalar və materialların tətbiqi, biznesin və firmaların fəaliyyətinin bərpası və yenidən qurulması, təhsil və elm, verilənlərin intellektual analizinin modelləşdirilməsinin monitorinqi və simulyasiya, regionların iqtisadi inkişafı, enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələrinin inkişaf perspektivləri istiqamətlərində aktual mövzular ətrafında tədqiqatçıların məruzələri dinlənilmiş və müzakirələr aparılmışdır.
Sonra dosent Əlövsət Əliyev “Postkonflikt zonalarda iqtisadi informasiya sistemlərinə potensial ziyanların və təhlükələrin qiymətləndirilməsinə konseptual yanaşma” mövzusunda çıxış etmişdir. O, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin rəhbərliyi ilə institutda işğaldan azad olunmuş ərazilərin inkişafına istiqamətlənmiş elmi-tədqiqat işləri haqqında məlumat vermişdir.
O, beynəlxalq konfransda Azərbaycanın erməni işğalından azad edilmiş postkonflikt zonalarında iqtisadiyyatın və regional strukturların bərpasında rəqəmsal transformasiyanın iqtisadi informasiya sistemlərinə ola bilən potensial ziyanların və təhlükələrin qeyri-səlis metodlarla qiymətləndirilməsinə konseptual yanaşma haqqında məruzəsini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Azərbaycanın erməni işğalından azad edilmiş postkonflikt zonalarında yeni iqtisadiyyat quruculuğunun inkişafının sürətləndirilməsi üçün ölkə miqyasında koordinasiya olunmuş quruculuq işləri aparıldığını qeyd etdi. Məruzəçi regional iqtisadiyyatın bərpasında və onların inkişafında 4.0 Sənaye inqilabının tətbiqləri və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla innovativ mühitin formalaşdırılmasında müvafiq İKT və informasiya sistemlərinin vacibliyini bildirmiş, postkonflikt zonaların iqtisadi informasiya sistemlərinə potensial təhlükələri və ziyanların spektri haqqında söz açmışdır.
Dosent Ə.Əliyev informasiya sistemlərinin təhlükəsizliyinə təhdidlər nəticəsində ola bilən potensial ziyanların növləri, potensial ziyanların kompleks qiymətləndirilməsinə bəzi elmi-metodoloji yanaşmaların işlənildiyini bildirmişdir. Eləcə də informasiya sistemlərinə potensial təhlükə və ziyanların qeyri-səlis qiymətləndirilməsi üçün təkliflərin işlənildiyini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. O, informasiya sistemlərinin potensial ziyanlarının ekspertlər tərəfindən alınmış yekun qeyri-səlis çoxluqlarının emalı prinsiplərini şərh edərək qeyd etmişdir ki, postkonflikt zonalarda iqtisadi informasiya sistemlərinə ola bilən potensial ziyanların qiymətləndirilməsi məsələlərinin həllində müasir texnologiya və metodların tətbiqi ilə effektiv nəticələrə nail olmaq mümkündür.
Məruzəçi postkonflikt zonaların inkişafında 4.0 Sənaye inqilabı çərçivəsində bəzi texnoloji innovasiyaların tətbiqi və əhəmiyyətini xüsusi vurğulamışdır. O, müxtəlif sahələrdə 4.0 Sənaye inqilabına əsaslanan yeni görmə interfeysi, daşınan İnternet, Əşyaların İnterneti, “ağıllı” ev, “rəqəmsal” insan, “Ağıllı” şəhər, Big Data texnologiyaları, pilotsuz avtomobillər, süni intellekt, robototexnika, kriptovalyuta texnologiyaları, istehsalatda, təhsildə, tibbi sferada və kütləvi tələbat malları sahəsində 3D nəşri kimi əsas İnternet və informasiya texnologiyalarının tətbiqi imkanları haqqında geniş məlumat vermişdir.
Ə.Əliyev sonda institutlararası əlaqələrin möhkəmləndirilməsi istiqamətində işlərin yerinə yetirilməsi, İnformasiya Texnologiyaları İnstitutunun innovativ elmi potensialından istifadə etməklə postkonflikt zonalarda yeni iqtisadiyyat quruculuğunun bərpasına, bu istiqamətdə tədqiqatların aparılmasına elmi dəstəyin verilməsi imkanları haqqında fikirlərini bildirmişdir.
Tədbirdə elmi konfrans materiallarının kitab şəklində çap olunması, eyni zamanda seçilmiş konfrans məqalələrinin yaxın vaxtlarda “Scopus”, “Web of Science”, “Elsevier”də indekslənmiş jurnallarda dərci haqqında məlumat verilmişdir.
Qeyd edək ki, beynəlxalq konfransa 130-dən artıq elmi məqalə qəbul olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.