Fevralın 11-də “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr olunmuş “Bərabərlik, müxtəliflik və inklüzivlik: su bizi birləşdirir” mövzusunda konfrans keçirilib. Konfransda AMEA İnformasiya Texnologiyaları İnstitutunun Qadınlar şurasının üzvləri də iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransın keçirilməsinin əhəmiyyətindən danışıb. O, 10 il öncə Naxçıvan Dövlət Universitetində keçirilmiş və su problemlərinin həllinə həsr olunmuş konfransa dünyanın müxtəlif ölkələrindən alimlərin qatıldığını xatırladıb.
Akademik İ.Həbibbəyli son illər dünya ictimai-siyasi gündəmində səslənən “Üçüncü Dünya Müharibəsinin səbəbi neft deyil, su ola bilər” fikrinə diqqət çəkərək su probleminin dünyanın qlobal problemləri arasında ön sıralarda dayandığını vurğulayıb. AMEA-nın vitse-prezidenti Ümumdünya Səhiyyə Təşkilatının məlumatına istinadə edərək bildirib ki, bu gün dünya əhalisinin 15 faizindən çox hissəsi su qıtlığından əziyyət çəkir.
İ.Həbibbəyli bugünkü konfransın Birləşmiş Millətlər Təşkilatı, NATO səviyyəsində narahatlıq doğuran aktual məsələlərdən olan suyun tibbi-bioloji, ədəbi-mədəni, milli-mənəvi dəyərini nəzərə alaraq bu problemlərə həsr olunmasını yüksək qiymətləndirib. O, konfransda təqdim olunan məruzələrdə sözügedən məsələlərə kompleks yanaşmaların təqdim olunacağını vurğulayıb, tədbirdə səsləndiriləcək fikir və təkliflərin elmimizlə yanaşı, bütövlükdə ölkəmizin inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirib. Alim Azərbaycanın su problemlərinin həllinə akademik səviyyədə yanaşıldığını qeyd edərək ən qədim zamanlardan bugünədək suyun xalqımız tərəfindən müqəddəs hesab olunduğunu vurğulayıb. İ.Həbibbəyli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması ilə su ehtiyatlarımızın sayının artdığını, lakin bu istiqamətdə də bir sıra problemlərin mövcud olduğunu bildirib.
“Hədəfimiz dünya əhəmiyyətli məsələlərin həllinə həsr olunmuş konfransdan irəli gələn tövsiyə və tapşırıqlardan, elmi ideyalardan bəhrələnərək su ehtiyatlarından daha səmərəli istifadə etməkdir”, - deyə vitse-prezident vurğulayıb. O, ölkə başçısı İlham Əliyevin ötən il su ehtiyatlarından səmərəli istifadə məsələlərinə dair Sərəncam imzaladığını və bu istiqamətdə Dövlət Komissiyası yaradılaraq müvafiq tapşırıqların verildiyini xatırladıb. Qeyd edib ki, sərəncamdan irəli gələn məsələlərin icrası üçün AMEA-da da əhəmiyyətli işlər görülür.
Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva tədbirin “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr olunmasını yüksək dəyərləndirib. O, ölkəmizdə qadınların cəmiyyətdə və elmdə roluna, onların inkişafına və hüquqlarının qorunmasına hər zaman böyük diqqət göstərildiyini vurğulayıb. Akademik G.Baxşəliyeva Ulu Öndər Heydər Əliyevin cəmiyyətdə qadınların rolunun artırılmasına xüsusi əhəmiyyət verdiyini xatırladıb, bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğrula davam etdirildiyini bildirib. Alim Azərbaycanın qadınların kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunması məsələlərinə dair dövlət səviyyəsində qərarların qəbul olunduğu dövlətlərdən biri olduğunu diqqətə çatdırıb.
Bütün dövrlərdə Azərbaycan ədəbiyyatında qadın azadlığı problemlərinə xüsusi yer ayrıldığını deyən G.Baxşəliyeva əlavə edib ki, istənilən cəmiyyətin mədəni səviyyəsi bu cəmiyyətdə qadınların mövqeyi ilə ölçülür. Akademik rəhbərlik etdiyi Şərqşünaslıq İnstitutunun da əsasən qadın əməkdaşlardan təşkil olunduğunu qeyd edib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Gender, qlobal su problemlərinin həllində elm, texnologiya və innovasiyaların rolu və davamlı inkişaf” mövzusunda məruzə ilə çıxış edib.
Akademik İ.Hüseynova həyatını elmə həsr etmiş qadın və qızlarımız üçün əlamətdar bir təqvimdə keçirilən konfransda tədbir iştirakçılarını salamlayıb, hər kəsə yeni yaradıcılıq uğurları arzu edib. İ.Hüseynova BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən elan edilmiş “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününün hər il bütün dünyada geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.
Qadınların daha firavan və təhlükəsiz dünya naminə hər zaman misilsiz töhfələr verməkdə olduğunu deyən AMEA-nın vitse-prezidenti COVID-19-la mübarizənin ön cəbhəsində mübarizə aparan qadın səhiyyə işçiləri və alimlərdən, test üsullarının təkmilləşdirilməsindən tutmuş vaksinlərin və yeni dərman preparatlarının hazırlanmasına qədər ən müxtəlif mövqelərdə həlledici rol oynayan tədqiqatçı qadınlardan bəhs edib.
“Azərbaycanda beynəlxalq miqyasda tanınmış, vətənimizə və dünya elminə böyük töhfələr vermiş onlarla qadın alim yetişdirilmişdir”, - deyə bildirən alim qadınların ölkənin ictimai-siyasi həyatında da hər zaman fəal iştirak etdiyini, təhsilin, mədəniyyətin, müxtəlif elm sahələrinin inkişafı üçün bir sıra işlər gördüyünü diqqətə çatdırıb.
Akademik İ.Hüseynova Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qadınların cəmiyyətin inkişafındakı rolunu daim yüksək qiymətləndirdiyini deyərək onun “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bu günkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər” - fikirlərini xatırladıb.
İ.Hüseynovanın sözlərinə görə, Azərbaycanda elmi işçilərin 56 faizi, fəlsəfə doktorlarının 51 faizi, elmlər doktorlarının 46 faizi, ali təhsil ocaqlarında və AMEA-da təhsil almış magistrlərin 54 faizindən çoxu, eləcə də Akademiya əməkdaşlarının 60 faizi qadınlardır: “Ölkəmizdə cəmiyyətin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsi olan elm və texnologiyalar üzrə təhsil alanların 40 faizi qızlardır, halbuki dünyada bu rəqəm 35 faizdən yuxarı deyildir, əksər ölkələrdə isə 5 faizi keçmir”.
Su çatışmazlığının Azərbaycan üçün də aktual məsələlərdən olduğunu vurğulayan vitse-prezident əlavə edib ki, BMT-nin İnkişaf Proqramı 2021-2050-ci illərdə iqlim dəyişikliyi ilə əlaqəli quraqlıqlar nəticəsində Azərbaycanda su təminatının 23 faiz azalacağını proqnozlaşdırır. Beynəlxalq Təbii Resurslar İnstitutunun quraqlıqla üzləşəcək ölkələr haqqında tərtib etdiyi siyahıda Azərbaycanın 2040-cı ildə ilk 20 ölkənin sırasında olacağı bildirilib.
“Sudan daha səmərəli istifadə etmək üçün suvarma sisteminə daha qənaətedici texnologiyaları inteqrasiya etmək zəruridir”, - deyə qeyd edən İ.Hüseynova bölgənin iqliminin dərindən öyrənilməlisinin və daha düzgün planlama aparılmasının əhəmiyyətinə toxunub. Akademik qeyd edib ki, sudan istifadənin səmərəliliyini və kənd təsərrüfatının məhsuldarlığını artırmaqla yanaşı, şirin su ehtiyatlarını toplamaq və təkrar istifadə etmək, eləcə də tullantı sularından istifadənin təhlükəsizliyini artırmaq üçün addımlar atılmalı, iqlim dəyişikliklərinə adaptiv kənd təsərrüfatı sistemlərinin qurulmasına çalışmalıyıq.
“Su resurslarının idarə olunmasında gender bərabərliyinin inteqrasiyası iqlim dəyişikliyi şəraitində bütün əhalinin ehtiyaclarının nəzərə alınmasına və risklərin azalmasına səbəb ola bilər”, - deyən AMEA-nın vitse-prezidenti qeyd edib. O, gender bərabərliyinin su siyasətinə inteqrasiyası üçün bir sıra tədbirlərin görülməsinin vacibliyindən danışıb. Bildirib ki, su çatışmazlığı ilə bağlı gender əsaslı məlumatların toplanması və işlənməsi, qadınların iqlim dəyişikliyi və su resurslarının idarə edilməsində iştirakını artırmağa yönələn layihələrin həyata keçirilməsi, su ilə bağlı problemlərin həlli üçün qadınlara alternativ gəlir mənbələrinin yaradılması bu cür tədbirlərdən ola bilər.
Akademik İ.Hüseynova çıxışının sonunda qeyd edib ki, insanlar əsrlər ərzində dövrümüzə gəlib çatmış su adlı neməti dəyərləndirməli və gələcək nəsillər üçün qoruyub saxlamalıdırlar.
Sonra Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev çıxış edərək nazirlik adından elm sahəsində fəaliyyət göstərən qadınları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
O, rəhbərlik etdiyi şöbədə su problemləri ilə yaxından məşğul olduqlarını bildirib. F.Tağıyev bu gün ölkəmizdə su ehtiyatlarından istifadə məsələlərinə toxunaraq, bu ehtiyatların 80-90 faizinin kənd təsərrüfatında suvarma zamanı istifadə olunduğunu nəzərə çatdırıb.
“Azərbaycanda kənd təsərrüfatı sahəsi əsasən suvarılan əkin sahələri üzərində qurulub”, - deyə bildirən F.Tağıyev ölkəmizdə yetişən məhsulların böyük əksəriyyətinin suvarılan torpaqlardan əldə edildiyini qeyd edib.
Şöbə müdiri Azərbaycanda su balansının formalaşdırılması istiqamətində görülən işlərdən bəhs edib, ölkəmizin su ehtiyatlarının 70 faizinin ölkə xaricində formalaşdırıldığını deyib, bu probleminin ciddi risk təşkil edən məsələlərdən olduğunu vurğulayıb. Əlavə edib ki, dövlət başçısının müvafiq sərəncamı ilə yaradılmış komissiya bu istiqamətdə ciddi işlər görür.
F.Tağıyevin sözlərinə görə, qardaş Türkiyədə bu məqsədlə yaradılmış 1674 nəfərdən ibarət Su Şurasının tərkibinə elm adamları və müxtəlif ictimai strukturların nümayəndələri də daxil edilib. “Bu addım elm və istehsalat arasında əlaqələrin daha da genişlənməsinə, səmərəli nəticələrin ortaya çıxmasına səbəb ola bilər”, - deyə bildirən məruzəçi bu təcrübənin Azərbaycanda da tətbiqinin zəruriliyini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya çıxış edərək bu kimi konfransların keçirilməsinin önəmindən danışıb. O, konfransda səsləndirilən fikirlərin, təqdim olunan məruzələrin su problemlərinin həlli istiqamətində gələcək prioritetlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi, coğrafiya üzrə fəlsəfə doktoru Umayra Tağıyeva “İqlim dəyişmələri, su və gender” mövzusunda məruzə edib.
BMT-nin Dünya su inkişafı hesabatına əsasən, suya olan tələbatın hər il təqribən bir faiz artdığını deyən U.Tağıyeva iqlim dəyişmələrinin ölkəmizdə də özünü büruzə verdiyini bildirib. “Araşdırmalar göstərir ki, iqlim dəyişmələrinə qarşı ən həssas sektor məhz su sektorudur. Gələcəkdə baş verə biləcək ciddi su qıtlığı problemlərini azaltmaq üçün sudan səmərəli istifadəyə dair qərarların qəbul olunmasında qadınların daha fəal iştirakının təmin olunmasını dəstəkləyirik”, - deyə Milli Hidrometeorologiya Xidmətinin rəisi əlavə edib.
U.Tağıyeva son illər ölkəmizdə ekoloji problemlərin həlli və ətraf-mühitin mühafizəsi üzrə əhəmiyyətli tədbirlərin görüldüyünü və suyun səmərəli istifadəsi ilə bağlı ölkə rəhbərliyinin təsdiq etdiyi irimiqyaslı layihələrin həyata keçirildiyini vurğulayıb.
O, iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımızın 10 faiz azalmasının müşahidə edildiyini, ölkəmizdə gələcəkdə də su ehtiyatlarının azalmasının proqnozlaşdırıldığını diqqətə çatdırıb.
Məruzəçinin sözlərinə görə, hazırda Azərbaycanda su ehtiyatlarının qiymətləndirilməsi və dəqiq uçotunun aparılması məqsədilə hidroloji şəbəkə avtomatlaşdırılır. Son iki il ərzində dövlət investisiyası çərçivəsində respublikamızın əsas çaylarında 25 ən müasir hidroloji avtomat stansiya quraşdırılıb. U.Tağıyeva bu istiqamətdə işlərin davam etdirildiyini, 11 yeni stansiyanın quraşdırılmasının nəzərdə tutulduğunu bildirib.
Tədbirdə “Azərsu” ASC-nin Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəis müavini Elvira Hüseynova “Su çatışmazlığı və gender məsələləri”, AMEA Qadınlar Şurasının sədri, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə “Su diplomatiyası siyasəti: eynilik və fərqlilik mənzərəsində”, Bakı Dövlət Universitetinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının professoru Fərayət Əhmədova “Su – həyatın əsas inkişaf komponentidir”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova “Su-bataqlıq ərazilərində yerləşən xüsusi mühafizə olunan təbiət əraziləri və onların əhəmiyyəti” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda, həmçinin “Azərbaycanda suların biotəhlükəsizliyinin mikrobioloji aspektləri”, “Su və fəlsəfə”, “Sudan səmərəli istifadə edilməsində müasir elm və texnologiyaların rolu”, “Sellərin əhali məskunlaşmasına, sənaye və kənd təsərrüfatının inkişafına təsiri”, “Azərbaycan folklorunda su ilə bağlı inanc və rituallar”, “Qlobal su qıtlığı və qida təhlükəsizliyi”, “Su və sanitariya məsələləri gender perspektivindən” mövzularında məruzələr dinlənilib.
Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, su problemlərinin həllinə dair çoxsaylı təkliflər səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.