Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş konfransın açılış mərasimi keçirildi

03 Fevral 2022 - 16:40 | Konfranslar, İclaslar

Fevralın 3-də dahi azərbaycanlı alim Lütfi Zadənin anadan olmasının 100 illiyinə və elmi irsinə həsr olunmuş 8-ci Ümumdünya Soft Computing Konfransının (8th World Conference On Soft Computing) onlayn formatda açılış mərasimi keçirildi.

Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu, Berkli Kaliforniya Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı, Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə təşkil olunmuşdur.

Fevralın 5-dək davam edəcək tədbirdə Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində olan tanınmış alim və mütəxəssislər də iştirak edəcək.

Konfransın açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Əli Abbasov çıxış edərək tədbir iştirakçılarını salamladı. O, Lütfi Zadənin bütün dünyaya səs salan  6 mühüm nəzəriyyəsinin hazırda elm və istehsalatda geniş şəkildə tətbiq olunduğunu dedi. Dünya şöhrətli alimin 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 96 yaşında vəfat etdiyini xatırladan akademik onun sağlığında Bakıda dəfn olunmasını vəsiyyət etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, sentyabrın 28-də alimin cənazəsi San-Fransiskodan Bakıya yola salınmış, səhəri gün I Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

Ə.Abbasov gün ərzində L.Zadə yaradıcılığına həsr olunmuş əhəmiyyətli məruzələrin dinləniləcəyini bildirdi, konfransın işinə uğurlar arzuladı.

Sonra tədbirdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış etdi. Alim öncə konfrans iştirakçılarını Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin rəhbərliyi, eləcə də institutun kollektivi adından salamladı.

Qeyri-səlis məntiq nəzəriyyəsinin Lütfi Zadəyə dünya şöhrəti qazandırdığını deyən akademik, bu nəzəriyyənin dünya elm tarixinə inqilabi nailiyyət kimi daxil olduğunu dedi. R.Əliquliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 yanvar 2021-ci il tarixində görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə görkəmli elm xadiminin 100 illik yubileyinə dair fəaliyyət planı hazırlamışdır.

Konfransın həmin fəaliyyət planı çərçivəsində təşkil olunduğunu vurğulayan R.Əliquliyev bu tədbirin L.Zadə yaradıcılığının, onun bəşəri ideyalarının təbliğinə töhfələr verəcəyinə, müvafiq sahədə əldə olunmuş elmi nailiyyətlərin təqdim olunması üçün mühüm platforma rolunu oynayacağına əminliyini bildirdi.

Alim ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sosial-iqtisadi inkişafı yolunda mühüm nəticələrin əldə edildiyini, ölkəmizdə süni intellekt, IV Sənaye inqilabı və dünyanın qlobal çağırışlarını, milli və strateji maraqları özündə ehtiva edən elmi-nəzəri, innovativ tədqiqatların aparıldığını nəzərə çatdırdı. Azərbaycan alimlərinin dünyada gedən proseslərdə fəal iştirak edərək elm qarşısında dayanan qlobal problemlərin həllinə yönələn çağırışlara qoşulduqlarını vurğuladı.

Akademik nitqinin sonunda belə bir mühüm tədbirin təşkilində rolu olan təşkilatçılara, eləcə də alim və tədqiqatçılara təşəkkürünü bildirdi: “Pandemiya şəraitinə baxmayaraq həm Azərbaycan, həm də dünyanın müxtəlif ölkələrindən olan aparıcı alimləri bir araya gətirən bu konfrans Zadə ideyalarının yayılmasına təkan verməklə yanaşı, elmi əməkdaşlıq üçün yeni imkanlar açacaq”.

Sonra Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov çıxış etdi. O, söylədi ki, qeyri-səlis məntiq sahəsində elmi məktəb yaradaraq müasir dünyanın elm tarixinə öz adını qızıl hərflərlə yazdıran görkəmli alim Lütfi Zadənin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması Azərbaycan dövlətinin elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğının təzahürüdür.

F.Qurbanov bildirdi ki, L.Zadə dünya elminə min illər ərzində hakim olan paradiqmanı dəyişərək bəşəriyyətin ən böyük ixtiraçı alimlərindən biri kimi şöhrət qazanmışdır. O, inqilabi texnologiyaların yaradılmasında müstəsna rolu olan alimlərdəndir. L.Zadə yaddaşlarda təkcə elm fədaisi və ziyalı olmağı ilə deyil, həm də yüksək insani keyfiyyətləri, nəcib xüsusiyyətləri ilə qalmışdır.  

Konfransın açılış mərasimində, həmçinin rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Neman Muradlı, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, akademik Asəf Hacıyev, eləcə də dünyanın müxtəlif ölkələrindən olan tanınmış alimlər çıxış edərək Lütfi Zadənin dünya elminə bəxş etdiyi mühüm töhfələrdən, əsas elmi nailiyyətlərindən bəhs etdilər, dahi alimin əziz xatirəsinin əbədi olaraq yaşayacağına əmin olduqlarını bildirdilər.

Konfrans öz işini plenar iclaslarda məruzələrlə davam etdirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.