Vətəndaş elmi hər kəsin elmə töhfə verməsinə imkan yaradan konsepsiyadır

18 Yanvar 2022 - 17:38 | Mühüm hadisələr
Vətəndaş elmi hər kəsin elmə töhfə verməsinə imkan yaradan konsepsiyadır

Ənənəvi olaraq elmlə yalnız ali təhsilli və ya müəyyən elmi dərəcəsi olan şəxslərin məşğul olması məlum idi. Bu proses “vətəndaş elmi” anlayışı meydana gələnə qədər belə olmuşdur. Belə ki, indiki dövrdə, daha dəqiq desək, son bir neçə onillik ərzində savadı olmayan, lakin elmə töhfə verməkdə maraqlı olan, bəzi hallarda isə sadəcə yeni biliklərə yiyələnərək özünü inkişaf etdirmək istəyən adi vətəndaşlar da elmi fəaliyyətdə iştirak edə bilər. Bunu “vətəndaş elmi” adlandırırlar. Niyə məhz “vətəndaş” elmi? Çünki bu cür elmi prosesdə məlumatların toplanması, bəzi hallarda isə onların emalı, ötürülməsi və digər proseslərdə də, əsasən, könüllü vətəndaşlar iştirak edir. Vətəndaş elminin iştirakçıları isə müvafiq olaraq, “vətəndaş alimlər” adlandırılır.

Vətəndaş elmi layihələri geniş ictimaiyyətin elmə cəlb olunmasına yönəlmişdir. Bəzi layihələr məktəblilər üçün hazırlandığından, burada həm tədris, həm də elmi aspektlər nəzərə alınmışdır. Bu da onu göstərir ki, vətəndaş elmi həm də qeyri-formal təhsil üçün bir yanaşmadır. Bütün bunları nəzərə alaraq, vətəndaş elmini çox vaxt “ictimaiyyətin elmi tədqiqatlarda iştirakı” da adlandırırlar.

“Vətəndaş elmi” termini yeni olsa da, bir təcrübə olaraq onun tarixi qədimdir. Hələ Şimali Amerikanın Britaniya müstəmləkəçiliyi zamanı ilk vətəndaş alimlər havanı qeydə alan Amerika kolonistləri idi. İqlim haqqında məlumatları və iqlim dəyişikliyini qiymətləndirmək üçün istifadə olunan məlumatların çoxunu onlar toplamışlar. Bu insanlar arasında 1600-cü illərin ortalarında fırtınaları qeydə alan Con Kampanius Holm, həmçinin Amerikanın qurulması zamanı hava şəraitini izləyən Corc Vaşinqton, Tomas Cefferson və Benjamin Franklin də var idi. Onların işi elmi sahələrdə xüsusi peşəkar biliklərə deyil, öz həmyaşıdları və sələflərinin məlumatlarını toplamaq yolu ilə nümunələri müəyyən etməyə yönəlmişdi.

XX əsrin ortalarında isə elmdə universitetlərdə və hökumət tədqiqat laboratoriyalarında çalışan tədqiqatçılar üstünlük təşkil edirdi. 1970-ci illərdə bu transformasiya şübhə altına alınmağa başladı. Filosof Paul Feyerabend “elmin demokratikləşməsinə” çağırış etmişdir. Biokimyaçı Ervin Çarqaff isə Dekart, Nyuton, Leybnits, Buffon və Darvinin ənənəsinə uyğun olaraq təbiəti sevən həvəskarların elmə qayıtmasının tərəfdarı idi.

2016-cı ildə aparılan araşdırma göstərir ki, vətəndaş elminin ən böyük təsir sahəsi biologiya, ətraf mühitin mühafizəsi və ekologiya üzrə tədqiqatlardır və əsasən, məlumatların toplanması və təsnifatı metodologiyası olaraq istifadə olunur. Lakin zaman keçdikcə vətəndaş elmi daha çox sahədə tətbiq imkanları tapır. Bu isə müasir kompüter texnologiyaları sayəsində mümkün olmuşdur. Əvvəllər məlumatları bir yerə toplamaq, onları yaddaşda saxlamaqla bağlı  problemlər olmuşdur. İnformasiya adlandırdığımız məfhum yalnız gördüklərimizdən ibarət idi. Hazırda isə şəbəkə texnologiyaları, İnternet bağlantısı vasitəsilə bu məlumatları saxlamaq, həm də ötürmək mümkündür. Gözlə gördüyümüz obyekt və hadisələri isə smartfonun kamerası vasitəsilə çəkməklə onlar haqqında geolokasiya kimi məlumatları bir təsvirdə cəmləşdirmiş olarıq.

Sənaye inqilabları da vətəndaş elminin inkişafına təsirsiz ötüşməmişdir. Belə ki, yaşadığımız dövr dördüncü sənaye inqilabı dövrüdür. Ətraf mühitin obyektlərinə sensorların qoşulmasını ehtiva edən Əşyaların İnterneti, bu texnologiyanı özündə saxlayan kiberfiziki sistemlər, böyük həcmli verilənlərin idarə edilməsini asanlaşdıran bulud hesablamaları, bu böyük verilənlərin analitikası texnologiyası, getdikcə insan zəkasına yaxınlaşan süni intellekt kimi texnoloji alətlər bu dövrü xarakterizə edir. Bu texnologiyaları özündə saxlayan dördüncü sənaye inqilabı “ağıllı” avtomatlaşdırmaya əsaslanan texnologiyaların tətbiq olunması ilə xarakterizə olunur. İKT-nin bu imkanlarından vətəndaş elmində istifadə isə elmi tədqiqatların keyfiyyətini xeyli yaxşılaşdırır. Belə ki, lazımi informasiyanın axtarılmasına daha az vaxt sərf olunur, əldə olunan məlumatlar daha dəqiq olur, məlumatların emalı prosesi daha sürətli baş verir və s. Digər tərəfdən, vətəndaş alimlərin iştirakının özü də ənənəvi alimlər üçün tədqiqatı asanlaşdırır. Belə ki, layihələrin gedişində əldə olunan məlumatların çox olması onların bir alim tərəfindən emalını qeyri-mümkün edir. Burada isə vətəndaş alimlər köməyə çatır.

Vətəndaş elminin aktuallığını göstərmək üçün müxtəlif xarakterli layihələr çoxluğunu özündə saxlayan citsci.org portalına nəzər salaq. Burada qeydiyyatdan keçmiş 1 066 layihədə iştirak edən 12 689 vətəndaş alimin apardığı 1 455 918 ölçmə, 73 022 sayda məkan qeydiyyatı və 129 586 müşahidə vətəndaş elmi layihələrinin aktivliyini, onlara olan marağı əks etdirir.

Dövrümüzdə istifadə olunan texnologiyaların köməyi ilə vətəndaş elmi layihəsi yerinə yetirmək olduqca asandır. Hər kəs təbiətdə, ətraf mühitdə, eləcə də özünə maraqlı olan istənilən bir elm sahəsində aktual bir məsələ ilə bağlı vətəndaş elmi layihəsi yarada bilər. Bunun üçün adi smartfon və internet bağlantısı kifayət edir. Bu iki yardımçı vasitə vətəndaşlara öz həmfikirlərini tapmaq, maraqlı olan məsələni müzakirə etmək, oxşar məsələləri analiz edərək hər hansı nəticəyə gəlmək, bununla da tədqiqat məsələsi seçməyə imkan verir. Tədqiqat məsələsi seçildikdən sonra isə artıq vətəndaş elmi layihəsinin həyata keçirilməsinə başlamaq olar. Təbii ki, burada iştirak etmək istəyən digər vətəndaşların cəlb olunması vacib məsələdir. Çünki layihədə nə qədər çox vətəndaş alim iştirak edərsə, əldə olunan verilənlərin həcmi də bir o qədər böyük olar, daha çox verilənlər isə daha dəqiq təsnifatı əhatə edir. Bu isə birbaşa layihənin uğuru deməkdir. Beləliklə, layihəyə daha çox könüllünü cəlb etmək üçün də müasir texnologiyalar köməyimizə çatır. Müasir dövrdə çoxlarının istifadə etdiyi sosial şəbəkələr, o cümlədən, elmi sosial şəbəkələr vasitəsilə layihələri paylaşmaq, maraqlı məsələləri müzakirə etməklə layihələrin əhatə dairəsini genişləndirmək olar.

Qabaqcıl texnologiyalardan istifadə olunması müasir vətəndaş elmi layihəsinin müvəffəqiyyətini şərtləndirən əsas amildir. Məlumatların toplanması, analiz edilməsi, müvafiq qərarların qəbul edilməsi prosesləri Sənaye 4.0 adlandırılan dördüncü sənaye inqilabının özü ilə bərabər gətirdiyi texnologiyalar vasitəsilə mümkün olmuşdur. Belə bir nümunə götürək. Tutaq ki, şəhər yollarının velosiped kimi alternativ nəqliyyat vasitələri üçün nə dərəcədə uyğun olduğunu müəyyən etmək istəyirik. Layihəni həyata keçirmək üçün bizə velosiped və yollardakı çuxurlar, daşlar və s. kimi nahamarlıqları qeydə almaq üçün xüsusi cihaz lazım olacaq. Nahamarlıqlardan keçən zaman həmin cihaz müvafiq vibrasiyaları qeydə alacaq, eyni zamanda bu qurğu həm də geolokasiyanın köməyi ilə həmin nahamarlıqların yerləşdiyi məkanı göstərmiş olacaq. Süni intellekt adlanan bu texnologiya Sənaye 4.0-ın ən qabaqcıl texnologiyası hesab olunur.

Ümumiyyətlə, Sənaye 4.0 elmin inkişafı üçün yeni perspektivlər açır və onun əsas texnologiyalarının elmdə tətbiqinə əsaslanan Elm 4.0 (Science 4.0) konsepsiyasının reallaşdırılmasını aktuallaşdırır. Başqa sözlə ifadə etsək, bu Sənaye 4.0 platformasında e-elmin transformasiyası ilə həyata keçiriləcəkdir. Yəni, e-elm Science 4.0-ın texniki-texnoloji bazası kimi qəbul olunub inkişaf etdirilməklə konsepsiya reallaşdırılacaqdır. Bu yanaşma ilə həmçinin elmin müxtəlif sahələrində də müvafiq transformasiyalar baş verəcək və nəticədə məs., e-Tibb 4.0, e-Fizika 4.0, e-Biologiya 4.0 və s. ilə yanaşı Vətəndaş elmi 4.0 də formalaşacaqdır.

E-elmin yeni istiqaməti kimi vətəndaş elminin inkişafı beynəlxalq qurumlar tərəfindən də dəstəklənir. Buna misal olaraq, UNESCO-nun Elm siyasəti və Potensialın gücləndirilməsi şöbəsinin Fəaliyyət Planında nəzərdə tutulmuş alimlər və vətəndaşlar arasında bilik mübadiləsinin təkmilləşdirilməsi üzrə “E-elmdə yeni tendensiyalar: vətəndaş elmi, mobil texnologiyalar və İKT” mövzusunda hesabatı qeyd etmək olar.

Vətəndaş elmi layihəsində müəyyən nəticələr əldə edildikdə, yaxud layihə başa çatdıqda alınan nəticələrin ictimaiyyətə açıq şəkildə paylaşılması vətəndaş elminin əsas prinsiplərindən olan “açıqlıq” prinsipini əks etdirir. Belə ki, vətəndaş elmi həm də “açıq elm”dir. Bu, o deməkdir ki, vətəndaş alimlər öz əməyinin bəhrəsini görə bilir. Vətəndaş elminə olan böyük maraq həm də bu aspektlə bağlıdır. Avropa İttifaqının “açıq elm” çağırışında da vətəndaş elmi xüsusi mövqeyə malikdir.

Nəzərə alsaq ki, elmi tədqiqatlar prosesinə çox sayda könüllülərin cəlb olunması elmi biliklərin əldə olunmasını asanlaşdırır, müasir texnologiyaların tətbiqi bu işdə vətəndaş alimlərə xeyli kömək edir, bunlar isə müxtəlif elm sahələrinin bütövlükdə inkişaf etməsinə səbəb olur, onda ənənəvi elmdə vətəndaş elmi verilənlərindən istifadə etmək cəmiyyətin həyat səviyyəsinin yaxşılaşdırılmasına gətirib çıxaracaqdır.

 

Nərgiz Verdiyeva,

AMEA İnformasiya Texnologiyaları İnstitutunun

elmi işçisi

 

azedu.az