Elmlər doktoru dərəcəsi almaq üçün təqdim ediləcək dissertasiya işlərinin ilkin müzakirəsi keçirildi

18 Yanvar 2022 - 17:37 | Konfranslar, İclaslar
Elmlər doktoru dərəcəsi almaq üçün təqdim ediləcək dissertasiya işlərinin ilkin müzakirəsi keçirildi

AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmlər doktorluğuna iddialı olan tədqiqatçıların elmi fəaliyyəti ilə bağlı müzakirələr aparıldı.

Öncə şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova “Demoqrafik proseslərin informasiya-analitik dəstəyinin təmin edilməsi üçün metod və modellərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edərək, tədqiqatın ümumi xarakteristikasını seminar iştirakçılarının diqqətinə çatdırdı.

İddiaçı demoqrafik vəziyyətin qiymətləndirilməsi, demoqrafik proseslərdə tendensiyaların müəyyənləşdirilməsi, demoqrafik proseslərin proqnozlaşdırılması, elektron demoqrafik sistemdə böyük verilənlərin toplanması, aqreqasiyası və analizi problemləri, demoqrafik məlumatların informasiya təhlükəsizliyinin təmin edilməsi problemləri, demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı problem və vəzifələrin müəyyənləşdirilməsi zərurətinin dissertasiya mövzusunun aktuallığını şərtləndirən amillərdən olduğunu bildirdi.

G.Nəbibəyova qeyd etdi ki, dissertasiya işinin məqsədi demoqrafik proseslərin informasiya-analitik dəstəyinin təmin edilməsi üçün metod və modellərin işlənməsidir.

Sonra çıxış edən institutun baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova “Elektron dövlət mühitində vətəndaşların davranışına görə sosial kreditlərinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi haqqında məlumat verdi.

Mövzunun aktuallığından söz açan iddiaçı bildirdi ki, vətəndaşın sosial kreditini qiymətləndirmədən onun cəmiyyətdəki mövqeyi, dövlətin sosial-iqtisadi inkişafında rolu və faydası haqqında dəqiq məlumat vermək çətindir. Cəmiyyətdə baş verən müxtəlif sosial və iqtisadi prosesləri öyrənmək, proqnozlaşdırmaq, problemləri aradan qaldırmaq və vətəndaşların davranışları ilə əlaqədar faydalı informasiya əldə etmək, vətəndaşları davranışlarına görə qiymətləndirmək üçün sosial kreditin qiymətləndirilməsinə ehtiyac vardır. Vətəndaşa aid bütün məlumatların (ailə, din, sosial durum, davranış, maraq və s.) toplanması və analizi sosial kreditin qiymətləndirilməsində Big Data texnologiyaları və intellektual analiz metodlarından istifadəni labüd edir.

“Dissertasiya işinin məqsədi e-dövlət mühitində vətəndaşların fərdi məlumatları, cəmiyyətdə davranışı və sosial kapitalına görə sosial kreditinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsidir”, – deyə İ.Ələkbərova qeyd etdi.

“Elmmetrik metodlar əsasında milli qiymətləndirmə sistemlərinin yaradılması üçün alqoritmlərin işlənməsi” adlı dissertasiya işi təqdim olundu. Mövzuya dair çıxış edən institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova tədqiqat işinin aktuallığı, hazırlanma mərhələsində olan məqalələr və s. barədə məlumat verdi.

İddiaçı dissertasiya işinin məqsədinin elmmetrik metodlar əsasında Azərbaycanda milli qiymətləndirmə sistemlərinin yaradılması və elmi mühitdə formalaşan qara bazarın müxtəlif səviyyələrdə təhlükələrindən qorunma alqoritmlərinin işlənilməsi olduğunu nəzərə çatdırdı.

R.Həsənovanın sözlərinə görə, Azərbaycanda elmi jurnalların qiymətləndirilməsi problemləri və həlli yollarının tapılması, yırtıcı jurnallarla mübarizə üsulları və antiyırtıcı sistemin işlənilməsi, Azərbaycan Elmi İstinad İndeksinin yaradılması konsepsiyasının və alqoritminin işlənilməsi, Azərbaycanda elmmetrik göstəricilər əsasında yaradılmış milli qiymətləndirmə sistemlərinin vahid bazada fəaliyyətinin təmin edilməsi tədqiqat işində qarşıya qoyulmuş əsas məsələlərdir.

Daha sonra hər bir tədqiqatçının dissertasiya işi ətrafında fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı, təklif və tövsiyələr səsləndirildi.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, ilkin müzakirəsi aparılan dissertasiya işlərində konkret istiqamətlərin müəyyənləşdirilməsinin önəmini vurğuladı, nüfuzlu elmi jurnallarda nəşr olunması üçün yeni məqalələrin hazırlanmasına dair tövsiyələr verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.