AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında elmlər doktoru elmi dərəcəsi almaq üçün iddialı olan daha 2 tədqiqatçının dissertasiya işinə dair müzakirələr aparıldı.
Öncə iclasda “Şəbəkə mühitində hesablama buludlarının sintezi və intelektual idarə edilməsi metodlarının işlənməsi” mövzusunda dissertasiya işi təqdim olundu. Mövzuya dair çıxış edən institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov işin qısa xarakteristikasını seminar iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, şəbəkəyə qoşulan mobil qurğuların və IoT cihazlarının və İnternet xidmətlərin sayının sürətlə artması (EaaS/XaaS -Everything as-a-Service - hər şey xidmət kimi), İnternet şəbəkəsində əlaqə kanalların həddən artıq yüklənməsi, şəbəkədə gecikmələrin baş verməsi və s. işin aktuallığını şərtləndirən amillərdir.
Dissertasiya işinin məqsədinə mobil qurğularda meydana çıxan hesablama və yaddaş resuslarındakı məhdudiyyətlərin aradan qaldırılması, istifadəçilərin böyük hesablama və yaddaş resurslar tələb edən proqram əlavələrindən istifadə edilməsinin təmin edilməsi, şəbəkədə baş verən gecikmələrin azaldılması, məsələlərin emal vaxtının sürətləndirilməsi, nəticələrin istifadəçilərə sürətlə çadırılması və s. daxildir.
R.Ələkbərovun sözlərinə görə, şəbəkə mühitində paylanmış hesablama sistemlərinin formalaşmasının konseptual modellərinin və arxitektur-texnoloji prinsiplərinin analizi, sərhəd bulud hesablama sistemlərinin elmi-nəzəri problemlərinin analizi və konseptual modelin işlənməsi, mobil hesablama buludların resurslarından səmərəli istifadə üçün intellektual idarəetmə sisteminin yaradılması tədqiqat işində qoyulmuş məsələlərdir.
İddiaçı doktorluq dissertasiyasının Giriş və 5 fəsildən ibarət olduğunu, iş üzrə 16 məqalə, 10 tezis və 3 kitabın hazırlandığını dedi. Məqalələrdən 5-nin nüfuzlu “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda çap olunduğunu qeyd etdi.
İnstitutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov üzərində işlədiyi doktorluq dissertasiyası haqqında ümumi məlumatları diqqətə çatdırdı. Bildirdi ki, kiber-fiziki sistemlərin istehsal, robototexnika, nəqliyyat, müdafiə, “ağıllı” şəhər, enerji şəbəkələri və s. kimi sahələrdə istifadə olunması, şəbəkədə gecikmələrin baş verməsi, əlaqə kanalının ötürmə qabilliyətinin az olması və s. “Kiberfiziki sistemlərin intellektual şəbəkə infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin hazırlanmasını zəruri etmişdir.
O, bildirdi ki, dissertasiya işinin məqsədi kiberfiziki sistemlərin effektiv idarəedilməsi və intellektual şəbəkə infrastrukturunun yaradılması üçün metod və alqoritmlərin işlənməsidir.
Tədqiqat işində qarşıya qoyulan məsələlər haqqında məlumat verən məruzəçi söylədi ki, buraya kiberfiziki sistemlərin elmi-nəzəri problemlərinin analizi, kiber-fiziki sistemlərinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənilməsi, Əşyaların intellekti əsasında kiberfiziki sistemlərin yaradılması üçün metod və alqoritmlərin işlənilməsi daxildir.
Sonra məruzələrə dair fikir mübadiləsi aparıldı, iddiaçılar onlara ünvanlanan sualları cavablandırdılar.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək hər iki iddiaçının dissertasiya işinin aktual mövzulara həsr olunduğunu qeyd etdi, elmi tədqiqatların dərinləşdirilməsi və yeni məqalələrin hazırlanmasına dair tövsiyələr verdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.