AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

10 Yanvar 2022 - 12:16 | Mühüm hadisələr

Yanvarın 7-də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının 2022-ci il üçün geniş tərkibdə ilk iclası keçirilib. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi katibi, İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dissertant Aysən Fərəcova iclasda iştirak edib.

Əvvəlcə 44 günlük Vətən müharibəsində ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək qəhrəmanlıq göstərən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov açıb. O, gənclərin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinin səmərəli şəkildə həyata keçirilməsi istiqamətində 2022-2024-cü illər üzrə İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilə biləcək layihələrdə yaxından iştirakının təmin olunması, bu istiqamətdə yeni layihələrin təqdim edilməsi məsələlərinin vacibliyinə toxunub. Bildirib ki, təqdim olunacaq layihələr müasir dövrün tələblərinə cavab verməli, yeni təkliflər irəli sürülməlidir.

Tədbirdə çıxış edən Aysən Fərəcova işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında infrastrukturun qurulması istiqamətində yerinə yetirilməli olan tədbirlərin İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tərəfindən araşdırıldığını, bu tədbirlərin diqqət mərkəzində olduğunu bildirib.

Aysən Fərəcova 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı olaraq məktəblilər, tələbələr, magistr, doktorant və dissertantlar arasında esse müsabiqələrinin təşkili, maarifləndirmə tədbirlərinin aparılması, gənclər üçün müxtəlif elmi istiqamətlər üzrə elmi seminarların keçirilməsi ilə bağlı təklifləri diqqətə çatdırıb.

Sonda təkliflərlə bağlı fikir mübadiləsi aparılıb, suallar səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.