MPLS protokolunun iş prinsipi necədir?

27 Dekabr 2021 - 14:10 | Konfranslar, İclaslar

MPLS (Multiprotocol label switching) protokolunun iş prinsipinə həsr olunmuş məruzə AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında təqdim olundu.

İnstitutun baş mütəxəssisi Orxan Mənsimzadə öz çıxışında öncə MPLS haqqında ümumi məlumat verdi. Məruzənin müəllifi qeyd etdi ki, MPLS protokolu artan istifadəçi sayına, çoxalan trafik həcminə, yüksək bant genişliyi və yüksək sürətə, routerlərdə çoxsaylı əməliyyatların aparılması və s. kimi xüsusiyyətlərə malikdir.

MPLS-in komponentlərindən bəhs edən məruzəçi diqqətə çatdırdı ki, bu protokol müxtəlif növ avadanlıqlar, eləcə də tətbiqlər arasında axınlar kimi müxtəlif sıxlıqlı nəqliyyat axınlarını idarə etmək mexanizmlərini müəyyən edir. Eləcə də 2-ci və 3-cü səviyyə protokollarından sərbəst işləməyi təmin edir. İP ünvanları müxtəlif növ paket yönləndirmə və ya kommutasiya texnologiyalarında istifadə olunur. RSVP və OSPF kimi mövcud marşrutlaşdırma protokolları ilə işləyir”.

O.Mənsimzadə MPLS-in komponentləri arasında FEC (Forward Equivalence Class), LDP (Label Distrubition Protocol) adlarını çəkdi. Söylədi ki, FEC eyni xüsusiyyətlərə malik paketlərin müəyyən edilməsi üçün hazırlanmış və paketlərin sürətlə göndərilməsini təmin edən metoddur. LDP isə MPLS şəbəkələrində paket məlumatlarını LSR-lərə paylanmasını təmin etmək üçün yaradılmış protokoldur. Bu protokol vasitəsilə FEC-lər paketlərə birləşir və və LSP-lər yaradılır.

Sonda məruzəçi MPLS-in qurulmasından söhbət açdı. Qeyd etdi ki, onun tətbiqində etiketin yaradılması və paylanması, hər bir marşrutlaşdırıcıda cədvəllərin yaradılması, etiket keçid yolunun yaradılması, başlıqların əlavə edilməsi və paketin göndərilməsi kimi addımlar atılmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.