Fizika–Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş ilk onlayn iclası keçirilib

24 Dekabr 2021 - 17:00 | Konfranslar, İclaslar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, FRTEB-in elmi müəssisələrinin baş direk­tor­la­rı və icraçı direktorları, elmi katibləri, təhsil, ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbələ­ri­nin rəhbərləri, eyni zamanda mühüm elmi nəticə müəllifləri iştirak ediblər.

Öncə AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağının sədri akademik Rasim Əli­quliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əli­ye­vin 60 illik yubileyi münasibətilə FRTEB-in alim və mütəxəssislərinin təbriklərini səsləndirib. “Əsası Ümummili lider, müstəqil Azərbaycan dövlətinin memarı Hey­dər Əliyev tərəfindən qoyulan və bu gün ölkəmizin həm regional, həm də qlobal səviyyədə inki­şa­fına zəmin yaradan mühüm nailiyyətlər onun siyasi məktəbinin layiqli davamçısı, beynəlxalq miq­yas­da böyük nüfuza malik cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir” – deyə aka­de­mik diqqətə çatdırıb. Möhtərəm Prezidentin ölkəmizin ərazi bütövlüyünün bərpası, xalqımıza şanlı qələbə sevincinin bəxş edilməsi, regionda və dünyada dövlətimizin mövqeyinin və nüfuzunun gücləndirilməsi istiqamətində apardığı çoxşaxəli, ardıcıl və taleyüklü siyasətdən danışıb. Akademik Rasim Əliquliyev qeyd edib ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritetlərindən birini milli sərvətimizin ayrılmaz tərkib hissəsi olan elmi potensialın gücləndirilməsi, ölkəmizdə yüksək texnologiyalara əsaslanan biliklər cəmiyyətinin qurulması təşkil edir.    

FRTEB-in alim və mütəxəssislərinin xoş arzu və diləklərini izhar edən Rasim Əliquliyev “Cə­nab Prezidenti yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, Azər­bay­ca­nı­mı­zın çiçəklənməsi naminə taleyüklü fəaliyyətində uğurlar arzu edirik” – deyə vurğulayıb.

Onlayn iclasda AMEA-nın FizikaRa­diasiya Problemləri (RPİ) ins­­titutlarının və Nəsrəd­din Tu­si adına Şamaxı Astrofizika Rəsədxanasının 2021-ci  ildə apa­rıl­mış elmi tədqiqat işlə­ri­nin ye­kunlarına dair hesabatları müzakirə olunub.

Fizika İnstitutunda aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair məlumat verən AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov bildirib ki, institutda tədqiqatlar, əsasən üç istiqamət üzrə apa­­rılıb və cari ildə 29 mühüm nəticə əldə olunub. Həmçinin institut əməkdaşlarının yüksək impakt faktorlu məcmuələrdə 132 məqaləsi işıq üzü görüb. Hesabat ili ərzində alimlərimizin mə­qa­lə­lə­rinə, ümu­­milikdə 6909  istinad olub. Bu da, 2020-ci illə müqayisədə 1242 istinad çoxdur.

Alim Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamlarının, eləcə də Nazir­lər Kabinetinin, AMEA-nın Rəyasət Heyətinin və FRTEB-in Ümumi yığıncağının qərarlarından irəli gə­lən vəzifələrin icra vəziyyətindən danışıb.

Daha sonra ölkə Pre­zi­den­ti cənab İlham Əli­­yevin rəhbərliyi ilə ölkəmizdə “yaşıl cəmiyyət”in formalaşdırılması, in­­­no­vativ eko­sis­te­min yaradılması, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, həmin ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində qarşıda duran prioritet vəzifələrin icrası barədə də məlumat verib.   

Fizik alimlərimizin hesabat ili ərzində qazandıqları respublika və beynəlxalq qrantlardan söz açan baş direktor bildirib ki, müəssisənin alimləri Azərbaycan Res­pub­li­ka­sı­nın 4 patentini alıblar. O, son iyirmi bir il (2000-2021) ərzində institut əməkdaşlarının işıq üzü görən məqalə, monoqrafiya, dərslik, dərs vəsaiti və digər çap əsərlərinin kəmiyyət və keyfiyyətində müşahidə edilən artım dinamikasını diqqətə çatdırıb.

Arif Həşimov, həmçinin rəhbərlik etdiyi elmi müəssisənin Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və digər xarici ölkələrin elmi tədqiqat mərkəzləri ilə ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlıq, magistratura və dok­to­rantura pilləsi üzrə aparılan kadr hazırlığı məsələlərinə, institutun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətinə to­xu­nub.

Daha sonra AMEA-nın Radiasiya Problemləri İnstitutunun 2021-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatı dinlənilib. İnstitutun əldə etdiyi mühüm elmi nəticələr ba­rə­də baş direktor, AMEA-nın müxbir üzvü İslam Mustafayev hesabat verib. Bildirib ki, aparılan elmi təd­qi­qat­la­­r radiasiya materialşünaslığı, radioekologiya, radiobiologiya, nüvə və radiasiya təhlükəsizliyi, ekoloji təmiz energetika istiqamətlərini əhatə edir.

2021-ci ildə Radiasiya Problemləri İnstitutunun gənc əməkdaşlarının yaddaqalan nailiyyətlərindən danışan baş direktor İslam Mustafayev qeyd edib ki, hesabat ilində institutun üç nəfər gənc alimi – fizika elmləri doktorları dosent Sakin Cabarov və dosent Elçin Hüseynovun, eləcə də fizika üzrə fəlsəfə doktoru, dosent Mətləb Mirzəyevin adı ABŞ-ın Stenford Universiteti tərəfindən təqdim edilən dünyanın ən nüfuzlu alimlərinin (ilk 2 %) reytinq qiymətləndirmə siyahısına daxil edilib. Dosent Elçin Hüsey­nov, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, AMEA və ICESCO-nun Zəfər Günü və Dünya Elm Günü münasibətilə keçirdiyi “Elmdə Zəfər mükafatı-2021” müsabiqəsində I yerin qalibi olub. İnstitutun mühəndisi və fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Ramin Qəribov 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Onun sözlərinə görə, institut əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan radiasiya fonu ölçmələrindən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin mütəxəssisləri ilə birgə təşkil olunan ekspedisiyaların əldə etdiyi nəticələrdən bəhs edib. Vurğulayıb ki, adıçəkilən nəticələri İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm-kompüter şəbəkəsində yaradılan Məlumat bazasına daxil etmək üçün hazırlıq işləri aparılır.

Hesabat ilində institut əməkdaşları 4 problem üzrə 20 elmi tədqiqat işi yerinə yetiriblər. Eyni zamanda, yüksək impakt faktorlu jurnallarda 53 məqalə dərc edi­lib. Alimlərimizin əsər­lə­rinə, ümu­­milikdə 3503  istinad olub.

Məruzəçi vurğulayıb ki, RPİ he­sa­bat ilin­də beynəlxalq əməkdaşlıq fəaliyyətində də mühüm uğurlar qazanıb. Alimlərimiz BMT-nin Avropa İqtisadi Komissiyası, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İsveçrə Əməkdaşlıq Təşkilatı ilə səmərəli görüşlər keçiriblər. Bundan başqa, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA– Vyana şəhəri) və Birləşmiş Nüvə Tədqiqatları İnstitutu kimi aparıcı elmi mərkəzlərlə, kanadalı, çexiyalı və türkiyəli həmkarları ilə beynəlxalq səviyyəli tədqiqatlar aparıblar. Bir neçə gənc alim Avropanın nüfuzlu elm və təhsil mərkəzlərində doktorantura təhsilini davam etdiriblər.

Baş direktor qrantlara əsasən görülən işlər, elektron elmin vəziyyəti, fundamental elm­lə təhsilin əlaqəsi, innovasiya və nəşriyyat fəaliyyəti, kadr hazırlığı istiqamətində əldə edilmiş nə­ti­cə­lərdən də bəhs edib.  

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi və elmi-təşkilati fəaliy­yətinə dair hesabatı müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov təqdim edib. O bil­di­rib ki, rəhbərlik etdiyi müəssisədə 8 mövzu üzrə aparılan tədqiqatlar yekunlaşdırılıb. 2021-ci ildə astro­­navt və astrofizik alimlərimizin "Web of Science" və "Scopus" beynəlxalq elmi bazasında indeksləşən jur­nal­lar­­da 2 məqaləsi işıq üzü görüb. Eyni zamanda ŞAR-ın əməkdaşlarının məqalələrinə 100-dən çox istinad olunub. 

Daha sonra Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamlarının, eləcə də Nazirlər Kabinetinin, AMEA-nın Rəyasət Heyətinin və FRTEB-in Ümumi yığıncağının qərarlarından irəli gələn vəzifələrin icra vəziyyətindən danışıb. Onun sözlərinə görə, ŞAR-da görkəmli elm xadimi, AMEA-nın Fəxri üzvü, dünya şöhrətli alim Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş konfrans, həmçinin akademik Hacıbəy Sultanovun 100 illik yubileyinə həsr olunmuş “Günəş sistemi cisimlərinin fizika və dinamikasının tədqiqində müasir istiqamətlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Nizami Gəncəvi ili” çərçivəsində ŞAR-da FRTEB-in, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış” mövzusunda VIII “Fizika və lirika” konfransı, eləcə də Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şamaxı filialı ilə birlikdə “Nizami Gəncəvi yaradıcılığında kosmopoloji modellər“ mövzusunda elmi-praktiki konfrans keçirilib. Bundan başqa, 9-11-ci sinif şagirdləri üçün keçirilən Respublika Astronomiya olimpiadasının 5 nəfər qalibi bu ilin noyabr ayında Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilmiş XIV Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil ediblər. 

“ƏMANƏT” şəhid və qazi övladlarının fərdi inkişafına dəstək layihəsinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi və ŞAR ilə əməkdaşlığı çərçivəsində Vətən müharibəsinin şəhid və qazi ailələrinin övladları üçün yay düşərgəsi təşkil edilib.

Namiq Cəlilov beynəlxalq əməkdaşlıq istiqamətində Avropa Birliyinin "HORİZON-2020" me­qa­­qrantı çərçivəsində, eləcə də GAIA missiyasının OPTIKON tədqiqat qrupu ilə GRANDMA bey­­nəl­­­xalq layihəsi əsasında görülən işlərdən, Beynəlxalq Astronomiya İttifaqı, İsrail, Bolqarıstan, Al­ma­ni­ya, Bel­çi­ka­, Ru­­si­ya və Uk­ray­­nanın aparıcı elmi təşkilatları ilə birgə həyata keçirilən tədqiqatlardan danışıb.

Baş direktor diqqətə çatdırıb ki, ŞAR-ın elmi işçisi Famil Mustafa NASA – ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi tərəfindən hər il keçirilən ənənəvi “Bu günün alimi” müsabiqəsinin regional, Beynəlxalq Astronomiya İttifaqının astronomiya təhsili üzrə ölkə koordinatoru, eləcə də Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edən milli komandanın həmrəhbəridir.

Onlayn iclasda ŞAR-da elmlə təhsilin inteqrasiyası, elektron elmin və aparılan kadr ha­zır­lı­ğı­nın cari vəziyyəti, nəşriyyat və sosial sferada, o cümlədən "Vikipediya" elektron ensiklo­pe­di­ya­sın­da fəaliyyət istiqamətində əldə edilmiş nailiyyətlər haqqında da məlumat verilib.

ŞAR əməkdaşlarının hesabat ilində layiq görüldükləri təltif və mükafatlara gəlincə, 44 günlük Vətən müharibəsində ön cəbhədə döyüşlərdə iştirak etmiş Rəsədxana əməkdaşı Fuad Cəlilov cənab Prezidentin müvafiq Sərəncaamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə, baş direktor, AMEA-nın müxbir üzvü Namiq Cəlilov qələbənin əldə edilməsi naminə arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və “Nizami Gəncəvi ili” çərçivəsində keçirilən tədbirlərdə xüsusi fəallığına görə AMEA-nın Fəxri fərmanları ilə təltif olunub. İcraçı direktor professor Nəriman İsmayılov, şöbə müdiri dosent Canməmməd Rüstəmov, şöbə müdiri vəzifəsini icra edən astronomiya üzrə fəlsəfə doktoru Həmayıl Adıgözəlzadə və elmi işçi Əminə Hümbətova FRTEB-in Fəxri fərmanlarına, Həmkarlar təşkilatının sədri Famil Mustafa "Azərbaycan Həmkarlar İttifaqları – 115 il" yubiley döş nişanına layiq görülüblər.

Onlayn iclasda çıxış edən AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağının sədri, akademik Rasim Əliquliyev ölkəmizdə aparılan innovativ islahatları, “yaşıl cəmiyyət”in formalaşdırılmasını, innovativ ekosistemin yaradılmasını, azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsini, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqini, smart texnologiyalara əsaslanan infrastruktur layihələrinin icrasını, IV Sənaye inqilabının və dünyanın qlobal çağırışlarını, ölkəmizin milli və strateji maraqlarını özündə ehtiva edən kiberfiziki sistemlərin intellektuallaşması, mikroelektronika, bərpa olunan enerji mənbələri, radiasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də astrofiziki tədqiqatlarda süni intellekt texnologiyalarından istifadə olunması ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Hesabat məruzələrinin ətrafında aparılan müzakirələrdə akademiklər – Fikrət Əli­yevCavad AbdinovAdil QəribovYusif Məmmədov, AMEA-nın müxbir üzvləri – Afiq Hə­sə­novVəli Hü­sey­nov, Vaqif Quliyev, Oktay Qasımov, Oqtay Səmədov, Ramiz Alıquliyev, professor Elimxan Cəfərov yaxından iştirak edərək fikir və suallarını səsləndiriblər.

Sonda FRTEB-in Ümumi yığıncağı Fizika və Ra­diasiya Problemləri ins­­titutlarının, Şamaxı Astrofizika Rəsədxanasının 2021-ci ildə apa­rıl­mış elmi tədqiqat işlə­ri­nin ye­kunlarına dair hesabatların qəbul olunub AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.