İnstitutun şöbə müdiri ECCSIT 2021 beynəlxalq konfransının “Ən yaxşı rəyçi” sertifikatı ilə təltif olunub

24 Dekabr 2021 - 13:00 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev 16-18 sentyabr 2021-ci il tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş Kompüter Elmləri və İnformasiya Texnologiyaları üzrə Avropa Konfransının (European Conference on Computer Science and Information Technology, ECCSIT 2021) texniki proqram komitəsinin üzvü olub. Alim konfransda elmi ekspertiza fəaliyyətinə verdiyi dəyərli töhfələrə görə redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

R.Alıquliyev, həmçinin konfransa təqdim olunmuş məqalələrə rəy verilməsində göstərdiyi dəstəyə və müstəsna töhfələrinə görə “2021-ci il üzrə ən yaxşı rəyçi” sertifikatı ilə təltif olunub.

Qeyd edək ki, ECCSIT 2021 beynəlxalq konfransının əsas məqsədi tədqiqatçılar, alimlər və mühəndislər üçün təcrübə mübadiləsinin aparılması, kompüter elmləri və informasiya texnologiyalarının ümumi tədqiqat istiqamətləri üzrə yeni ideyaların və tədqiqatların, praktiki problemlərin və onların həll yollarının müzakirə edilməsi üçün platforma və imkanlar təqdim etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.