Uzun illərdir bir çox tədqiqat mərkəzlərində insan beyni ilə müxtəlif cihazlar arasında birbaşa əlaqənin qurulması istiqamətində intensiv tədqiqat işləri aparılır. Bu tədqiqatlar beyin siqnalları vasitəsilə insan beyni ilə kompüterlər, əlil arabaları, protez cihazları və digər alətlərin idarə olunması məqsədilə həyata keçirilib.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti onlayn elmi seminarında “Beyin-kompüter interfeysi: mövcud vəziyyəti, arxitekturası, tətbiqləri və problemləri” mövzusunda məruzə dinlənildi.
Məruzəni institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov təqdim edərək diqqətə çatdırdı ki, insan beyni təqribən 100 milyard neyrondan ibarət mürəkkəb şəbəkədən təşkil olunub. İnsan düşünərkən, hərəkət edərkən, hiss edərkən və ya xatırlayarkən neyronlar işləyir, elektrik siqnallarını göndərməklə beyinə və ya beyindən məlumatın ötürülməsini həyata keçirir. Həmin elektrik siqnallarını müxtəlif texnologiyaların köməyi ilə aşkar edib cihazın, maşının, kompüterin idarə olunması məqsədilə istifadə etmək olar.
Beyin-kompüter interfeysinin inkişaf mərhələlərindən bəhs edən məruzəçi bildirdi ki, bu sahədə tədqiqatlar ötən əsrin 20-ci illərindən başlayaraq aparılıb. 1950-ci illərdə isə ispaniyalı professor Xose Delqado heyvanların beyninə elektrodları implant edib və onları kəllə sümüyünün altında yerləşdirdiyi radioqəbuledicidən istifadə etməklə stimullaşdırdırıb.
Protez cihazlarının idarə edilməsi üçün birbaşa beyindən alınan siqnallardan istifadə konsepsiyasının 1960-cı illərin sonunda yaradıldığını söyləyən tədqiqatçı qeyd etdi ki, reabilitasiya sahəsində çalışan tədqiqatçılar iflic olmayan əzələlərin potensiallarının süni üzvlərin idarə olunması üçün faydalı ola biləcəyi fikrini irəli sürüblər.
Daha sonra M.Həşimov nəzərə çatdırdı ki, 1970-ci illərdə tədqiqatçılar baş beyindən əldə edilən elektrik fəaliyyətinə əsaslanan ibtidai idarəetmə sistemlərini yaradıblar. 1973-cü ildə isə belçikalı professor Jak Vidal insanın görmə istiqamətini təyin etmək üçün beyin siqnallarından istifadə edərək sistem hazırlayıb. Həmin sistemin köməyi ilə görmə əngəlli insanın hərəkət etmək istədiyi istiqaməti təyin etmək mümkün olub. Elə həmin dövrdə J.Vidal BKİ (beyin-kompüter interfeysi) terminini elmə gətirib.
Tədqiqatçı BKİ termininə aydınlıq gətirərək bildirdi ki, BKİ biri-birini qarşılıqlı şəkildə tamamlayan insan beyni ilə kompüter arasında əlaqə sistemidir. Bu interfeys insan bədəninin sinir-əzələ sistemi ilə deyil, onun zehni fəaliyyətinin köməyi ilə əlaqənin qurulmasına imkan verir.
O, diqqətə çatdırdı ki, BKİ, xüsusilə fiziki məhdudiyyətli insanların müəyyən hərəkətləri yerinə yetirə bilməsi üçün faydalı platforma təqdim edir. Bu platformada insan və maşın arasındakı kommunikasiya keyfiyyətinin artırılmasına yardım edən beyin təsviri texnologiyalarından istifadə olunur.
BKİ-nin arxitekturası haqqında danışan məruzəçi onun 4 əsas - siqnalın alınması, siqnal emalı, çevirmə alqoritmi və yekun cihaz mərhələlərindən ibarət olduğunu qeyd etdi.
M.Həşimov qismən invaziv üsulda implantların beyini deşmədən kəllə sümüyünün altına yerləşdirildiyini, bu zaman siqnalların keyfiyyəti aşağı olsa da, beyindən gələn siqnalların qəbul edilməsinin invaziv üsulla müqayisədə insan sağlamlığına ziyan vurmadığını diqqətə çatdırdı.
Daha sonra o, qeyri-invaziv üsul, maqnetoensefaloqrafiya, funksional maqnit rezonans görüntüləmə, funksional yarım-infraqırmızı spektroskopiya, elektroensefaloqrafiya haqqında məlumat verdi. Bildirdi ki, BKİ sistemləri xəstənin beynində heç bir implantasiya olmadan siqnalları yüksək keyfiyyətlə qeyd edir.
Tədqiqatçı BKİ tətbiqlərindən də söz açdı. Söylədi ki, “BrainGate” (beyin qapısı) ABŞ-ın Braun Universitetinin Neyroşünaslıq şöbəsində kiberkinetika sahəsində fəaliyyət göstərən biotexnologiya şirkəti tərəfindən yaradılan protezdir. 2008-ci ildə ABŞ-ın Pitsburq Universitetinin Neyrobiologiya fakültəsinin professoru Andryu Şvartzın rəhbərlik etdiyi qrup “Meymun beyni ilə idarə edilən robot qol” tədqiqat işini təqdim edib. Bu tədqiqat işində meymunun onun beyni ilə elektron şəkildə bağlanan robot qolun köməyi ilə qidalandığı nümayiş etdirilib.
O, əlavə etdi ki, əyləncə tətbiqləri sahəsində BKİ neyro-oyun formasında ən müasir oyun texnologiyalardan ibarətdir. Bu növ oyun texnologiyalarında oyunun idarə olunması üçün insanın beyin siqnalları, oyunçunun ürək döyüntüləri və üz ifadələri kimi fizioloji funksiyalardan istifadə olunur.
BKİ sahəsində olan mövcud problemlərdən danışam M.Həşimov buraya nəticələrin qeyri-dəqiqliyi, təhlükəsizlik, texniki-təminat problemlərinin aid olduğunu qeyd etdi.
Sonda seminar iştirakçılarının məruzə ilə bağlı sualları cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.