“Azərbaycan alimləri diasporu” kitabı işıq üzü görüb

15 Dekabr 2021 - 16:36 | Konfranslar, İclaslar
“Azərbaycan alimləri diasporu” kitabı işıq üzü görüb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının “Azərbaycan alimləri diasporu” kitabının təqdimatına həsr olunmuş növbəti onlayn iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev “Azərbaycan alimləri diasporu” informasiya sistemi və yeni nəşr edilən eyniadlı ikicildlik haqqında məlumat verib.

Akademik R.Əliquliyev “Azərbaycan alimləri diasporu” informasiya sisteminin inkişaf etdirilməsi və istismarının təşkili məsələlərindən bəhs edib. Baş direktor dünyanın müxtəlif ölkələrində yaşayıb fəaliyyət göstərən həmvətənlərimizin arasında müxtəlif peşə sahələri üzrə çoxlu sayda alimlərimizin olduğunu bildirib. Qeyd edib ki, AMEA Rəyasət Heyəti Azərbaycan dövlətinin maraqları, inkişafı və bütün dünyada layiqincə təmsil olunması, ölkəmizin intellektual potensialının inkişaf etdirilməsi naminə xaricdə yaşayıb fəaliyyət göstərən azərbaycanlı alim və mütəxəssislərlə çoxistiqamətli əlaqələrin yaradılması və genişləndirilməsi, təcrübə mübadiləsinin intensivləşdirilməsi, eləcə də birgə tədqiqat və proqramların həyata keçirilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır.

Alim xaricdə yaşayan alim və ziyalı gənclərimizin tanıdılması, ölkə alimləri ilə xaricdə yaşayan elm adamları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən birinin də 2019-cu ildə “Azərbaycan alimləri diasporu” informasiya sisteminin işlənib hazırlanması olduğunu diqqətə çatdırıb.

Sonra akademik R.Əliquliyev yeni işıq üzü görmüş ensiklopedik xüsusiyyətlərə malik “Azərbaycan alimləri diasporu” ikicildliyi haqqında məlumat verib. Akademikin sözlərinə görə, kitab diaspor fəaliyyəti ilə bağlı nəzərdə tutulan işlərə informasiya dəstəyinin verilməsi məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmışdır. İkicildlikdə 530 alimin müxtəlif göstəricilər (ölkələr, elm sahələri, cinsi mənsubiyyət) üzrə statistik analizi aparılmışdır. Kitabda həmin azərbaycanlı alimlərdən hər birinin doğum tarixi, yeri, təhsili, peşəsi, elmi əsərlərinin sayı haqqında ətraflı və dəqiq məlumatlar təqdim olunmuş, onlarla əlaqə vasitələri də qeyd olunmuşdur.

Sonda institutun baş direktoru R.Əliquliyev “Azərbaycan alimləri diasporu” sisteminin informasiya təminatının təkmilləşdirilməsi, kitabda toplanmış məlumatlar əsasında veb-saytın yaradılması kimi məsələlərin zəruriliyinə toxunub. Alim informasiya sistemi və kitabın Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış alimlərimizin vahid bir amal ətrafında daha sıx birləşdirilməsi istiqamətində dövlət siyasətinə və görülmüş işlərə böyük dəstək verəcəyinə əminliyi ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.