Bu günlərdə Sumqayıt Dövlət Universiteti (SDU) ilə Türkiyənin Yıldız Texniki Universitetinin (YTU) birgə təşkilatçılığı ilə “İnformasiya cəmiyyətində iqtisadiyyatın davamlı inkişaf problemləri” adlı onlayn beynəlxalq elmi konfrans keçirilib.
Konfransda respublikamızın elmi-tədqiqat institutlarından, ali məktəblərindən və dünyanın bir çox ölkələrindən - Türkiyə, Rusiya, Qazaxıstan, Belarus, Çin, İran və Özbəkistandan bir qrup iqtisadçı-alimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə universitetin rektoru, professor Elxan Hüseynov açaraq Türkiyənin Yıldız Texniki Universitetinin rektoru, professor Tamer Yılmazı və qonaqları salamlayıb. O, konfransın əhəmiyyətini önə çəkərək iki qardaş ölkənin universitetləri arasındakı əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından məmnun olduğunu ifadə edib, YTU ilə SDU-nun həyata keçirdiyi birgə layihələrin hər iki qurum üçün faydalı olduğunu söyləyib. Bildirib ki, Sumqayıt Dövlət Universiteti elmi əlaqələrini günü-gündən genişləndirir, müəllim-tələbə mobilliyi istiqamətində mühüm uğurlu addımlar atır. Dövrün tələbi olan elm, təhsil sahəsinin inteqrasiyanın dərinləşdirilməsini, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini nəzərə alaraq yüksəkixtisaslı kadr hazırlığı məqsədilə SDU dünyanın və Türkiyənin bir çox qabaqcıl ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.
Rektor, eyni zamanda, 44 günlük Vətən müharibəsi dövründə qardaş ölkənin göstərdiyi siyasi və mənəvi dəstəyi yüksək dəyərləndirib, türk xalqına sonsuz təşəkkürünü bildirib, bu müharibədə Türkiyənin mənəvi və diplomatik dəstək göstərərək Azərbaycanın yanında olduğunu deyib. Qeyd edib ki, bütün dünya iki ölkənin qardaşlığının sarsılmaz olduğunu bir daha gördü.
O, Türkiyənin Yıldız Texniki Universiteti ilə birgə keçirilən beynəlxalq elmi konfransın ölkələr arasında elm və təhsil sahələrinə mühüm töhfələr verəcəyinə əminliyini bildirərək, konfransın işinə uğurlar arzu edib.
Yıldız Texniki Universitetinin rektoru Tamer Yılmaz SDU-nun rektorunu və konfrans iştirakçılarını salamlayıb. Bildirib ki, SDU ilə YTU arasında qarşıda daha faydalı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
T.Yılmaz 110 illik inkişaf tarixi olan Yıldız Texniki Universitetində həyata keçirilən kadr hazırlığı istiqamətləri barədə məlumat verib. O, hazırda universitetdə 37 min tələbənin təhsil aldığını, universitetdə 11 fakültə, hər fakültənin tərkibində də bir neçə ixtisasın fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, universitet dünya üzrə 661 ali məktəblə əməkdaşlıq edir ki, bunlardan da 6-sı Azərbaycan universitetidir. Yıldız Texniki Universitetinin Türkiyə universitetləri arasında ən böyük texnoparka malik olduğunu vurğulayan T.Yılmaz sənaye ilə səmərəli işbirliyinin yaradılması sahəsində mövcud olan zəngin təcrübələrindən də danışıb.
Rektor onu da diqqətə çatdırıb ki, tarix boyu böyük güclərin yaratdıqları çətinliklərə baxmayaraq Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. “Biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq. Azərbaycanın sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimizdir!”.
Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin üzvü, akademik Ziyad Səmədzadə və AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim İmanov beynəlxalq konfransın əhəmiyyətindən bəhs ediblər, tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.
Akademik Ziyad Səmədzadə “Azərbaycanın iqtisadi inkişaf strategiyasının milli prioritetləri və onların reallaşmasının amil və imkanları”, Yıldız Texniki Universitetinin İqtisadiyyat fakültəsinin professoru Murat Anıl Mercan “Göçmenlerin ailevi ilişkiler üzerindeki etkileri”, Moskva Dövlət Universitetinin Dünya iqtisadiyyatı kafedrasının professoru Mixail Kulakov “Новые явления в развитии финансового сектора в условиях формирования цифровой экономики”, AMEA-nın İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin müdiri, professor Tərbiz Əliyev “İnformasiya cəmiyyəti kontekstində iqtisadiyyatın gücləndirilməsində sahibkarlığın rolunun artırılması istiqamətləri”, Sumqayıt Dövlət Universitetinin Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov “The role of information and communication technologies in the economic development of the country” mövzularında məruzə ediblər. Çıxışlarda respublikamızın və digər ölkələrin iqtisadi durumu təhlil edilib, iqtisadiyyatın davamlı inkişafına səbəb olan təkliflər irəli sürülüb.
Konfransda Yıldız Texniki Universitetinin İqtisadi və idarəetmə elmləri fakültəsinin dekanı, professor Halit Keskin, dekan müavini, professor Emel Esen, Bakı Dövlət Universitetinin Dünya iqtisadiyyatı kafedrasının müdiri, professor Hacıağa Rüstəmbəyov, Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Əşrəf Ələkbərov, Gəncə Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdiri, dosent Zakir Əhmədov çıxış ediblər.
Konfransın plenar iclasında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev qeyd edib ki, indiki İnformasiya Cəmiyyəti şəraitində belə konfransların keçirilməsinin olduqca faydası var. Çünki burada elm adamları, iqtisadçılar, texnoloqlar, İKT mütəxəssisləri öz mülahizələrini ortaya qoyur, təcrübələrini bölüşür və bütün bunlar ortaq maraqlara xidmət etdiyindən effektiv nəticələr verir. O, konfransın səmərəli təşkilinə görə hər iki universitet rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirərək, İnformasiya Texnologiyaları İnstitutunun elmi kollektivinin də əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Məsul katib, Biznesin təşkili və menecment kafedrasının müdiri, dosent Qalib Hüseynov konfransın işi haqqında məlumat verib. Qeyd edib ki, konfransın təşkilat komitəsinə 8 xarici ölkənin (Rusiya, Türkiyə, Kazaxıstan, Belarus, Çin Xalq Respublikası, İran İslam Respublikası, Özbəkistan) 19 universitetindən və respublikamızın 35 elm və ali təhsil müəssisəsindən 188 məruzə və tezis daxil olub. Onlardan 142 məruzə və tezis Proqram komitəsi tərəfindən yoxlanılıb seçilərək Konfransın gündəliyinə daxil edilib.
Konfrans öz işini 8 bölmə üzrə 2 gün ərzində davam edib.
Seksiyanın işində iştirak edən dos. Ə. Əliyev “İnformasiya Cəmiyyəti kontekstində postkonflikt ərazilərin bərpası problemləri” mövzuzunda məruzə edib. O məruzəsində qeyd edib ki, müasir dünya iqtisadiyyatının texnoloji innovasiyalar əsasında modernləşdirilməsi, informasiya-kommunikasiya, kosmik, süni intellekt, robotlaşdırma və s. kimi yüksək texnoloji sektorların inkişaf etdirilməsi real iqtisadi sektorların daha sürətli inkişafına nail olmağın əsas yollarından hesab olunur. İnformasiya cəmiyyətinin formalaşmaqda olduğu müasir şəraitdə 4.0 Sənaye inqilabının çağırışlarına müvafiq olaraq innovasiya-elmtutumlu və yüksək texnologiya məhsullarının istehsalı dünya və milli iqtisadiyyatlarının inkişafında əsas məsələlərdəndir. Azərbaycanın Sosial-İqtisadi İnkişafa dair Milli Prioritetlərində erməni işğalından azad edilmiş postkonflikt ərazilərin ölkənin İnformasiya cəmiyyəti şəraitində ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin yaradılması və onun imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəyi göstərilmişdir.
Məruzəçi söləyib ki, Qarabağ regionunda yeni İnformasiya cəmiyyətinin iqtisadiyyatı quruculuğunun tədqiqi istiqamətləri müəyyənləşdirilmişdir. O, işğaldan azad edilmiş ərazilərin iqtisadi fəaliyyət sektorlarının İKT bazasında inkişaf etdirilməsi məsələlərini izah edərək innovativ mühitin formalaşması istiqamətlərini göstərib.
Alim, həmçinin Qarabağda iqtisadi subyektlərin İnformasiya cəmiyyəti şəraitində vahid informasiya təminatı sisteminin təkmilləşdirilməsində 4.0 Sənaye inqilabının tətbiqlərinin nəzərə alınmasının vacibliyini vurğulamışdır. O, “ağıllı” şəhər və kəndlər, intellektual sistemlərin yaradılmasının perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, ənənəvi Qarabağ iqtisadiyyatından İnformasiya cəmiyyəti şəraitində Qarabağ rəqəmsal iqtisadiyyatına keçidin xüsusiyyətlərini təhlil edib. Dosent Ə.Əliyev məruzəsinin sonunda bildirib ki, rəqəmsal texnologiyaların tətbiqi Qarabağın dirçəldilməsi və inkişafı kursuna əlavə imkanlar yarada bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.