“X Milli Superkompüter Forumu”nda iqlim dəyişikliklərinin proqnozlaşdırılmasında superkompüterlərin effektivliyi məsələləri müzakirə olunub

09 Dekabr 2021 - 16:01 | Konfranslar, İclaslar
“X Milli Superkompüter Forumu”nda iqlim dəyişikliklərinin proqnozlaşdırılmasında superkompüterlərin effektivliyi məsələləri müzakirə olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Orxan Mehdiyev Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nun (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) “Təbiət elmlərində hadisə və proseslərin superkompüter modelləşdirilməsi” seksiyasında “Superkompüterlər: iqlim dəyişikliklərinin proqnozlaşdırılması” adlı məruzə ilə çıxış edib.

O.Mehdiyev rəqəmsal transformasiya, real vaxt rejimində məlumatların toplanması və analizi texnologiyaları, Əşyaların İnterneti, kiber-fiziki sistemlər, süni intellekt, bulud hesablamaları və superkompüterlərin məlumatların yaradılması, saxlanılması, ötürülməsi və emalı sahəsində inqilab etdiyini bildirib. Superkompüterlərin cəmiyyətin aktual problemlərinin həllində əvəzsiz rol oynadığını, onların müxtəlif mürəkkəb vəziyyətlərin öhdəsindən gəlmək üçün inanılmaz analitik gücə malik olduqlarını söyləyib.

Məruzəçi qeyd edib ki, planetimizin iqlimi, kosmik radiasiyadan planetin nüvəsində baş verən proseslərə qədər hər elementin bir-biri ilə qarşılıqlı əlaqədə olduğu mürəkkəb bir sistemdir. Hətta bundan daha mürəkkəb bir sistemi təsəvvür etmək belə çətindir. İqlim dəyişikliyinin tədqiqi böyük həcmli məlumatların (Big Data) – hər gün yaranan on, bəlkə də yüz milyonlarla yeni məlumatın işlənməsi deməkdir. Qlobal istiləşmə və planetdə insan fəaliyyətinin təsirləri haqqında bütün biliklər superkompüterlərdə əldə edilən nəticələrə əsaslanır. Superkompüterlər insanların ətraf mühitə zərərli təsirlərini müəyyən edərək, Yerin ən dəqiq təsvirlərini çəkir. Onlar, həmçinin qasırğalar və digər dağıdıcı iqlim hadisələrinin yollarını proqnozlaşdırmağa imkan verir.

“Hava və iqlimin proqnozlaşdırılması zərurəti əsas ekoloji və sosial-iqtisadi problemdir. Son onilliklərdə milli və beynəlxalq səviyyələrdə dövlət, özəl və akademik sektorlardakı bir çox qurumların birgə səyləri nəticəsində Yer sisteminin, hava və iqlimin proqnozlaşdırılmasında əhəmiyyətli irəliləyişlər əldə edilmişdir. Təəssüf ki, qısamüddətli və uzunmüddətli proqnozların vaxtında verilməməsi bərpası mümkün olmayan insan itkiləri, ekoloji fəlakətlər, böyük iqtisadi ziyana və s. səbəb olmuşdur”, – deyə tədqiqatçı bildirib.

O, Dünya Meteorologiya Təşkilatının hava şəraiti ilə əlaqədar baş vermiş təbii fəlakətlər haqqında, eləcə də milyardlarla dollar iqtisadi ziyanla bağlı statistikalarını təqdim edib, hava və iqlim proqnozlaşdırılmasının əsas tarixi mərhələlərindən bəhs edib.

Məlumatların assimilyasiyası modeli haqqında ətraflı məlumat verən məruzəçi hazırda GEOS-5, MERRA və Goddard proqnozlaşdırıcı modellərindən geniş istifadə olunduğunu nəzərə çatdırıb. Bildirib ki, ən son model kiçik toz hissəciklərinin atmosferdə necə hərəkət etdiyi, hava və iqlimə necə təsir etdiyi barədə məlumat verir. MERRA modeli isə 30 ildən artıq müddətdə toplanmış bütün peyk məlumatlarından istifadə edir.

O.Mehdiyevin sözlərinə görə, istehsalçılar üçün ən böyük problemlərdən biri planetə zərər vermədən superkompüterləri quraşdırmaq və onlardan fasiləsiz istifadəni təmin etmək üçün düzgün yol tapmaqdır. Superkompüterlərin istifadə etdiyi enerjinin yarıdan çoxu soyutmaya sərf olunur. Kompüterlərin məhsuldarlığının artırılması fonunda ətraf mühitlə bağlı problemlər artıq ciddi narahatlıq doğurur. Ətraf mühitə yanaşma və enerji səmərəliliyi uzun müddətdir ki, hər bir superkompüter layihəsinin əsasını təşkil edir.

Müxtəlif superkompüterlərin enerji səmərəliliyinin müqayisəli təhlili ilə bağlı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdıran məruzəçi superkompüterlərin hesablama gücü və yüksək keyfiyyətli müşahidələrinin hava və iqlim modellərinin təkmilləşdirilməsinə imkan verdiyini söyləyib. Qeyd edib ki, dəqiq proqnozlar hava və iqlim təhlükələri riskini azaldaraq, insanların həyatının xilas edilməsində mühüm rol oynayır. Təkmilləşdirilmiş proqnozlar itkilərin qarşısının alınması, resursların daha səmərəli idarə edilməsi və gəlir imkanlarının artırılması sayəsində iqtisadiyyatın bir çox sahələrində (energetika, nəqliyyat, kənd təsərrüfatı və s.) sosial-iqtisadi faydalar verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.