AMEA İnformasiya Texnologiyaları İnstitutun əməkdaşı Məleykə Paşayevanın məruzəsi Rusiyada onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) “Süni intellekt və maşın təlimi” bölməsində təqdim olunub.
Mövzuya dair təqdimatla çıxış edən M.Paşayeva bildirib ki, hazırda dünyanın əksər ölkələrində iqtisadi inkişaf ətraf mühitin deqradasiyası, çirklənmə səviyyəsinin artması, təbii resursların tükənməsi, biosferin pozulması və iqlim dəyişikliyi kimi mənfi təzahürlərlə müşahidə olunur. Bu prosesdə yaranan sənaye, məişət və elektron tullantıların idarə edilməsi sisteminin işlənməsi və həyata keçirilməsi istənilən ölkə qarşısında duran ən mühüm və aktual məsələlərdən hesab edilir.
O, diqqətə çatdırıb ki, sənaye və elektron tullantıların idarə edilməsi – tullantıların yığılması (toplanması), nəqli, yerləşdirilməsi, ilkin və təkrar emalı, utilizasiyası əməliyyatlarından ibarət kompleks fəaliyyətdir. Sənaye və elektron tullantıların davamlı idarə olunması ölkənin sosial-iqtisadi siyasət istiqamətinin tərkib komponentidir.
Onun sözlərinə görə, “Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncamı və “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair Milli Strategiya” sirkulyar iqtisadiyyatın inkişafında, tullantısız texnologiyaların inkişafında mühüm mərhələ olmuşdur.
“Elektron tullantıların təkrar istifadəsi və ya məhv edilməsi bir sıra kompleks tədbirlər tələb edir”, - deyən M.Paşayeva vurğulayıb ki, bu baxımdan elektron tullantıların idarəetmə prosesləri üçün informasiya və tətbiq proqram təminatlarının hazırlanması zəruridir.
Məruzəçi nəzərə çatdırıb ki, elektron tullantıların idarə olunması prosesləri üçün informasiya və tətbiqi proqram təminatının işlənilməsi aspektində bulud və Əşyaların İnterneti texnologiyaları platformalarından istifadə edilməklə bir sıra tövsiyələr hazırlanıb, elektron tullantıların idarə olunmasında süperkompüter texnologiyalarının tətbiqi xüsusiyyətləri müəyyənləşdirilib.
M.Paşayeva qeyd edib ki, hazırkı dövrdə qlobal və milli informasiya cəmiyyətinin formalaşması prosesində aktual və təxirəsalınmaz vəzifələrdən biri elektron texnikanın, avadanlıqların, qurğuların, məhsulların ümumi istifadəsindən sonrakı vaxtlarda yaranan tullantılarının idarə edilməsidir. Əlavə edib ki, gələcəkdə bu aspektdə bulud və Əşyaların İnterneti texnologiyaları platformalarından istifadə ediləcək bir sıra tövsiyələr hazırlanacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.