Dekabrın 6-da Azərbaycanın rabitə və informasiya texnologiyaları işçiləri öz peşə bayramlarını qeyd edirlər.
Bu gün Prezident İlham Əliyevin 2 dekabr 2013-cü il tarixli sərəncamı ilə hər il dekabrın 6-da qeyd olunur.
Məhz 1881-ci ilin eyni günündə “Nobel qardaşları cəmiyyəti”nin Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verməsi milli rabitinin başlanğıc tarixi hesab edilir.
Ölkəmizdə 140 illik tarixə malik olan bu sahə hazırda dünyanın ən əhəmiyyətli, diqqət yetirilən və gəlirli sektorlarındandır. Bu gün sektorun qarşısında bir sıra çağırışlar mövcuddur. Dövrümüzün ən böyük tələbi isə rəqəmsallaşma yaxud rəqəmsal transformasiyadır. Dünya trendlərindən geri qalmaq istəməyən Azərbaycan da bunun fərqindədir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də bir neçə gün öncə beynəlxalq tədbirlərin birində çıxışı zamanı rəhbərlik etdiyi qurumun, bütövlükdə isə hökumətin bu məsələdə israrlı olduğunu bəyan etmişdi.
Təbii ki, rəqəmsallaşma təkcə bu sahədə deyil digər sektorlarda da şəffaflaşmaya, gəlir və xərclərin nisbətinin birincinin xeyrinə dəyişməsinə, hətta ətraf mühitin belə qorunmasın gətirib çıxarır. Yəni bir sözlə Rəqəmsal transformasiya Azərbaycan hökuməti üçün bu məqsədlərə çatmaq üçün əsas vasitədir.
Bu vaxta qədər 3 telekommunikasiya peykinin yerətrafı orbitə buraxılması, azad edilmiş ərazilərdə “Ağıllı kənd” və “Ağıllı şəhər”lərin yaradılması istiqamətində atılan addımlar, Beynəlxalq Astonavtika Konqresinə Bakının ev sahibliyi etməsinə nail olunması hökumətin məqsədyönlü addımlar atdığını deməyə əsas verir.
Azərbaycanın sabiq rabitə naziri Siruz Abasbəyli hesab edir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yeni komandası qarşıda duran məsələləri həll etməyə qadirdir: “Mən bugünkü nazirimizdən həddindən artıq razıyam. R.Nəbiyev cavan və bacarıqlı mütəxəssisdir. Ən əsası da təmənnasız bir insandır və mən 100 faiz əminəm ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində böyük işlər görəcək”.
Sabiq nazir rabitə sahəsinə rəhbərlik etdiyi dövrdə prioritet olan mövzulardan da danışır: "Mən nazir olduğum müddətdə Azərbaycanda olan ATS-lərin əksəriyyəti “Dekada addım” sistemli idi və təcili onlardan və “Koordinat” tipli telefon stansiyalarından çıxmaq lazım idi. Bu tip ATS-lərin ehtiyat hissələrinin istehsalı və təchizatı dayanmışdı. “koordinat” tipli telefon stansiyalarının da həmçinin buraxılışı da dayanmışdı. Hətta elektron sistem də artıq dayanmışdı.
Mən bu məsələni qaldıranda nazir müavinləri və bir sıra başqa şəxslər mənə qarşı çıxmağa başladılar. Buna baxmayaraq mən ilk dəfə Azərbaycana “ATS 93-98” adlanan elektron tipli ATS-i gətirdim. Keçmiş SSRİ məkanında birinci rəqəmsal telefon stansiyasını biz quraşdırdıq. O zaman onun açılışında da prezident iştirak etmişdi”.
S.Abasbəyli danışarkən Azərbaycanda rabitə yüksək texnologiyaların inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib: “H. Əliyev başqa bir insan idi. Onun haqqında qısa danışmaq olmaz. Əgər onu bir sözlə ifadə etmək istəsək deyə bilərəm ki, o dahi idi. Tam səmimi deyirəm, bu gün rabitə sahəsində hansı nailiyyətlər əldə edilibsə, hamısı ulu öndərin uzaqgörən siyasəti ilə bağlıdır”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev də həmkarının fikri ilə şərikdir. Akademikin fikrincə, Heydər Əliyev Azərbaycana rəhbərlik elədiyi illərdə İKT sahəsində möhkəm baza yaradılıb və bu gün də həmin bazaya əsaslanıb həmin işlər davam etdirilir: “Ölkə prezidentinin 6 dekabr tarixinin rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunması ilə bağlı verdiyi sərəncam bizim üçün mühüm əhəmiyyətə malikdir.
Ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında rabitə və yüksək texnologiyaların əhəmiyyəti həmişə olub. Amma son zamanlar İKT çox mühüm və inqilabi təsir gücünə malik fenomenal hadisəyə çevrilib.
İnformasiya Texnologiyaları İnstitutu olaraq biz bu bayramı xüsusi qeyd edirik. Bir məsələni də qeyd edim ki, bu həm Azərbaycanımızın inkişafını, həm də elm və təhsilimizin inkişaf səviyyəsini göstərən bayramdır. Əlbəttə ki, Azərbaycanımızın inkişafı üçün bu sahənin mütəxəssislərinin qarşısında çox böyük vəzifələr dayanır.
Bildiyiniz kimi Azərbaycan rabitəsinin tarixi 1881-ci ildə yaradılan ilk telefon rabitəsi ilə bağlıdır. Əgər biz həmin dövrə fikir versək görərik ki, milli mətbuatımızın əsasını təşkil edən “Əkinçi” qəzeti də 1875-ci ildə fəaliyyətə başlayıb. Bu o deməkdir ki, Avropada texnologiyaların, medianın inkişaf etdirilməsi Azərbaycana da təsir etməyə başlayıb. Məncə, bu iki tarixdə baş verən hadisələri faktiki olaraq Azərbaycanda elektron informasiya cəmiyyətinin əsasının qoyulmasının başlanğıcı hesab etmək olar.
Bu 140 il ərzində Azərbaycanda telefon rabitəsi məxsus olduğu dövrün texnoloji imkanlarına uyğun və harmonik olaraq get-gedə inkişaf etmiş, Azərbaycan rabitəsi istər Çar Rusiyası, istər qısa müddətdə müstəqillik əldə edən Azərbaycan Demokratik Respublikası (ADR), istər Sovet Azərbaycanı və istərsə də 1991-ci ildən sonrakı müstəqilliyimiz dövründə həmişə öz dövrünün ideoloji məhdudiyyətləri çərçivəsində inkişaf edib. Həmişə də Azərbaycan elmi-texnoloji cəhətdən müsəlman Şərqində aparıcı ölkələrdən biri olub. Ona görə də biz bu tarixi qürurla qeyd edirik. Bu, Azərbaycan tarixinin şərəfli bir günüdür.
Azərbaycanda 1926-cı ildə ilk radionun, 1956-cı ildə isə ilk televiziyanın fəaliyyətə başlaması, insanlara məlumatların bu vasitələrlə çatdırılması, həmçinin o dövrlərdə ölkəmizdə ilk rəqəmsal kompüterlərin meydana gəlməsi, 1945-ci ildə AMEA-nın yaradılması və harmonik olaraq bu istiqamətdə tədqiqatların aparılması, kibernetikanın, informatikanın əsasının qoyulması – bütün bunlar kompleks olaraq Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının formalaşmasına, yüksək ixtisaslı kadrların hazırlanmasına şərait yaratdı.
1969-cu ildə Ümummilli lider H.Əliyev Azərbaycanda hakimiyyətə gələndə onun diqqət ayırdığı əsas sahələrdən biri də məhz rabitə sahəsi idi. O vaxtlar Azərbaycanda rabitə sahəsinin inkişaf etdirilməsi, həmin dövrün problemlərinin aradan qaldırılması, onun maddi texniki bazasının gücləndirilməsi, ölkədə rabitə ilə bağlı müxtəlif müəssisə və texnoloji obyektlərin yaradılması, bu sahədə ixtisaslı kadrların hazırlanması məhz ümummilli liderin adı ilə bağlıdır. Məhz onun dəstəyi ilə çoxlu sayda gənclər gedib SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alıblar və onlar indi də bu sahənin inkişafında mühüm rol oynayırlar”.
R.Əliquliyev hesab edir ki, İKT sahəsi bütün dövlətlərdə strateji əhəmiyyət kəsb edən sahədir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra İKT sahəsinin inkişafı yenə də Ulu Öndərin hakimiyyətə gəldiyi dövrdən başlayır. Bu sahənin inkişafı üçün qəbul edilmiş strategiyalar, dövlət proqramları, ölkəmizə investorların cəlb edilməsi mobil rabitənin meydana çıxmasına, stasionar telefon stansiyalarının modernləşdirilməsinə və rəqəmsallaşdırılmasına, vətəndaşların telefondan istifadə və internetə çıxış imkanlarının yaxşılaşdırılmasına şərait yaratdı. Nəhayət, 2003-cü ildə Ulu Öndər tərəfindən İKT-nin dövrümüzün əsas prioritetlərindən birinə çevrilməsi üçün qəbul etdiyi milli strategiya çox mühüm əhəmiyyət kəsb edir. Mən hesab edirəm ki, bu, Azərbaycan tarixində inqilabi xarakter daşıyan strategiyadır.
Ulu Öndərin layiqli davamçısı və siyasi varisi olan cənab prezident İlham Əliyev də bu sahəyə xüsusi qayğı göstərir. Ölkəmizdə “Elektron Azərbaycan”la bağlı müxtəlif dövlət proqramları qəbul edilib və bu sahədə görülən ən qururverici işlərdən biri olaraq 2013-cü ildə Azərbaycan bayrağı altında hərəkət edən ilk telekommunikasiya peykinin yerətrafı orbitə çıxarılmasıdır. Fikrimcə, bunu telekommunikasiya suverenliyinin tam bərpa olunması hesab etmək olar. Müstəqil Azərbaycan dövlətinin Qarabağ və digər problemlərinin olmasına baxmayaraq qısa müddətdə belə bir addımın atması və özünün süni peyklərini orbitə çıxarması sevindiricidir. Bu, cənab Prezidentin neft kapitalını insan kapitalına çevirməklə bağlı siyasətinə sadiqliyini bir daha sübut etdi.
Mən böyük fəxrlə deyə bilərəm ki, Azərbaycan rabitəçilərinin dəstəyi ikinci Qarabağ müharibəsi dövründə də hiss olunurdu. Məhz 44 günlük “Vətən müharibəsi”nin həm döyüş əməliyyatları aparılan istiqamətində, həm də informasiya savaşı sahəsində Azərbaycan kosmik peyklərinin, rabitəçilərimizin dəstəyi danılmazdır”.
R.Əliquliyevin fikrincə, bu gün Azərbaycanda kosmik sənayenin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Azərbaycanda kosmik sənayenin, bu sahədə tədqiqatların əsası məhz Ulu Öndər tərəfindən qoyulub.
SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin 1972-ci il 5 sentyabr tarixli qərarı ilə 1973-cü ilin oktyabrında Bakıda Beynəlxalq Astronavtika Federasiyasının 24-cü Konqresi keçirilib. Məhz SSRİ respublikaları arasında bu tədbirin Azərbaycanda keçirilməsi Ümummilli liderin əvəzsiz xidmətidir. Bu hadisə Azərbaycanda kosmik tədqiqatların başlanılması üçün qərar qəbul edilməsinə səbəb olmuşdu. Sonrakı dövrlərdə də bu istiqamətdə davamlı işlərin həyata keçirilməsi müəyyən bazanın formalaşmasına gətirib çıxartdı. Məhz Ulu Öndərin bu siyasətinin uğurlu davamı olaraq cənab Prezident İlham Əliyev də kosmik sənayenin inkişafına xüsusi diqqət və qayğı göstərir. 2009-cu ildə ölkəmizdə kosmik sənayenin formalaşması ilə bağlı müvafiq dövlət proqramının qəbul edilməsi və 2013-cü ildə ilk kosmik peykimizin orbitə çıxarılması Azərbaycan Prezidentinin yürütdüyü uğurlu siyasətin bəhrəsi idi. Məhz dövlətimizin təhlükəsizliyinin, siyasi və iqtisadi maraqlarımızın təmin olunmasında Azərbaycan peyklərinin müstəsna xidmətləri var”.
Akademik hesab edir ki, ölkə başçısının apardığı islahatlar bu sahədə çalışan insanların qarşısında böyük vəzifə qoyur: “Bu vəzifələri cənab prezident müəyyənləşdirib və müəyyən fərmanlar verib. Ölkəmizdə informasiya texnologiyaları sahəsinin 4-cü sənaye inqilabının tələblərinə uyğunlaşması, “Big Data”nın, süni intellekt, bulud hesablamaları, Əşyaların İnterneti və kiberfiziki sistemləri təşkil edən digər texnologiyaların tətbiqi və başqa bu kimi istiqamətlərdə çox ciddi işlər görülür. Həmçinin bugünkü çağırışlara uyğun olaraq islahatların aparılması və bütün bu çağırışlardan irəli gələn ideyaların həyata keçirilməsi üçün keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYT) adının dəyişdirilərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) olması adıçəkilən qurumun tək bir sahənin nazirliyi kimi deyil, ölkəmizdə rəqəmsal transformasiya sahəsində gedən proseslərin hamısında, bütün insan fəaliyyətinin, dövlətimizin sosial-iqtisadi həyatının, siyasi-ideoloji proseslərin rəqəmsallaşdırılmasında yaxından iştirak etməsini zəruri edir və bu yeni vəzifələr qoyur. Müasir texnologiyaların tətbiqi nəticəsində ticarət, iqtisadiyyat, təhsil, elm, idarəetmə kimi bütün sahələr rəqəmsallaşır. Hesab edirəm ki, atılan addımlar nəticəsində bu gün Azərbaycanda internetə çıxış imkanı olmayan insan yoxdur.
Azərbaycan İKT texnologiyalarının tək istifadəçisi deyil, həm də onun yaradıcısıdır. Çoxlu sayda Azərbaycan alimlərinin ixtiraları, qabaqcıl metodları var. Yəni dünyada bu texnologiyanın inkişafına həm də alimlərimiz öz töhfəsini verib”.
Bütün bu deyilənlər ölkəmizdə İKT-nin gələcəyi ilə bağlı pozitiv proqnozlar verməyə şərait yaradır.
Azərbaycanın regionda daha bir üstünlüyü onun “TIER III” standartlarına cavab verən “DATA mərkəzi”nin olmasıdır. Yerli və beynəlxalq bizneslərə bulud həllərinin təqdim edilməsi əslində müxtəlif sahələrin inkişafına xidmət edir. Çünki bu xidmət ölkə daxilində göstərildiyi üçün həm sürətli, həm də ucuz başa gələcək. “TIER III” sertifikatı isə göstərilən xidmətlərin təhlükəsizliyini müzakirə mövzusu etmir.
Azərbaycanda startaplara müəyyən vergi güzəştlərinin edilməsi və “startap şəhadətnaməsi”nin verilməsi kimi bir sıra işlər görülüb. Hesab edirəm ki, hazırda Azərbaycanda startap ekosisteminin formalaşdırılması üçün atılan addımları sürətləndirmək lazımdır. Xüsusən də onların maliyyə mənbələrinə əlcatanlığını təmin etmək, “Venture Foundations”ın yaradılması yaxud startapların onlara çıxışına şərait yaradılmalıdır.
Bu gün ABŞ, Koreya və İsrail startapları dünya İT bazarının əsas hissəsinə nəzarət edirlər. Siyasi və iqtisadi münasibətlərimiz yüksək səviyyədə olan bu ölkələrin təcrübəsindən yararlanmaq isə borcumuzdur.
Hesab edirəm ki, qeyd edilən və edilməyən məqsədlərə ixtisaslı kadrlar və azad rəqabət mühiti olmadan çatmaq mümkün deyil. Bunun üçün isə paralel olaraq iki addım atılmalıdır. Birincisi ixtisaslı kadrlar yetişdirilməli, digər tərəfdən də ölkədən beyin axının qarşısını almaq üçün onlara yüksək gəlirli işləri görmələri üçün imkan yaradılmalıdır.