AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) iqtisadiyyatın rəqəmsallaşması prosesinin müasir proqram təminatının işlənilməsi məsələləri ilə bağlı təqdimatla çıxış edib.
Ə.Əliyev məruzəsində hazırda dünyada iqtisadiyyatın rəqəmsallaşması və rəqəmsal iqtisadiyyatın qurulması, həmçinin innovasiyaların tətbiqinin prioritet məsələlərdən olduğunu bildirib.
“İqtisadiyyatın rəqəmsallaşması və rəqəmsal iqtisadiyyat quruculuğu dayanıqlı və təhlükəsiz infrastruktur quruculuğu ilə sıx bağlıdır”, – deyən Ə.Əliyev qeyd edib ki, dayanıqlı və təhlükəsiz infrastruktur olmadan həm iqtisadiyyatın rəqəmsallaşması, həm də rəqəmsal iqtisadiyyata keçid və onun qurulması mümkün ola bilməz.
Şöbə müdirinin sözlərinə görə, hazırda dünyada sürətlə inkişaf edən Əşyaların interneti, 5G, robotlaşma, kibertəhlükəsizlik, superkompüterlərin, süni intellektin tətbiqi sahələrinin inkişafı və müvafiq magistral infrastrukturun yenilənməsi iqtisadiyyatın rəqəmsallaşma proseslərinin proqram təminatının formalaşmasında əsas istiqamətlərdən hesab olunur. Məruzəçi əlavə edib ki, superkompüterlər elm, cəmiyyət və ya sənayenin üzləşdiyi ciddi problemləri həll etmək üçün mövcud olan ən böyük kompüterlərdən istifadə edir.
İKT, proqram təminatı, kompüter və telekommunikasiya avadanlıqları, o cümlədən superkompüterlərin bütün iqtisadi sahələrin fəaliyyətinin tərkib hissəsinə çevrildiyini vurğulayan Ə.Əliyev sosial-iqtisadi və texnoloji proseslərdə tətbiq olunan rəqəmsal texnologiyaların məqsədindən asılı olmayaraq son məhsulun əlavə dəyərinin formalaşmasında iştirak etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, son illərdə bu proseslərin intensivləşməsi informasiya cəmiyyəti və iqtisadiyyatın rəqəmsallaşması kimi məsələlərə böyük tələbat yaradıb.
O, iqtisadiyyatın rəqəmsallaşması üçün İKT-nin inkişafına və süni intellektdən istifadə olunan proqram təminatının işlənilməsinə ehtiyac olduğunu bildirib. Əlavə edib ki, iqtisadiyyatın rəqəmsallaşması nəticə etibarı ilə milyonlarla istehlakçının, istehsalçının əmtəə-pul dövriyyəsinin izlənilməsi, yüz minlərlə vergi ödəyicisinin məlumat bazasının tənzimlənməsi, gömrük bəyannamələrinin izlənilməsi, ölkə miqyasında pul-kredit, maliyyə resurslarının tənzimlənməsi üçün müvafiq texniki, texnoloji instrumentariyanın yaradılmasıdır.
Sonda Ə.Əliyev bildirib ki, bütün bu kimi işlərin həlli superkompüter texnologiyalarının tətbiqi ilə reallaşdırıla bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.