Industry 4.0 çağırışları kontekstində kiberinsidentlərin intellektual analizi problemləri araşdırılır

03 Dekabr 2021 - 10:32 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş onlayn toplantıda AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “Industry 4.0 çağırışları kontekstində kiberinsidentlərin intellektual analizi problemləri və həlli perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi.

Məruzəçi kibertəhlükəsizliyin tarixi, aktuallığı və əsas problemlərindən söz açdı. Söylədi ki, İnternet, şəbəkə və kompüter texnologiyalarının, yəni ümumi kibermühitin cəmiyyətə və kritik infrastrukturlara yüksək səviyyədə nüfuz etməsi ciddi problemlərin yaranmasına gətirib çıxarmışdır: “Kibertəhlükəsizliyin təmin edilməsi üçün bir çox addımlar atılmışdır ki, buraya texnoloji həllər, yəni proqram təminatları, kompleks avadanlıqları və qeyri-texnoloji həllər olan təlimatları aid etmək olar. Lakin bunların hər biri insan resursu tələb edir və ya birbaşa şəxslərə bağlıdır”.

B.Nəbiyev çıxışı zamanı kibertəhlükəsizlik sahəsində mövcud beynəlxalq standartlar, tanınmış alimlər, aparıcı universitetlər, nüfuzlu nəşrlər, təşkil olunmuş beynəlxalq konfranslar, İnterneti tənzimləyən təşkilatlar, beynəlxalq İnternet hüququ, aktual elmi araşdırmalar, süni intellekt texnologiyaları, onların mənfi cəhətləri və tətbiq sahələri barədə geniş məlumat verdi. Elmi bazalarda müvafiq sahə ilə əlaqədar vəziyyətlə bağlı statistikanı təqdim etdi.

O, həmçinin informasiya təhlükəsizliyi sahəsində Azərbaycan təcrübəsi, ölkədə müvafiq sahəyə dair qanunvericilik bazası və aparılan elmi tədqiqatların vəziyyəti barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədqiqatçının sözlərinə görə, mövcud təhlükələrlə birgə mübarizə üçün koordinasiya prosedurlarının yaradılması, qarşılıqlı razılaşmaların hazırlanması, təhlükəsiz informasiya mübadiləsinin təmin olunması, əlaqəli hüquqi və normativ bazaların təşkili və inkişaf etdirilməsi, regional və ümumi mübarizə modellərinin işlənilməsi və s. kibertəhlükəsizlik sahəsində həlli vacib olan məsələlərdir.

Sonda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.