“İnformasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi” mövzusunda iqtisad elmləri doktorluğu dissertasiya işi müdafiə olundu

29 Noyabr 2021 - 12:18 | Konfranslar, İclaslar

Bu günlərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Qaraca oğlu Əliyevin “İnformasiya   iqtisadiyyatı  sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi” mövzusunda dissertasiya  işi  - 5306.01 - “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Texniki Universitetinin elmlər doktoru dissertasiyalarının müdafiəsini keçirən  ED 2.38 dissertasiya şurasında müdafiə olunmuşdur.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Texniki Universitetinin rektoru iqtisad elmləri doktoru, professor, dissertasiya şurasının sədri Vilayət Vəliyev  “Zoom” platformasında geniş tərkibdə keçirilən Elmi seminarın iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin iqtisad elmləri doktoru elmi dərəcəsini almaq üçün 5306.01 –  “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin rəsmi müdafiəsinə həsr olunduğunu bildirdi.

Öncə ED 2.38 Dissertasiya Şurasının elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Fərqanə Musayeva  iddiaçının elmi, pedaqoji, təşkilati və praktiki fəaliyyəti ilə bağlı ümumi məlumatları diqqətə çatdırdı.

Sonra dosent Əlövsət Əliyev “İnformasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi” adlı dissertasiya işini Ali Attestasiya Komissiyasının təlimatlarına uyğun formada təqdim etdi.

İddiaçı mövzunun aktuallığı və işlənilmə dərəcəsi, tədqiqatın məqsəd və vəzifələrindən söz açdı. Bildirdi ki, müasir dövrdə informasiya kommunikasiya texnologiyalarının inkişafı, yüksək texnologiya əsasında elm tutumlu məhsulların istehsalı dünya iqtisadiyyatının innovativ inkişafının əsas istiqamətini təşkil edir. Bu səbəbdən bir çox beynəlxalq konsepsiyalarda, eləcə də ayrı-ayrı ölkələrin sosial-iqtisadi inkişaf üzrə strategiya və ya proqramlarında informasiya iqtisadiyyatı sektorlarının inkişafı üzrə müvafiq prioriterlər müəyyənləşdirilmiş, vəzifələr, məqsədlər qarşıya qoyulmuşdur.

Təbiidir ki, müxtəlif ölkələrdə onların inkişaf səviyyəsindən asılı olaraq rəqəmsal və innovativ texnologiyaların inkişafı müxtəlif səviyyələrdə həyata keçirilir. Bu baxımdan Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında qabaqcıl mövqe tutur.  Azərbaycanda rəqəmsal-informasiya, bilik iqtisadiyyatı formalaşma və inkişaf mərhələsindədir. Rəqəmsal-informasiya iqtisadiyyatının perspektiv inkişafı ölkənin İKT və İC üzrə Milli Strategiyalarında,  müvafiq Strateji Yol Xəritələrində və 2030-cu ilədək olan dövr üçün  qəbul olunan sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərində əsaslandırılmışdır.

İqtisadi davamlılığın və dayanıqlılığın gücləndirilməsi, İKT-nin inkişaf potensialının artırılması, İKT infrastrukturunun təkmilləşdirilməsi, iqtisadiyyatın rəqəmsallaşdırılması, dövlət sektorunda İKT-nin tətbiqi ilə idarəetmənin səmərəliliyinin artırılması, innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, bazarlara rəqabətədavamlı İKT məhsullarının çıxarılması mühüm dövlət sənədlərində ölkə qarşısında qoyulmuş əsas məqsədlərdəndir.

İddiaçı Əlövsət Əliyev qeyd etdi ki, son onilliklərin əsas inkişaf etmiş iqtisadi sistemlərindən biri olan informasiya iqtisadiyyatının formalaşması məsələlərinin həlli beynəlxalq iqtisadiyyatın əsas problemlərindəndir. Bu səbəbdən informasiya iqtisadiyyatının sektorlarının formalaşmasının tədqiqinə və inkişaf səviyyəsinin qiymətləndirilməsi üçün müxtəlif səviyyələrdə yeni indikatorlar sisteminin və qiymətləndirmə indekslərinin, modellərin, alqoritmlərin, metodologiyaların, proqram vasitələrinin, informasiya sistemlərinin  işlənməsinə zərurət duyulur.

Məruzəçi dissertasiya işinin əsas məqsədinin informasiya iqtisadiyyatının elmi-metodoloji, nəzəri əsaslarının inkişaf etdirilməsi, onun ənənəvi və yeni sektorlarının formalaşma problemlərinin konseptual həlli istiqamətlərinin işlənməsi və innovativ perspektivlərinin qiymətləndirilməsindən ibarət olduğunu diqqətə çatdırdı.

Alim qarşıya qoyulmuş məqsədə çatmaq üçün dissertasiya işi çərçivəsində 11 məsələnin tədqiq edildiyini bildirdi.

İddiaçı Əlövsət Əliyev dissertasiya işində qarşıya qoyulmuş məsələləri həll etmək üçün sistemli analiz, kompüter modelləşməsi, informasiya nəzəriyyəsi, qeyri-müəyyənlik şəraitində qərar qəbuletmə nəzəriyyəsi, çoxkriteriyalı optimallaşma və analiz üsulları, iqtisadi-riyazi modelləşdirmə, iqtisadi təhlil metodları və texnologiyaları istifadə edildiyini qeyd etdi.

Ə.Əliyev dissertasiya işində tədqiqat obyekti olaraq ölkə iqtisadiyyatının İKT-nin geniş tətbiqi əsasında formalaşan ənənəvi və yeni sektorları seçildiyini, tədqiqat predmeti olaraq isə informasiya iqtisadiyyatının ənənəvi və yeni sektorlarının inkişaf etdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələləri, modelləri, metodları və rəqəmsallaşması səviyyəsinin yüksəldilməsi proseslərinin götürüldüyünü bildirdi.

Alim müdafiəyə çıxarılan 9 əsas müddəanı müdafiə iştirakçılarının nəzərinə çatdırdı.

Sonra dissertasiya işinin elmi yeniliklərini müdafiə prosesinin iştirakçılarının diqqətinə çatdıran Ə.Əliyev bildirdi ki, burada

1. İnformasiya iqtisadiyyatı sektorlarının və İKT-nin innovativ xüsusiyyətləri, infrastruktur və institutsional formalaşma problemləri tədqiq edilmiş, onların potensial inkişaf istiqamətləri müəyyənləşdirilmiş və elmi-nəzəri, metodoloji əsasları təkmilləşdirilmişdir;

2. Müasir iqtisadi sistemlərin istehsal resurslarından, vasitələrindən, yüksək texnologiyalardan, insan kapitalından asılı olaraq formalaşmasının və perspektiv inkişaf mərhələlərinin konseptual modeli işlənilmiş və idarəetmə problemləri müəyyənləşdirilmişdir;

3. Regional, iqtisadi fəaliyyət və texnoloji innovasiya sektorlarının İKT əsasında idarə olunmasının səmərəliliyini yüksəltmək istiqamətləri təklif olunmuşdur;

4. İKT yönümlü Milli İnnovasiya Sisteminin fəaliyyətinin konseptual modeli və innovasiya proseslərinin ölçülməsi indeksləri təklif olunmuş, innovativ strukturların effektiv idarə olunması və innovasiyaların kommersiyalaşdırılması mərhələlərinin modelləri işlənilmişdir;

5. İnformasiya iqtisadiyyatı şəraitində elektron ticarət texnologiyalarının regional tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi və perspektiv inkişaf istiqamətləri təklif olunmuş, vahid ödəniş sisteminin zəruriliyi əsaslandırılmış və yeni biznes-modellərinin formalaşma istiqamətləri təklif olunmuşdur;

6. Davamlı iqtisadi inkişafın yaşıllaşdırılmasının, inklüzivlik və kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsi istiqamətləri müəyyənləşdirilmiş və onların ölçülməsi indeksləri təklif olunmuş, hesablanması metodikası işlənilmişdir;

7. İnformasiya iqtisadiyyatının ölçülməsi üzrə çoxsəviyyəli kompozit indekslər sistemi təklif olunmuş və informasiya iqtisadiyyatı sektorlarının innovativ perspektivlərinin qiymətləndirilməsi modeli işlənilmişdir.

İddiaçı, işin aprobasiyası və tətbiqi haqqında ətraflı məlumat verdikdən sonra dissertasiyanı fəsillər üzrə şərh etdi. İddiaçı Ə.Əliyev bildirdi ki, “İnformasiya iqtisadiyyatının və İKT sektorunun formalaşmasının innovativ xüsusiyyətləri və potensial inkişaf istiqamətləri”nə həsr olunmuş I Fəsildə informasiya iqtisadiyyatının xüsusiyyətləri, prinsipləri, formalaşması və inkişaf mərhələləri şərh edilmişdir. İnkişaf etmiş ölkələrdə informasiya iqtisadiyyatının, İKT-nin inkişaf tendensiyaları tədqiq edilmişdir. Azərbaycan iqtisadiyyatının strukturunda İKT sektorunun ümumi vəziyyəti öyrənilmişdir. Müasir iqtisadiyyatın formalaşmasının və perspektiv inkişaf mərhələlərinin onlara təsir edən resurslardan və vasitələrdən asılılığını xarakterizə edən konseptual model təklif olunduğunu diqqətə çatdırdı. 

Dos. Ə.Əliyev dissertasiya işin II Fəslinin  “Əsas  sosial-iqtisadi  fəaliyyət sektorlarının və proseslərinin  IKT bazasında inkişaf etdirilməsi problemləri”nəhəsr edildiyini, sosial-mədəni və digər ictimai-siyasi sahələrin İKT əsasında inkişaf istiqamətlərinin tədqiq olunduğunu, İnternet iqtisadiyyatı, e-kommersiya, e-hökumət,  e-tibb, e-elm, e-təhsil və s. kimi istiqamətlərin təhlil edildiyini bildirdi. ERP, BPM, CRM kimi müasir informasiya sistemlərinin tətbiqi xüsusiyyətləri haqqında məlumat verdi. Müəssisənin “E-hökumət” şəraitində idarə olunmasının innovativ fəaliyyət modelinin işlənilməsinin aktuallığını şərh etdi. İKT əsaslı bəzi süni intellekt, kosmik, Big Data, cloud, İoT, kiber-fiziki sistemlər kimi müasir texnoloji innovasiya iqtisadiyyatı sektorlarının iqtisadi xüsusiyyətlərini, bəzi sahələrin innovativ potensialının kommersiyalaşdırılma perspektivlərini diqqətə çatdırdı.  

İddiaçı dissertasiya işinin “İKT əsaslı Milli  Innovasiya  Sisteminin  formalaşması və innovativ strukturların idarə olunması məsələləri” adlı III fəslində innovasiya fəaliyyətinin iqtisadi aspektləri və elektron innovasiyaların xüsusiyyətlərinin tədqiq edildiyini bildirdi. İKT-yə əsaslanan Milli İnnovasiya Sisteminin fəaliyyət göstərməsinin konseptual modelinin təklif olunduğunu qeyd etdi. Elmi innovasiyaların kommersiyalaşdırılması prosesinin əsas mərhələlərinin  verildiyini vurğuladı. İddiaçı innovasiyaların bazara tətbiqinin təhlili mərhələsinin struktur analiz modellərinin təklif olunduğunu diqqətə çatdırdı. Elmi innovasiyaların kommersiyalaşdırılması prosesini xarakterizə edən ilkin göstəricilərin işlənildiyini, kommersiyalaşdırılma potensialının kompozit indeksini formalaşdıran subindekslər təklif edildiyini qeyd etdi.  İnnovativ strukturların fəaliyyətinin idarə edilməsinin konseptual intellektual model təklif olunduğunu, innovativ strukturların fəaliyyət səmərəliliyinin qiymətləndirməsi üzrə göstəricilər sisteminin işlənildiyini bildirdi. İnnovasiya müəssisələrində  məhdud resurslardan səmərəli istifadə üçün onun mürəkkəb çoxsəviyyəli məhsul-xidmət istehsalı  prosesinin iqtisadi-riyazi  modeli işlənildiyini və həmin modellərin realizasiyası üçün alqoritmlərin işlənildiyini qeyd etdi.                                 

Dos. Ə.Əliyev “Elektron ticarət və ödəniş texnologiyalarının  tətbiqi xüsusiyyətləri  və inkişaf  problemləri”nə həsr olunmuş IV Fəsildə müvafiq rəqəmsal transformasiyaların ölkə qarşısında duran prioritet məsələlərdən olduğuni bildirdi. Burada informasiya iqtisadiyyatının formalaşmasında elektron ticarət texnologiyaları və sistemlərinin rolu və onların spesifik xüsusiyyətləri haqqında məlumat verdi. Elektron pulların inkişaf tendensiyalarının araşdırıldığını və onun innovativ perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirildiyini vurğuladı. E-kommersiya  sistemlərinin  milli, regional və  beynəlxalq  tənzimlənməsi, elektron pul, ödəniş sistemləri və texnologiyalarının tətbiqi və vahid ödəniş sisteminin yaradılmasının zəruriliyi haqqında məlumat verdi. ÜTT-yə daxil olmaq şərtləri təhlil edilmişdir. Elektron kommersiya  sisteminin fəaliyyət göstərməsinin ümumi modelinin struktur elementləri təklif olunmuşdur. Elektron pul texnologiyalarının inkişaf meylləri və e-pullarla ödənişin həyata keçirilməsinin təşkilati-iqtisadi modelləri təklif edilmişdir. Müasir e-kommersiya sistemlərinin  xüsusiyyətləri tədqiq edilmişdir.

İddiaçı bildirdi ki, “Dayanıqlı və davamlı sosial-iqtisadi inkişafın təminində yaşıl, inklüziv və kibertəhlükəsizlik texnologiyalarının tətbiqi problemləri və həlli istiqamətləri”nə həsr edilmiş V Fəsildə dayanıqlı və davamlı iqtisadiyyatın formalaşdırılması üzrə beynəlxalq çağırışları və təcrübələri tədqiq etmişdir. İqtisadiyyatın yaşıllaşdırılmasının və inklüzivləşdirilməsinin  zəruriliyi əsaslandırılması haqqında məlumat vermişdi. Cəmiyyətin və iqtisadi inkişafin yeni mərhələsi kimi iqtisadiyyatın yaşıl, inklüziv və dayanıqlı inkişaf mərhələsinin xüsusiyyətləri, prinsip  və vəzifələr göstərilmişdir. İqtisadiyyatın müasir texnologiyalar, innovasiyalar əsasında yaşıllaşdırılması və inklüzivləşdirilməsi üzrə bəzi istiqamətləri tədqiq edilmişdir.  Yaşıl iqtisadiyyatda təbii ehtiyatlardan səmərəlı istıfadə edilməsi problemlərinin həllində müvafiq kibertəhlükəsizlik texnologiyaları təklif olunmuş, Milli Yaşıl İqtisadiyyat İndeksinin  formalaşmasına təsir edən subindekslər işlənilmişdir. Milli inklüzivlik səviyyəsinin qiymətləndirilməsi üçün subindekslərin təklif olunduğunu, Milli iqtisadi inkişafın inklüzivlik səviyyəsini formalaşdıran indikatorlar və altindekslərin hesablanması metodunun işlənildiyini bildirdi.

Dos. Ə.Əliyev  dissertasiya işinin “İnformasiya iqtisadiyyatının formalaşma səviyyəsinin ölçülməsi və innovativ perspektivlərinin  qiymətləndirilməsi”dən bəhs edən VI fəslində informasiya iqtisadiyyatının formalaşması səviyyəsinin ölçülməsi üçün mövcud metodikaların müqayisəli təhlili nəticələrinin verildiyini bildirdi. İnformasiya iqtisadiyyatının inkişaf səviyyəsinin qiymətləndirilməsi üçün kompozit indekslərin qurulması tələblərinin  müəyyənləşdirildiyini nəzərdən keçirən Ə.Əliyev Azərbaycanın informasiya və biliklər iqtisadiyyatının formalaşması üzrə müvafiq reytinqlərin  təhlil olunduğunu diqqətə çatdırdı. İKT sektorunun məcmu gəlirləri ilə ÜDM arasında əlaqə üzrə asılılıqların qrafiki görüntülərini və adekvatlıq üzrə müvafiq statistik parametrlərin hesablandığını vurğuladı.

İnformasiya və biliklər iqtisadiyyatının  qiymətləndirilməsi üçün Kompozit indeksi formalaşdıran əsas indekslərin və indikatorların qarşılıqlı əlaqəsi göstərilmişdir. Kompozit indeksin tərkib elementlərinin qarşılıqlı əlaqəsinin qiymətləndirilməsi prosesi alqoritmləşdirilmiş və modelləşdirilmişdir. Kompozit indekslər sisteminin struk­tu­ru çoxsəviyyəli formada təklif olunmuşdur. Baş səviyyə özündən sonra gələn bütün aşağı sə­viy­yələri inteqrativ şəkildə əks etdirmişdir.

İddiaçı işdə informasiya və biliyin hesabına formalaşan ÜDM-in hesablanması metodikasının təklif olunduğunu bildirdi. İnformasiya iqtisadiyyatı sektorlarının innovativ perspektivlərinin qiymətləndirilməsi  metodikası işlənildiyini qeyd etdi. İnformasiya iqtisadiyyatının və İKT-nin inkişaf potensialının qiymətləndirmələrinin nəticələri üzrə regionların və istehsal-xidmət sahələrinin reytinqlərinin nəticələrinin araşdırıldığını diqqətə çatdırdı.

Dos. Ə.Əliyev mövzu üzrə tədqiqatlarının nəticəsi kimi Azərbaycan iqtisadiyyatının intellektual formalaşması  dövründə müəssisələrin yeni bilik istehsal edən, özünü və əməkdaşlarını intellektual inkişaf etdirən özünəməxsus tədqiqat mərkəzlərinə çevriləcəyini bildirdi. İntellektual iqtisadiyyatın 1) təhsil sistemi, 2) İKT infrastrukturu, 3) innovasiya sistemi, 4) institutsional mühit kimi baza dayaqları əsasında yeni iqtisadiyyatın intellektuallaşma, institutsionallaşma, ekolojiləşdirmə, sosiallaşma istiqamətlərində əsas prinsip və prioritetlərini formalaşdırmağın zəruriliyini diqqətə çatdırdı. İntellektual iqtisadiyyatın formalaşma və inkişafının əsas baza xüsusiyyətləri və prinsiplərin  təklif olunduğunu bildiirdi.

İddiaçı dissertasiyada baxılan məsələlərin, eləcə də onların nəticəsi kimi sonda təklif olunan iqtisadiyyatın informasiyalaşdırılması və kütləvi rəqəmsallaşdırılması vasitəsilə onun intellektuallaşdırılması istiqamətlərinin ölkə rəhbərliyinin 2 fevral 2021-ci il tarixində qəbul etdiyi Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetləriylə tamamilə uzlaşdığını və onların icrasına elmi dəstək  xarakterinə malik olduğunu bildirdi.

Məruzəçi dissertasiyanın yekun bölməsində işdə yerinə yetirilən elmi-nəzəri məsələlərin həlli prosesində alınmış əsas elmi-metodoloji və metodiki nəticələri 16 bənddən ibarət olmaqla müdafiə iştirakçılarının diqqətinə çatdırdı.

O, dissertasiya işinin əsas nəticələri üzrə 150-dən çox elmi işi olduğunu bildirdi. Lakin tövsiyələrə müvafiq olaraq 52 elmi nəşrin, o cümlədən beynəlxalq bazalarda indeksləşən 18 jurnal məqaləsinin, 20 Azərbaycan AAK-ın tövsiyyə etdiyi respublika səviyyəli jurnal məqaləsinin və 14 beynəlxalq səviyyəli konfans materialının  avtoreferatın son layihəsinə daxil etdiyini qeyd etdi. Əlavə etdi ki, həmin işlərdən 14-ü “Web of Science” (WoS) bazasında, 15-dən çoxu isə EconLit, ERIH PLUS, İNSPEC və s. kimi dünyanın digər beynəlxalq bazalarında indeksləşmiş jurnallarında nəşr edilmişdir.

İddiaçının geniş məruzəsindən sonra dissertasiya işinə dair təyin olunan rəsmi opponentlər

1) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  Regional iqtisadi və sosial araşdırmalar İnstitutunun direktoru,  AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor  Əli Nuriyev,

2) AMEA-nın İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin   müdiri, i.e.d., prof. Rəna Sultanova, 

3) Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasının professoru, iqtisad elmləri doktoru  Əvəz Bayramov,

4) Azərbaycan Texniki Universitetinin ”İqtisadiyyat və statistika” kafedrasının professoru, iqtisad elmləri doktoru İlham Aslanzadə təqdim olunan dissertasiya  işini yüksək qiymətləndirərək fundamental tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini bildirdilər. Dissertasiyanın Ali Attestasiya Komissiyası tərəfindən iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə tam cavab verdiyini qeyd etdilər, eləcə də irad və təkliflərini səsləndirdilər. Göstərilən irad və tövsiyələrə Ə.Q.Əliyevin cavabları və münasibəti opponentlər tərəfindən razılıqla qarşılandı.

Sonra ED 2.38 Dissertasiya Şurasının elmi katibi iqtisad üzrə fəlsəfə doktoru, dosent Fərqanə Musayeva  müdafiə iştirakçılarını iddiaçının dissertasiya işinə və onun avtoreferatına ünvanlanan rəyləri təqdim etdi. Bildirdi ki,

  1. AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “İqtisadiyyatın qeyri-səlis modelləri” laboratoriyasının müdiri, iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü  Qorxmaz İmanovun,
  2. Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun,
  3. Ukraynanın M.P.Draqomanov adına Milli Pedaqoji Universitetinin “Informasiya Texnologiyaları” kafedrasının professoru, texnika elmləri doktoru  Aydın Həsənovun,
  4. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri,   iqtisad elmləri doktoru, akademik   Ziyad Səmədzadənin,
  5. AMEA İdarəetmə Sistemləri İnstitutunun Baş direktoru, ADİU-nun “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müdiri, akademik Əli Abbasovun,
  6. Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasovun,
  7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Elşən Hacızadənin,
  8. Azərbaycan Kooperasiya Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, Əməkdar elm xadimi, i.e.d, professor Bəyalı Ataşovun,
  9. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Biznesin iqtisadiyyatı və menecmenti kafedrasının  müdiri i.e.d., prof Məhəbbət Məmmədovun,
  10. Bakı  Dövlət  Universitetinin Maliyyə və menecment kafedrasının professoru,  iqtisad elmləri doktoru Murad Tağıyevin,
  11. Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin Maliyyə və iqtisadiyyat kafedrasının professoru, iqtisad elmləri doktoru Rövşən Quliyevin,
  12. Qazaxıstan Atırau Universitetinin Biznes Məktəbinin professoru, iqtisad elmləri doktoru M.K. Baymuxaşovanın,
  13. “İnformasiya iqtisadiyyatı və innovasiyaların idarə edilməsi” mövzusunda  keçirilən daimi ÜmumMoskva elmi seminarın rəhbəri,  Rusiya EA  İdarəetmə Problemləri İnstitutunun "İqtisadi dinamika və innovasiyanın idarə olunması" şöbəsinin müdiri, iqtisad elmləri doktoru, prof. R.M. Nijeqorodtsevin və aparıcı elmi işçi iqtisad elmləri doktoru Yana Sergeyevna Matkovskayanın, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Albert Raufoviç Baxtizinin müsbət rəyləri ilə yanaşı bəzi irad və tövsiyələri  vardır. Göstərilən irad və tövsiyələri   Ə.Əliyev ətraflı cavablandırdı.   

Sonra iddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadiyyat” kafedrasının müdiri i.e.d., prof. İrşad Kərimlinin, Azərbaycan Texnologiya Universitetinin professoru iqtisad elmləri doktoru Füzuli Məmmədovun, Azərbaycan Texniki Universitetinin rektoru, dissertasiya şurasının sədri iqtisad elmləri doktoru, professor Vilayət Vəliyevin və digərlərinin timsalında verilən çoxsaylı sualları cavablandırdı.   

Dissertasiya işi üzrə elmi məsləhətçi AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin çox əhatəli məzmuna malik, qiymətli tövsiyələr və dəyərləndirmələr olan müsbət rəyinin olduğu bildirildi. 

Daha sonra dissertasiya işi ətrafında müzakirələr aparıldı. Müzakirələrdə dissertasiya şurası üzvləri, professorlar İ.Kərimli, F.Məmmədov, A.Hüseynova, N.Tağıyev, Ş.Sadıqov, R.Muradov, Z.Nəcəfov və digər iştirakçılar adından AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev İddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu, onun həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu, elmi yeniliyə malik olduğunu bildirdilər və müdafiəyə tövsiyyə etdilər.

Müzakirələrə yekun vuran Azərbaycan Texniki Universitetinin rektoru, dissertasiya şurasının sədri iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev dissertasiya işinin əhəmiyyətini önə çəkdi. O iddiaçının tədqiqat zamanı kifayət qədər mühüm elmi nəticə və yeniliklərin əldə etdiyini  söylədi. O öz tövsiyyələrini də bildirərək qeyd etdi ki, belə nəticəyə gəlirik ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, i.f.d., dosent Əlövsət Qaraca oğlu Əliyevin ”İnformasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi” mövzusunda yazmış olduğu dissertasiya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının yeni əsasnaməsində iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün yazılan dissertasiyalar qarşısına qoyduğu bütün tələblərə tam cavab verir və 5306.01 – “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisasına uyğundur. İddiaçı dosent Əlövsət Əliyev həmin ixtisas üzrə iqtisad elmləri doktoru elmi dərəcəsi almağa layiqdir.

İddiaçının yekun sözləri dinlənildildi. Sonra dissertasiya şurasının 14 üzvünün iştirakı ilə onlayn gizli formada Zoom proqramı vasitəsi ilə Ali Attestasiya Komissiyasının platformasında gizli səsvermə keçirildi. Səsvermə yekdilliklə başa çatdı.

İddiaçı dosent Əlövsət Qaraca oğlu Əliyevə  “İnformasiya   iqtisadiyyatı  sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi” mövzusunda dissertasiya  işi  - 5306.01 - “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsinin verilməsi üçün gizli səsvermənin nəticəsi müsbət hesab edilmişdir.

Azərbaycan Texniki Universitetinin rektoru, dissertasiya şurasının sədri iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev və müdafiə iştirakçıları iddiaçı dosent Əlövsət Əliyevi bu münasibətlə təbrik etdilər, ona gələcək fəaliyyətində uğurlar arzuladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.