Böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması problemləri tədqiq olunur

26 Noyabr 2021 - 10:10 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin 2021-ci il üzrə hesabatı müzakirə olundu. Şöbənin müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev hesabatı təqdim edərək, şöbədə cari il ərzində aparılan elmi tədqiqatlar, əməkdaşların respublika və beynəlxalq konfranslarda iştirakı, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı yerinə yetirilmiş işlər barədə ətraflı məlumat verdi.

R.Alıquliyev “Big Data analitikası texnologiyalarının tətbiqi ilə elektron idarəetmənin səmərəliliyinin artırılması metodları və alqoritmlərinin işlənilməsi”, “E-sosiotexnoloji mühitlərdə Big Data resurslarının menecmenti, e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi”, “Böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanması üçün klasterləşdirmə alqoritmlərinin işlənilməsi”, “Böyük həcmli məlumatların intellektual analizi üçün klasterləşdirmə alqoritmlərinin işlənilməsi”, eləcə də “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi”, “Natamam informasiya şəraitində texniki sistemlərin intellektual idarə edilməsinin metod və alqoritmlərinin yaradılması”, “Maye dempferli rəqsvari sistemlərin hərəkətinin diskret modelinin qurulması” mövzuları üzrə tədqiqatların aparıldığını bildirdi. Cari ildə şöbədə 1 magistr və 1 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiə edildiyini diqqətə çatdırdı.

Alim bildirdi ki, hesabat ili ərzində şöbə əməkdaşları tərəfindən “Web of Science”, “Scopus” və digər elmi bazalarda (EBSCO, DBLP, ACM, Google Scholar və s.) indeksləşən jurnallara, həmçinin respublika və digər ölkələrin (Rusiya, Ukrayna, Belarus və s.) AAK-nın siyahısında olan məcmuələrə 16 məqalə təqdim olunmuşdur.

Beynəlxalq elmi əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən şöbə müdiri Avstraliya Federasiya Universiteti və Melburn Kral Texnologiya İnstitutu ilə əməkdaşlıq əlaqələrinin davam etdirildiyini söylədi. Qeyd etdi ki, bu elmi qurumun alimləri ilə birgə elmi araşdırmalar aparılır, əməkdaşlığın nəticəsi olaraq məqalələr hazırlanır.

Alim şöbə əməkdaşlarının elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirakı haqqında danışdı. Rəhbərlik etdiyi şöbənin elmmetrik göstəricilərini diqqətə çatdıraraq, əməkdaşların əsərlərinə cari ildə 572, son 5 ildə 3151, ümumilikdə isə 5122 istinad olunduğunu nəzərə çatdırdı.

Həmçinin bildirildi ki, institutun iki alimi – AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev və şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevin adları ABŞ-ın Stenford Universiteti tərəfindən hazırlanmış dünyanın ən nüfuzlu (ilk 2%) alimlərinin siyahısına daxil edilmişdir ki, bu da institutun, o cümlədən şöbənin cari ildə əldə etdiyi mühüm nailiyyətlərdəndir.

Hesabat ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

AMEA-nın vitse-prezidenti, İnstitutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, şöbənin elmi fəaliyyətini yüksək qiymətləndirdiyini bildirdi. Şöbədə xüsusilə gənc alimlərin aktual problemlər üzrə apardıqları elmi tədqiqatların daha da dərinləşdirilməsinin zəruriliyini qeyd etdi.

Elmi şuranın qərarı ilə şöbənin illik hesabatı təsdiq olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.