AMEA İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin 2021-ci il üzrə hesabatı təqdim olundu.
Hesabatı təqdim edən şöbə müdiri Anar Səmidov cari ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri, elmi-innovasiya fəaliyyəti, tanınmış elmi jurnallarda məqalələrin nəşri, şöbədə keçirilmiş elmi seminar və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.
O, bildirdi ki, “İnformasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi” və “İntellektual elektron dövlətin formalaşması və inkişafı problemləri” istiqamətində “İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi üzrə işlər aparılıb və bu sahə üzrə bir neçə məqalə xarici jurnallara göndərilib.
Daha sonra “Coğrafi informasiya sistemləri (GİS) tətbiq sahələri və inkişaf perspektivləri” və “Süni intellekt texnologiyalarına əsaslanan jurnalistikada: problemlər və perspektivlər” mövzuları haqqında danışaraq bildirdi ki, bu istiqamətlər üzrə tədqiqatlar aparılaraq, tezis və məqalə şəklində öz əksini tapıb.
Bundan əlavə, Anar Səmidov İnfoTv-nin fəaliyyətindən söhbət açaraq onların müxtəlif videomateriallar hazırladıqlarını söylədi. Müxtəlif təyinatlı kitabçaların və kitabların, elektron nəşrlərin hazırlanmasından söz açan şöbə müdiri bildirdi ki, şöbə əməkdaşı tərəfindən institutda hazırlanan kitaba rəy verilmişdir.
Şöbə KİV-də ““Ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin reallaşdırılmasında GIS texnologiyalarının tətbiqi zəruridir” və “Azərbaycanın işğaldan azad edilmiş əraziləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında sürətlə bərpa edilir” mözvularında çıxış etmişdir.
Hesabatda, həmçinin şöbənin praktiki işləri olan fəxri fərman, diplom, kitab, jurnal və s. çapı haqqında da ətraflı məlumat verildi.
Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik hesabatı üzrə bir sıra təklif və tövsiyələrini səsləndirdi, şöbədə aparılan elmi-tədqiqatların nəticələrinin nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr olunmasının vacibliyini vurğuladı. Sonda təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin 2021-ci il üçün illik hesabatı Elmi şuranın qərarı ilə təsdiq olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.