Struktur bölmələrin illik hesabat iclaslarına start verildi

16 Noyabr 2021 - 11:56 | Konfranslar, İclaslar
Struktur bölmələrin illik hesabat iclaslarına start verildi

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının bu qurumun struktur bölmələrinin illik hesabatlarına həsr olunmuş iclaslarına start verildi.

Onlayn formatda keçiriləcək iclaslarda 2021-ci ildə elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. ilə bağlı hər bir şöbələrdə həyata keçirilən tədbirlər haqqında məlumatlar veriləcək.  

Hesabat iclaslarının keçirilməsi barədə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev  bildirdi ki, əsas məqsəd şöbələrin illik fəaliyyətini qiymətləndirmək, struktur bölmələrdə həyata keçirilən elmi və innovativ işlərlə tanış olmaq, o cümlədən qarşıda duran vəzifə və prioritetləri müəyyənləşdirməkdir. 

R.Əliquliyev şöbələrin işinin daha səmərəli təşkili, elmi fəaliyyətin gücləndirilməsi və görülən işlərin keyfiyyətinin artırılması baxımından bu iclasların keçirilməsinin xüsusi önəmini qeyd etdi. Prioritet elmi problemlərin araşdırılması, əldə olunan mühüm elmi nəticələrin dünyanın nüfuzlu nəşrlərində çap edilməsi, mütəmadi olaraq aktual məsələlərə həsr olunmuş şöbədaxili seminarların keçirilməsinin vacibliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.