Şəbəkələşmiş cəmiyyətin kiber sosio-texnoloji problemləri araşdırılıb

16 Noyabr 2021 - 11:28 | Konfranslar, İclaslar
Şəbəkələşmiş cəmiyyətin kiber sosio-texnoloji problemləri araşdırılıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Könül Daşdəmirovanın elmi-tədqiqat işi NATO-nun dəstəyi ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransda təqdim olunub.

“Şəbəkələşmiş cəmiyyətin kiber sosio-texnoloji problemləri və onların analizi” adlı məruzəyə dair çıxış edən K.Daşdəmirova XX əsrin ikinci yarısından etibarən fiziki, rəqəmsal və bioloji sahələr arasındakı sərhədləri aradan qaldıran texnologiyaların birləşməsi ilə xarakterizə olunan Dördüncü Sənaye İnqilabına keçidin başlandığını bildirib. Qeyd edib ki, 2011-ci ildə Hannoverdə sənaye sərgisində Almaniya hökuməti istehsalatda informasiya texnologiyalarının daha geniş tətbiqinin zəruriliyini önə çəkmişdir. Bunun üçün xüsusi olaraq yaradılmış rəsmilər və peşəkarlar qrupu ölkənin istehsal müəssisələrinin “ağıllı” müəssisələrə çevrilməsi strategiyasını işləyib hazırlamışdır. Yeni texnologiyalara fəal yiyələnən digər ölkələr də bu nümunədən istifadə etməyə başlamışdır.

“Miqyasına, həcminə və mürəkkəbliyinə görə Dördüncü Sənaye İnqilabının və ya Sənaye 4.0-ın bəşəriyyətin əvvəlki təcrübələrində analoqu mövcud deyil. Təsirin miqyası və dəyişikliklərin baş vermə sürəti dünyanı bəşər tarixində digər sənaye inqilablarından daha çox transformasiya edir. Süni intellekt, robotizasiya, avtomobil robotlar, üçölçülü çap, nanotexnologiya, biotexnologiya və s. kimi yeni texnologiyalar cəmiyyəti əsaslı şəkildə dəyişir”, – deyə məruzəçi bildirib.

Onun sözlərinə görə, tədqiqat işində sənaye inqilablarının təkamül tarixi təhlil olunmuş, Cəmiyyət 1.0 və Cəmiyyət 2.0-ın aqrar cəmiyyətin yaradılması ilə bağlı olması, Cəmiyyət 3.0-ın sənaye inqilabı nəticəsində formalaşması, Cəmiyyət 4.0-da informasiya cəmiyyətinin qurulması araşdırılmışdır. Artıq bəzi ölkələrdə rəqəmsal texnologiyaların həyatımızın bütün sahələrinə nüfuz etməsini nəzərdə tutan Cəmiyyət 5.0 və ya superintellektual cəmiyyətin qurulması prosesinin başlandığı önə çəkilmişdir. Cəmiyyət 5.0 informasiya cəmiyyətinin texnoloji inkişafının növbəti pilləsidir və Sənaye 4.0 strategiyası başlanğıc mərhələ kimi tədqiq edilir.

K.Daşdəmirova, həmçinin cəmiyyətin texnoloji və sosial inkişafına əsaslı təsir göstərən rəqəmsal texnologiyaların mövcud vəziyyətinin təhlil olunduğunu, insanlara cihazların implantasiya edilməsi, insanların rəqəmsal dünyada mövcudluğu, İnternetə qoşulmuş geyimlər, smartfon və planşetlər, “ağıllı” sensorlar, “ağlllı” ev, “ağıllı” şəhər, böyük həcmli məlumatlar, sürücüsüz avtomobillər, robototexnika, 3D-çap və 3D-istehsal kimi sahələrin analiz edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, tədqiqat işində şəbəkələşmiş cəmiyyətin İnternet sosio-texnoloji problemləri araşdırılmış, Sənaye 4.0-ın şəbəkələşmiş cəmiyyətin həyatına gətirdiyi çoxsaylı yeniliklərin bir çox problemlərin kəskinləşməsinə səbəb olacağı göstərilmişdir.

Elmi tədqiqatçı şəbəkələşmiş cəmiyyətin Sənaye 4.0-ın çağrışlarına daha asan uyğunlaşması, onun təhlükəsizliyinin təmin olunması, urbanizasiyanın qarşısının alınması və s. üçün kompleks tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb. Dördüncü Sənaye İnqilabının ölkələr arasında da rol bölgüsünə təsir edəcəyini, bu səbəbdən iqtisadiyyat, tibb, təhsil, kənd təsərrüfatı və s. kimi sahələrin modernləşdirilməsinin dövlətlərin davamlı inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, yeni texnologiyaların insan müdaxiləsi olmadan çalışacağı nəzərə alınaraq, məşğulluq və işsizliyin tənzimlənməsi dövlətlərin prioritet istiqamətlərindən biri olmalı, İKT sahəsində peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirilməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.