Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının iclası keçirilib

06 Noyabr 2021 - 10:26 | Konfranslar, İclaslar

Azərbaycan  Respublikası  Elmi  Tədqiqatların  Əlaqələndirilməsi  Şurasının (ETƏŞ) Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının növbəti iclası keçirilib. Onlayn tədbirdə Problem şurasının üzvləri, elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik Rasim Əliquliyev çıxış edərək gündəlikdə duran məsələləri diqqətə çatdırıb, tədbirin respublikanın müxtəlif ali məktəbləri, elmi tədqiqat müəssisələri, eyni zamanda AMEA-nın institut və təşkilatlarından daxil olmuş elmlər və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi məsələlərinə həsr olunduğunu deyib.

Sonra Problem şurasının sədri R.Əliquliyev 24 elmlər və 44 fəlsəfə doktoru hazırlığı üzrə daxil olmuş dissertasiya mövzularını təqdim edib.

Hər bir mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iddiaçılar problem şurası üzvlərinin suallarını cavablandırıblar.

Sonda dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.