AMEA-nın İdarəetmə Sistemləri İnstitutu (İSİ), Azərbaycan Texniki Universiteti, Polşanın Sileziya Texnoloji Universiteti və Gürcüstanın Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Şərq-Qərb Nəqliyyat Dəhlizində logistika, idarəetmə və əməliyyat problemləri” adlı beynəlxalq konfrans keçirilib. Hibrid formatda keçirilən beynəlxalq konfransda Azərbaycanın, o cümlədən Polşa, Almaniya, Rusiya, ABŞ, Ukrayna, Rumıniya, Litva, Gürcüstan, Bolqarıstan, Belarus, Qazaxıstan və s. ölkələrin alim və mütəxəssisləri iştirak ediblər.
Konfransı giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov tədbir iştirakçılarını salamlayaraq tədbirin gündəliyi haqqında məlumat verib. Konfransın keçirilməsinin əhəmiyyətinə toxunan Ə.Abbasov qeyd edib ki, Şərq-Qərb nəqliyyat dəhlizi keçmiş İpək Yolunun ayrılmaz hissəsi olub, regional iqtisadi əməkdaşlıq üçün yeni mexanizmlərin inkişafını tələb edən təşəbbüsdür. Bu dəhliz üzv ölkələr arasında iqtisadi inkişafı, mədəni mübadiləni və kommunikasiyanı gücləndirir. Məhz nəqliyyat dəhlizinin mərkəzi ölkələrdən biri kimi respublikamızda böyük addımlar atılıb, dövlət səviyyəsində müxtəlif layihələr həyata keçirilib. Akademik “Bir kəmər, bir yol” təşəbbüsünün irəli sürülməsi ilə Şərq-Qərb Nəqliyyat Dəhlizinin təşkilati, iqtisadi, coğrafi istiqamətlərdə inkişaf etdirildiyini və eyni zamanda yeni bir dəhlizin – rəqəmsal kommunikasiya əlaqələrinin yarandığını vurğulayıb.
Nəqliyyat dəhlizlərinin çoxaldıqca müəyyən problemlərin ortaya çıxdığını deyən Əli Abbasov bildirib ki, onlara elmi cəhətdən yanaşaraq həlli yollarını axtarmaq zərurəti yaranır. O qeyd edib ki, konfransın əsas məqsədi nəqliyyat dəhlizləri üzərində olan logistika, istismar, idarəetmə istiqamətlərində ortaya çıxan problemlərin həlli yollarının tapılmasıdır.
Sonra çıxış edən AR Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov vurğulayıb ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və bu əlverişli mövqedən yararlanaraq tranzit potensialının inkişaf etdirilməsi bölgənin nəqliyyat siyasətinin əsas prioritetlərindəndir. R.Hümmətov nəqliyyat infrastrukturundan bəhs edərək, ölkəmiz tərəfindən həyata keçirilmiş layihələrdən söz açıb. O, yaxın illərdə layihələr üzrə nəzərdə tutulan hədəflərə nail olunacağına əminliyini ifadə edib, həmçinin Şərq-Qərb dəhlizinin potensialından istifadə ilə bağlı statistik göstəricilər, digər ölkələrlə əməkdaşlıq, qeyri-fiziki maneələr, mövcud tariflər, rəqabət kimi problemlərdən danışıb, konfransın bu problemlərin həllinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonra AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək, AMEA rəhbərliyi, Rəyasət Heyəti aparatı, Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi adından beynəlxalq konfransın iştirakçılarını salamlayıb.
Alim bildirib ki, Şərq-Qərb nəqliyyat dəhlizində logistika və idarəetmə məsələləri ilk baxışdan akademik problem kimi deyil, müəyyən sahə problemlərinin tədqiqat obyekti kimi görünür. Lakin dünyada gedən proseslər, IV sənaye inqilabı, müasir çağırışlar, digər tərəfdən son zamanlar bütün ölkələrdə, o cümlədən Azərbaycanda geosiyasi nöqteyi-nəzərdən yaranmış reallıqlar nəqliyyat infrastrukturu məsələlərinə akademik səviyyədə yanaşmağı tələb edir.
Akademik R.Əliquliyev mürəkkəb sosial-texnoloji mexanizm olan nəqliyyat infrastrukturunun problemlərinin müzakirəsi və həlli yollarının axtarışına həsr olunmuş beynəlxalq konfransın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə İdarəetmə Sistemləri İnstitutu, eləcə də ölkənin ali təhsil müəssisələri və digər ölkələrin müvafiq sahə üzrə aparıcı universitetlərinin bu işə cəlb olunmasının təqdirəlayiq hal olduğunu vurğulayıb.
“Qeyd etmək lazımdır ki, burada ənənəvi nəqliyyat infrastrukturundan deyil, “ağıllı şəhər”in ayrılmaz tərkib hissəsi olan “ağıllı” nəqliyyat sistemindən söhbət gedir. “Ağıllı şəhər” layihəsi çərçivəsində bütün sferaların intellektuallaşdırılması prosesi getdiyi kimi, nəqliyyat infrastrukturu da yüksək səviyyədə inkişaf etməkdədir. Bu baxımdan nəqliyyat infrastrukturu ilə əlaqədar yaranan bir sıra mühüm problemlərin həllinə elmi dəstək verilməli, bunun üçün AMEA-nın, Azərbaycanın alim və mütəxəssislərinin mövcud elmi potensialı səfərbər edilməlidir”, – deyə akademik bildirib.
Alim AMEA Rəyasət Heyəti aparatı, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin iclaslarında bu kimi konseptual məsələlərin müzakirəsi və mövcud problemlərin həlli yollarının axtarılmasının mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ölkədə yaranmış yeni reallıqlar, müasir çağırışlar və konfransda ortaya çıxan ideyaların əsas götürülərək, təkliflərin işlənib hazırlanması, AMEA rəhbərliyi və müvafiq dövlət qurumlarına təqdim olunması məqsədəuyğundur. Ölkənin nəqliyyat infrastrukturunun yaxın gələcəkdə inkişafı ilə bağlı milli konsepsiyanın işlənilməsinə ehtiyac vardır. AMEA müvafiq istiqamətlərdə istənilən əməkdaşlığa hazırdır.
Akademik, həmçinin müasir tələblərə uyğun nəqliyyat infrastrukturunun yaradılmasından, ölkədə bu istiqamətdə görülən işlərdən, Qarabağda aparılan yenidənqurma layihələrindən söz açıb. Alim tarixi torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zəngəzur dəhlizinin yaradılmasına xüsusi diqqət ayırdığını bildirib və bu dəhlizin inkişafı üçün qonşu ölkələrlə əməkdaşlığın gücləndirilməsinin önəmini vurğulayıb.
AMEA-nın vitse-prezidenti nəqliyyat infrastrukturu ilə bağlı problemlərin Azərbaycan cəmiyyəti, eləcə də beynəlxalq ictimaiyyət qarşısında aktuallaşdırdıqlarına görə təşkilatçılara minnətdarlığını bildirib, alim və mütəxəssisləri müvafiq istiqamətdə əməkdaşlığa çağırıb, konfransın işinə uğurlar arzulayıb.
Daha sonra AR Milli Məclisinin Təbii Resurslar, Enerji və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov çıxış edərək konfransın Azərbaycanda Şərq-Qərb dəhlizinin gələcək inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. S.Qurbanov Şərq-Qərb nəqliyyat dəhlizinin üstünlükləri və ekoloji aspektlərinə toxunub. Vurğulayıb ki, IV Sənaye İnqilabının imkanları nəzərə almaqla, rəqəmsal texnologiya və rəqəmsal iqtisadiyyatın tətbiqi ümumilikdə dünya ekologiyasına bir töhfə kimi bu problemlərin həllində geniş istifadə oluna bilər.
Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev çıxış edərək konfrans iştirakçılarının toxunduğu məsələlərə bir daha diqqət yetirib. 26 oktyabr 2021-ci il tarixində Füzuli Beynəlxalq Hava Limanının açılmasından bəhs edərək Qarabağ zəfərindən sonra bölgədə nəqliyyat-logistika istiqamətində yaranan yeni mühitin əhəmiyyətinə toxunub. V.Vəliyev, həmçinin Azərbaycan Texniki Universitetində bu istiqamətdə görülən işlər, Nəqliyyat-Logistika fakültəsinin fəaliyyəti, elmi-tədqiqat proqramları və müxtəlif dövlət qurumları ilə əməkdaşlıqlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sileziya Texnologiya Universitetinin professoru Aleksandr Sladkovski çıxış edərək bildirib ki, məruzəçilərin toxunduğu elmi problemlər təkcə Azərbaycanı deyil, bütün dünya ölkələrini narahat edən məsələlərdir. Xüsusən də, hazırda koronavirus pandemiyası ilə əlaqədar yaranan mürəkkəb şəraitin dünya iqtisadiyyatına mənfi təsir göstərdiyini qeyd edərək son iki ildə əsasən də nəqliyyat sektorunda, məhsulların daşınması və çatdırılmasında ciddi problemlərin yaşandığını bildirib.
Sonra ABŞ Beynəlxalq Elektrik və Elektronika Mühəndisləri İnstitutunun professoru Abzətdin Adamov çıxış edərək bildirib ki, aerokosmik avadanlıqların hazırlanması fəaliyyət göstərdiyi institutun əsas istiqamətlərindən hesab olunur. Təmsil etdiyi qurumda texnologiya sahəsində görülən işlər, post-pandemiya dövründə qarşıda duran vəzifələr, əməkdaşlıqlar barədə ətraflı məlumat verib. Müasir dövrdə, xüsusən də pandemiya şəraitində texnologiyanın əhəmiyyətinə toxunaraq onun ən əsas ünsiyyət vasitələrindən biri olduğunu söyləyib.
Konfrans öz işini plenar iclasla davam etdirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.