Dekabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikasının Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan alimlərinin I Qurultayı keçiriləcək. Bununla əlaqədar, AMEA Rəyasət Heyətində Azərbaycan alimlərinin I Qurultayının təşkili və hazırlıq işlərinin vəziyyətinə həsr olunmuş geniş müşavirə keçirilib.
Qurultayın təşkili üzrə İşçi qrupunun iştirakı ilə keçirilən müşavirədə çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev qurultayın ümumxalq səviyyədə əhəmiyyətindən, onun Azərbaycan elmi və ictimai həyatındakı yerindən danışıb. Qeyd edib ki, Azərbaycan alimlərinin qarşısında dayanan bir sıra vəzifələri müzakirə edib müvafiq qərar qəbul etmək, elmimizi beynəlxalq tələblərə uyğunlaşdırmaq, milli vəzifə və prioritetləri müəyyənləşdirmək, həmçinin Azərbaycan alimlərinin koordinasiyasını təmin etmək baxımından qurultayın keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Daha sonra müşavirə Azərbaycan alimlərinin I Qurultayına dair Tədbirlər planının müzakirəsi ilə davam etdirilib. Tədbirlər planında nəzərdə tutulmuş təşkilati, texniki, logistik və digər məsələlər geniş şəkildə təhlil olunub və bunlarla bağlı müvafiq işlərin görülməsi qərara alınıb.
İşçi qrupunun səmərəli müzakirəsi şəraitində keçən müşavirədə qurultayın təşkili və keçirilməsindən irəli gələn zəruri tədbirlərin icra vəziyyəti qiymətləndirilib, həmçinin müzakirə zamanı meydana çıxan yeni fikirlərin də Tədbirlər planında öz əksini tapması vacib hesab edilib.
Sonda Azərbaycan alimlərinin I Qurultayının təşkili və hazırlıq işlərinin vəziyyətini dəyərləndirən akademik Rasim Əliquliyev tədbirə hazırlıq səviyyəsinin qənaətbəxş olduğunu qeyd edib və yeni tapşırıqların icrası ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi zərurətini diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.